EQO SAVAŞLARI

0

Adəm peyğəmbərin dövründən etibarən bitmək bilməyən savaşlar, fitnələr və münaqişələrin təməlində yatan sadə bir səbəb var. Səbəb sadə olsa da törətdiyi cinayətlər böyükdür. Bu səbəbin nə olduğunu başa düşmək üçün Qurandakı qissələrə baxmaq lazımdır. Məsələn, Adəm aleyhissəlamın iki oğlundan birisinin o birisini öldürməsi, Fironun zülmü, Yusuf peyğəmbərin öz doğma qardaşları tərəfindən quyuya atılması kimi bir sıra hadisənin baş verməsindəki ən böyük amil “eqo”dur. Eqo kəliməsi latın dilindən tərcümədə “mən”, “mən mərkəzlilik” mənalarına gəlir. Verdiyimiz misalları izah edək. Qabil və Habil arasında bir anlaşmazlıq başladı, nəticədə Qabil eqosunu üstün tutaraq Habili öldürdü. Eqosunu üstün tutaraq bu deməkdir; “mən daha güclüyəm”, “mən daha çox layiqəm”. İblisin Adəmin yaradılışı qarşısında səcdə etməməsi hadisəsində də “mən daha üstünəm” məntiqi yatırdı. Firon israil öğullarını öldürərkən “mən ən güclüyəm”, “mən tanrıyam” fəlsəfəsinə dayanırdı. Yaqub aleyhissəlamın oğullarının Yusufu quyuya atmaları “biz atamıza daha yaxınıq” prinsipinə dayanırdı. Muhamməd aleyhissəlam əfəndimizə iman gətirməyən, hətta ona və sahabələrinə əziyyət verən amansız müşriklərin içlərində “biz ağayıq”, “biz daha hörmətliyik” fikri var idi. Tarix boyunca baş verən savaşların ən təməl amili məhz eqonun şişirtilməsi məsələsidir. Eqonun şişirtilməsinin mənası qısaca olaraq, insanın öz nəfsini Allahın ona cizdiyi hüdudlar daxilində görməməsidir. Eqonun şişirtilməsi Allahın insan üçün qoyduğu qanunları çeynəyərək, qırmızı xətləri keçməsidir. İnsan Allahın yer özürindəki xəlifəsidir. Çox vaxt, insanlar nədənsə bu xəlifələk vəsfini təkçə özlərinə yaraşdırırlar. Başqalarının da xəlifə olaraq yaradıldığını unudurlar. İnsan həm də Allahın bəndəsi və quludur. Amma nə isə insan hər vaxt bu bəndəlik vəsfini başqalarına daha çox yaraşdırır və özünün Allah qarşısında gücsüz, zəif, unutqan, cahil, zülmkar bir bəndə olduğunu unudur. Müasir dövrümüzdə də eqo savaşları;

  • Həyəcanla oynanılan bir çox zərərli virtual oyunların inşa etdiyi şüur və zehin dünyası ilə,
  • Mal dövlətdən doymaq bilməyən və bütün dünyanı sanki qurtumlayıb içmək istəyən təcavüzkar zalimlərin zülmü ilə,
  • Tələbələrin başındakı bilikdən daha çox ciblərindəki pullarla maraqlanan qıt dünya görüşü ilə,
  • Xalqın problemlərini deyil, sadəcə öz mənfəətlərini düşünən məmurların qəhət vətənpərvərliyi ilə,
  • Xəstələrin dərtlərinə, iztirablarına çarə olmaq əvəzinə, onların ürəklərinə acı və kədər əkən həkimlərin “şəfalı əlləri” ilə,

və bir çox buna bənzər hal, hərəkət, davranış və düşüncələrlə davam etməkdədir. Eqo savaşlarını durdurmaq, yaxud yox etmək üçün hər kəsin İslamı yaşayaraq öz həddini bilməsi gərəkli olduğu kimi, həddini bilməyənlərə də ən münasib tərzdə həddini bildirmək də gərəklidir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ KAICIID-İN NÖVBƏTİ VEBİNAR İCLASINDA İŞTİRAK EDİB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 22-də KAICIID Beynəlxalq Dialoq Mərkəzinin növbəti vebinar iclasında iştirak edib. QMİ-nin...

Bağla