İntihar insanın öz iradəsi ilə ölümü seçməsi və nəticəsini bilərək özünü öldürməsi deməkdir. Son illərdə bütün dünyada insanlar arasında intihar etmə hadisələrinin çoxaldığı bilinən bir məsələdir. İntihar etmək insanın psixologiyası və iradəsinin zəifliyi ilə bağlıdır. İslam dininin insanların iradələrini gücləndirmək və bu kimi mənfi hallara meyl etməmələri üçün müəyyən əmr və tövsiyələri vardır. Bunların ən əsası da insanın Allah ilə bərabərliyini artırmasıdır. İslama görə insanın Allahın ona əmanət olaraq verdiyi canına qəsd etmə haqqı yoxdur. Əziyyət və şiddətli ağrılar çəkən insanlara belə intihar etməyə icazə verilmir. Qurani-kərimdə keçən bir neçə ayədə canın dəyərli bir cövhər olduğuna və istər insanın öz canı, istərsə də başqalarının canı olsun onun qorunmasına işarə edilir. Uca Allah belə buyurur:
“Ey iman gətirənlər! …. özünüzü (bir-birinizi) öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir. Kim düşmənçiliklə və zalımcasına bunu edərsə, Biz onu cəhənnəm oduna atacağıq. Bu, Allah üçün çox asandır“. (Nisa, 4/29-30).
Digər bir ayədə isə belə buyrulur: “… Öz əllərinizlə özünüzü təhlükəyə atmayın!” (Bəqərə, 2/195).
Hədis mənbələrinə nəzər saldığımız zaman Rəsulullahın (s.ə.s) açıq ifadələrlə intihar etməyin böyük bir günah olduğunu ifadə etdiyi və bu əməli işləyən insanın axirətini təhlükəyə atdığı bildirilməkdədir. Allah Rəsulu (s.ə.s) belə buyurur:
“Kim özünü bir dəmir parçası ilə öldürərsə, o dəmir parçası onun əlində qarnına soxulmuş halda cəhənnəm odunda əbədi olaraq qalacaqdır. Kim özünü zəhər içərək öldürərsə, o kimsə cəhənnəm odunun içində əbədi qalaraq zəhər içəcəkdir. Kim özünü bir dağdan ataraq öldürərsə, o da cəhənnəm odunun içində əbədi olaraq yüksəkdən atılacaqdır“. (Müslim, İman, 109).
“Kim hər hansı bir şeylə özünü öldürərsə, qiyamət günü həmin o əşya ilə əzab olunar“. (Müslim, İman, 110).
“(Sizdən əvvəlki ümmətlərdə) yaralı bir insan vardı. O intihar etmiş və Uca Allah belə buyurmuşdur: “Qulum özünü öldürərək tələsdi. Belə etməklə o özünə cənnəti haram etdi“. (Buxari, Cənaiz, 83).
Bir hədisi-şərifdə müsəlmanların arasında cihada qatılan Kuzman adlı bir səhabənin savaşda böyük qəhrəmanlıqlar göstərməsinə və yaralanmasına baxmayaraq, yaralandıqdan sonra qılıncıyla özünü öldürdüyü üçün Rəsulullah (s.ə.s) onun cəhənnəmlik olduğunu buyurmuşdur. (Buxari, Cihad, 77). Hətta Rəsulullah (s.ə.s) intihara qarşı öz sərt reaksiyasını bildirmək üçün özünü öldürən bir insanın cənazə namazını qıldırmamışdır. (Müslim, Cənaiz, 107). İmam Nəvəvi bu hədisin şərhində Ömər ibn Əbdüləziz və Övzai kimi alimlərin intihar edən kimsənin cənazə namazının qılınmayacağı görüşündə olduqlarını qeyd etmişdir. Həsən əl-Bəsri, Nəxai, Qətadə, İmam Malik, Əbu Hənifə, İmam Şafii və bir çox islam alimləri isə intihar edən kimsənin cənazə namazının qılınacağını söyləmişlər. Bu alimlər Rəsulullahın (s.ə.s) intihar edən kimsənin cənazə namazını qılmamasının səbəbini insanları bu əməldən uzaqlaşdırmaq məqsədi ilə olduğunu irəli sürmüş və Allah Rəsulu (s.ə.s) özü qıldırmasa da səhabələrin intihar edən kimsənin cənazə namazını qıldırdıqlarını dəlil olaraq irəli sürmüşlər. (Nəvəvi, əl-Minhac, VII, 47).
Nəticə olaraq, intihar etmək böyük günahlardan sayılır. Lakin intihar edən şəxs bu əməli ilə İslamdan çıxmış olmaz. Onun bağışlanması axirətdə Allaha qalmışdır. Allah istəyərsə onu bağışlayar istəyərsə ona əzab verər. İntihar edən kimsənin yaxınları Allahın onu bağışlaması üçün dua və istiğfar etmələri lazımdır.
f.f.d. Səfa Muradov