İslam dininin insanları daim oxumağa, araşdırmağa, təfəkkürə, dəvət etdiyi hər kəsə məlumdur. İlk əmri “Oxu!” olan bir dinin öz mənsublarından elmin arxasınca getməyi tələb etməsi qədər təbii bir şey yoxdur. Bunun üçün Qurana və hədislərə müraciət olunduqda elm öyrənmək və elmin arxasınca getməyə dair bir çox dəlil ilə qarşılaşırıq. Belə dəlillərdən birisi “Elm Çində belə olsa öyrənin” sözüdür. Bu söz insanlar arasında o qədər məşhurdur ki, elmə dair hər hansı bir söhbətin aparıldığı bir yerdə Həzrət Peyğəmbərin adından söylənən bir neçə hədisdən biri də elə bu söz olur. Bəs görəsən bu söz həqiqətən Həzrət Peyğəmbərə aiddirmi?!
Əsas hədis mənbələrinə müraciət etdiyimiz zaman bu sözün o mənbələrdə keçmədiyi məlum olur. Lakin bu sözün keçdiyi bəzi hədis mənbələri vardır ki, bu söz orada “Elm Çində belə olsa öyrənin. Elm öyrənmək hər bir müsəlmana vacibdir” – şəklində keçməkdədir. (Beyhəqi, Şuabul-iman, III, 193). Hədisin ikinci hissəsi İbn Macənin (273/887) əs-Sünən adlı əsərində də keçməkdə və səhih olaraq qəbul olunmaqdadır. (İbn Macə, Sünnə, 17) Lakin hədisin “Elm Çində belə olsa öyrənin” hissəsi haqqında ümumi olaraq hədis alimlərinin Peyğəmbər adına uydurulmuş bir söz olduğunu söylədiklərini görürük. Misal üçün məşhur hədis tənqidçilərindən olan Uqayli (322/933), İbnül-Cevzi (597/1200), Suyuti (911/1505) və İbnül-Ərraq (963/1555) kimi alimlərin əsərlərində bu sözün Həzrət Peyğəmbərə aid olmadığı və bu səbəblə də uydurma sayıldığını görmək mümkündür. Beyhəqi bu hədisi qeyd etdikdən sonra hədisin bir çox təriqlə nəql edilməsinə baxmayaraq hamısının zəif olduğunu açıqlamışdır. (Beyhəqi, əl-Mədxəl, s. 241)
Nəticə olaraq “Elm Çində belə olsa öyrənin” sözü hədis elmi baxımından hər nə qədər zəif və ya uydurma olaraq qəbul olunsa da məna baxımından Həzrət Peyğəmbərdən nəql edilən səhih hədislər ilə üst-üstə düşməkdədir. Lakin məna baxımından səhih olsa belə bu sözün Peyğəmbərin adından deyil, hikmətli bir söz olaraq söylənməsi daha doğrudur. Çünki Həzrət Peyğəmbər açıq şəkildə onun adından hədis uyduranların cəhənnəmlik olduğunu ifadə etmişdir. (İbn Macə, Sünnə, 4) Bu baxımdan hər bir müsəlman bu mövzuda həssaslıq göstərməlidir.
f.f.d. Səfa Muradov