DÜNYA BİR GÜNDÜR

0

Ömür Allahın insana təyin etdiyi müddət qədərdir. Təyin olunan vaxt tamamlandıqda insan bir an belə olsun artıq yaşaya bilməz (Münafiqun, 63/11). İnsan istəsə də istəməsə də günlər gəlib keçməkdədir. Ağıllı insan Allahın onun üçün təyin etdiyi vaxtın tələblərini yerinə yetirən, ömrün hər keçən gününü öz lehinə çevirməyi bacaran insandır. Uca Allah Qurani-Kərimin bir neçə ayəsində dünyanın faniliyinə diqqət çəkmiş (Rəhman, 55/26) və əsas yurdun axirət yurdu olduğunu buyurmuşdur. (Ənkəbut, 29/64). İnanc sahibi bir insan üçün Uca Allahın bu bəyanları önəmli işarələrdir. Belə ki, bu ayələr üzərində təfəkkür edən hər bir insan dünyanın faniliyini idrak edər və keçici bir müddət olan bu ömrü yalnız axirəti qazanmağa həsr edər. Rəsulullah (s.ə.s) də vaxtın insanlar tərəfindən qədri bilinməyən iki əsas nemətdən biri olduğuna diqqət çəkmiş (Buxari, Riqaq, 1) və insana dünyada qərib bir yolçu kimi olmasını tövsiyə etmişdir. (Buxari, Riqaq, 3).

Böyük tabiun alimlərindən Həsən əl-Bəsri ömrün çox qısa bir zaman müddətindən ibarət olduğuna diqqət çəkərək dünyanın sadəcə üç gün olduğunu vurğulamışdır. Dünən, bu gün və sabah. O insanlara nəsihət edərək belə demişdir: “Dünən artıq geridə qalmışdır. Sabaha çıxacağımız isə məlum deyil. Elə isə bu günün qədrini bilin!” (İbn Əbid-Dünya, “Zöhd”, s. 197). Bu baxımdan insan keçən hər anın öz lehinə keçməsinə səy göstərməli, axirəti üçün tədarük görməlidir. (Bəqərə, 2/197). Çünki keçən hər an bir daha geri qayıtmır. “Əldən qaçırılan fürsət ölümdən daha betərdir. Çünki qaçırılan fürsət insanı Allahdan, ölüm isə insanı məxluqatdan ayırar”. İmam Qətadə Allahın insana bəxş etdiyi ömrün insana qarşı dəlil olduğunu vurğulamış və uzun ömür yaşayıb axirətdə etdiklərinə görə qınanmaqdan Allaha sığınmışdır. Axirətə əli boş olaraq köçmək insan üçün peşmançılıq səbəbidir. Belə insanlar orada fəryad qopararaq: Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəlllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək” – deyərək yalvarsalar da, Onlara: “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdir. Elə isə dadın əzabı! Zalımlara kömək edən olmaz” – deyiləcəkdir. (Fatir, 35/37)

Nəticə olaraq hər bir insan verdiyi bir nəfəsi belə geri qaytarmaq gücünə sahib olmadığını idrak etməli və keçmişindən nəticə çıxararaq gələcəyini bu gündən inşa etməlidir. Çünki dünya bir gündür. O da bu gündür.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb

Şəhidlər xiyabanında 20 yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım mərasiminin hazırlıq işlərinə başlanılıb. Ərazidə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH)...

Bağla