“Fələstin problemi təşkilatımızın prioritet məsələsi olaraq qalmağa davam edir!” İslamveirfan.com xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Üseymin deyib. İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin iclasında çıxış edən baş katib, Fələstin xalqının tələblərini qarşılamayacaq heç bir addımı qəbul etməyəcəklərini vurğulayıb.
“Fələstin problemi təşkilatımızın prioritet məsələsi olaraq qalmağa davam edir! Problemin həlli, paytaxtı Şərqi Qüds olan suveren Fələstin dövlətinin yaradılmasıdır. Sülh, stabillik, təhlükəsizlik və ədalətin təmin edilməsini hədəfləyən, beynəlxalq qanunvericiliyin qərarları ilə Ərəb Sülh Təşəbbüsünün cəhdlərinə sadiq qaldığımızı təkrar edirəm.” – deyə əl-Üseymin çıxışında qeyd edib.
Baş katib, Fələstin probleminin həllində beynəlxalq hüququn üstünlüyünü qoruyan, regionda ədalətli və əhatəli sülhü təmin edən siyasi təşəbbüsləri dəstəklədiklərini açıqlayıb.