Sual: Dua etmək üçün müəyyən bir vaxt varmı?
Cavab: İslam dininə görə, dua etmək üçün mütləq şəkildə tabe olunmalı xüsusi bir vaxt və ya məkan yoxdur. Belə olan halda hər yerdə və hər vaxt dua edilə bilər. Uca Allah Rum surəsinin 17-18-ci ayələrində: “Elə isə axşam-səhər (axşama yetişəndə, səhərə çıxanda) Allahı təqdis edib şəninə təriflər deyin! Göylərdə və yerdə həmd (şükür və tərif) yalnız Ona məxsusdur. Gün batanda da (günün sonuna yetişəndə də), gündüz də Onu təqdis edib şəninə təriflər deyin!” – buyuraraq ibadət və duanın gün ərzində edilməsinin əhəmiyyətini vurğulamışdır. Bununla yanaşı, Qurani-Kərim və hədisi-şəriflərdən aydın olur ki, təhəccüd vaxtında, yəni obaşdan edilən dualar daha çox məqbuldur (bax. Tirmizi, Dəavat, 80). Məsələn, Ali-İmran surəsinin 16-17-ci ayələrində cənnətliklərə belə müjdə verilir: “O bəndələr ki: “Ey Rəbbimiz, biz həqiqətən Sənə iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!” – deyirlər. Onlar (müsibətlərə) səbir edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və səhur vaxtı (obaşdan) Allahdan bağışlanmaq diləyənlərdir”. Zariyat surəsinin 16-17-ci ayələrində isə belə buyurulur: “Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər. Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar”. Bundan əlavə, Ramazan gecələrində, Ərəfat vəqfəsində, təhəccüddə, azan və iqamə oxunan vaxtlarda, fərz namazların axırında edilən duaların qəbul ediləcəyi müxtəlif hədisi-şəriflərdə vurğulanmışdır (bax. Müslim, Səlatül-müsafirin, 166; Tirmizi, Dəavat, 80, 139; İbn Macə, Siyam, 48).