“ERMƏNİLƏR QİYASLI MƏSCİDİNİ DAĞIDIB, SADƏCƏ DİVARLARI QALIB”

0

“Qiyaslı məscidi də vandallığa məruz qalaraq demək olar ki, tamamilə dağıdılıb. Burada yalnız divarlar qalıb”.

Bunu Ağdama təşkil olunmuş media-tur çərçivəsində Qiyaslı məscidi ilə tanışlıq zamanı jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli deyib. Xidmət rəisi bildirib ki, 18-ci əsrə aid olan məscid işğal dövründə vandallığa məruz qalıb, məscidin yandırılması və dağıdılması barədə faktlar var. Onun sözlərinə görə, Qiyaslı kənd məscidi Ağdam rayonunun memarlığını özündə təcəssüm etdirən bir abidə kimi 2001-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 132 saylı qərarla reyestrə daxil edilib: “Mədəniyyət nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində də bu məlumatları qeydə almışıq. Monitoriq dövründə biz 1400-dən çox abidəni təftiş etdikdən sonra bu ərazidə də araşdırma aparılıb. Dağıdılan 135 tarixi mədəniyyət abidəsindən 75-i Ağdam rayonu ərazisindədir. Onların yarısı monitorinq zamanı tərəfimizdən təftiş edilərək müvafiq təhlillər aparılıb. Qiyaslı məscidi də vandallığa məruz qalaraq demək olar ki, tamamilə dağıdılıb. Burada yalnız divarlar qalıb. İşğal dövründə bura təyinatından tam fərqli olaraq anbar və heyvanların saxlanılması üçün yer kimi istifadə olunub. Burada ümumbəşəri dəyərlərə zidd əməllərə yol verilməklə bərabər, beynəlxalq hüquq sənədləri və normaları pozulub. Bu hərəkətlər xüsusilə də 1954-cü ildə Haaqada qəbul olunmuş mədəni sərvətlərin silahlı münaqişələr zamanı qorunması haqqında konvensiyasının maddələrinin kobud surətdə pozulması deməkdir”.

A.Cəfərli qeyd edib ki, artıq Ağdam şəhərinin infrastrukturu və şəhərsalma layihələri həyata keçirilir. Ölkə Prezidentinin Ağdam səfəri zamanı Qiyaslı məscidinin bərpasının da qeyd olunduğunu vurğulayan xidmət rəisi bildirib ki, Qiyaslı kənd məscidi də digər abidələr kimi bərpadan sonra yenidən öz ziyarətçilərinə açıq olacaq.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Ağdam şəhərinə təşkil olunmuş media-tur çərçivəsində jurnalistlər ötən gün Ağdam rayonu Qiyaslı kənd məscidinə baş çəkiblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ QARA DƏNİZDƏ YENİ QAZ YATAĞI AŞKARLAYIB

Türkiyə Qara dənizdə 135 milyard kubmetrdən çox qaz ehtiyatının olduğu yeni qaz yatağını aşkarlayıb. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib...

Bağla