“Kriştianu Ronaldunun, Lionel Messinin sirlərini araşdırmışam. Hər ikisinin müəlliminə pul vermişəm ki, mənə onların mental gücünü öyrətsinlər. Maykl Cordanın 20 illik müəlliminə yaddaş texnikasını öyrətmişəm, o isə mənə dünyaca məşhur tələbəsinin sirlərini deyib”.
Bu fikirləri Oxu.Az-a müsahibəsində dünya yaddaş çempionu, dünya rekordçusu və müxtəlif intellektual yarışların qalibi Orxan İbadov deyib.
O, müsahibəsində cəmiyyətdə birmənalı qarşılanmayacaq, cəsarətli fikirlər də səsləndirib:
“Qidanın yaddaşa təsiri ilə bağlı onu deyə bilərəm ki, mədəniz nə qədər böyükdürsə, başınız bir o qədər balacadır. İnsanın mədəsi böyüdükcə, beyninin funksiyaları zəifləyir. Yaddaşı gücləndirmək üçün əsas məsələ texnikadır.
Mənim ən yaxın dostum səhvlərimdir. Nə qədər çox səhv etsəm, o qədər sevinirəm. Çünki hər səhv sənə düz yolu göstərir. Yolun əvvəlində utanmaq, gülünc vəziyyətinə düşmək uğurun sirridir. Sizə lağ edən insanlar doğrusunu da bölüşür. Əvvəl-axır öyrənirik və gülünc vəziyyətinə düşdüyümüz mövzular unudulur”.
Dünya rekordçusu ilə söhbətimiz zamanı yaddaşı gücləndirmə texnikaları, qadın və kişi yaddaşının müqayisəli təhlili, yuxunun gücü, süni intellektlə insan beyninin fərqi və bir çox maraqlı mövzulardan danışdıq.