ELM BİZİ NƏYƏ YAXINLAŞDIRIR?

0

Hədisi-şərifdə buyurulduğu kimi:

“Hər kim dünyada elmini artırar, lakin zöhd və təq­vasını artırmazsa, o adam yalnız Allahdan uzaqlığını artırar”. (Süyuti, Camius-Sağir, II, 169)

İmam Qəzali həzrətləri də oğluna vəsiyyətində sanki bu hədisi şərh edir:

“Ey oğul, elmsiz əməl olmayacağı kimi, əməlsiz elm də sadəcə dəlilikdir. Onu bil ki, bu gün səni günahlardan uzaq­laşdırmayan və ibadətə yaxınlaşdırmayan elm sabah da cə­hənnəmdən uzaqlaşdıra bilməyəcək (və cənnətə yaxınlaşdırmayacaq)”.

Ömür kimi bir nemət olan elmin də lazımi yerə sərf edilməsi vacibdir. Buna əməl olunmazsa, israf sayılar. Həm­çinin faydasız elmin təkəbbür, eqoizm, mənəviyyatsızlıq və özünü bəyənmək kimi əks təsirləri insanı həlaka sürükləyər. Sələf alimlərindən Əbu Hazim belə demişdir:

“Allaha yaxınlaşdırmayan hər bir nemət və elm yalnız baş bəlasıdır”.

Elmdən, yəni əşya və dünyadakı ilahi qanunların öy­rə­nilməsindən məqsəd onlardan Allahın əzəmətinə və qüdrət təcəllilərinə yol tapa bilmək və “mərifətullah”dan, yəni qəl­bən Allahı tanıya bilməkdən nəsiblənməkdir.

Əgər elm neməti bu qayəyə xidmət edərsə, möminin imanını gücləndirər, həyatın əsl məqsədini idrak etmək yolunda faydalı olar.

Ona görə Allah-Təalanın ilk əmri “iman et, müsəlman ol, ibadət et, gözəl əxlaq sahibi ol” kimi əmrlərdən əvvəl

“ اِقْرَاْ Oxu!” olmuşdur.

Bunun mənası isə budur ki:

Öz varlığındakı hikmətləri oxu!

Cahandakı sirləri, yəni kainat kitabını səhifə-səhifə, qəlb gözü ilə oxu!

Qurani-Kərimdəki sirr, hikmət və həqiqətlərin dərin­lik­lərinə dalaraq oxu!

Məhz bu üçünü özündə cəm edə bilən insan dərhal səcdəyə qapanar. Bu təfəkkürü canlı tutduqca, sonsuz hə­qiqət sirlərinə güzgü olar, daima ilahi məhəbbətlə diri yaşayar.

“…Qəlblər yalnız Allahın zikri ilə aram tapar…” r-Rad, 28) ayəsinin təcəllilərinə məzhər olar.  

İstər göydəki günəş, istər təndirdə yanan od, istərsə də şam alovu… Bu alovlar ona cəhənnəmi və Haqqın qə­zəbindən uzaqlaşmağı, təqvanı xatırladar…

Bir bağça, bir çay və bülbül tərənnümləri ona cənnəti və oraya girmək üçün lazım olan əməlləri xatırladar. Şahid olduğu nemətlər şükrünü, oxuduğu qüdrət və əzəmət axışları isə Allah qorxusunu artırar.

Qurani-Kərim daima bizi bu mənada elmə, təfəkkürə, düşünüb ibrət almağa dəvət edir.

Quranda bütün elmlər var, amma əsas etibarı, hikmət və sirr tərəfi ilə…

Bu ilahi təcəllilər qarşısında hikmətə yönəlməyənlərə Allah-Təala belə deyir:

اَفَلَا يَتَدَبَّرُونَ الْقُرْاٰنَ اَمْ عَلٰى قُلُوبٍ اَقْفَالُهَا

“Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?”. (Muhamməd, 24) 

Quran bizə qəlblərin kilidini açacaq xəbərdarlıqlarla, mühasibəyə sövq edən suallarla elmin hikmət yönünü təlim edir.

OSMAN NURİ TOPBAŞ

KAİNAT, QURAN və İNSAN,  İPƏKYOLU NƏŞRİYYATI

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZAVALLI ATA

Bu həyatda elə çətin vəziyyətlərlə qarşı-qarşıya qalırıq ki, hansı cəbhədən mövqe bildirməyimizi unuduruq yavaş-yavaş. Bir yolda yüzlərlə fərqli istiqamət görünür...

Bağla