FAİZİN TİCARƏTDƏN FƏRQİ

0

İslam dini faizin halal bir qazanc yolu olmadığına, faizlə ticarətin bir-birindən fərqli olduğuna diqqət çəkmiş və beləliklə də, faizin, yəni sələmçiliyin haram, ticarətin isə halal olduğuna hökm vermişdir (Bax. “Bəqərə”, 2/275). Lakin bəzi insanlar ticarətlə faizin bir-birindən fərqi olmadığını və hər ikisində də qazancın eyni mahiyyətdə olduğunu iddia edirlər. Məhz burada faizlə ticarətin bir-birindən fərqli olduğu izah ediləcək və onlar arasındakı fərqlər barədə məlumat veriləcəkdir. Sözügedən məlumatlar nəticəsində həm faizin mahiyyəti, həm də haram buyurulmasının səbəbləri izah ediləcəkdir:

  1. Borc verilən pul həyata keçirilən əməyin məhsuludur. Çünki onun əldə edilməsi üçün əmək sərf edilmişdir. Lakin borc verənin verdiyi borcdan əlavə aldığı miqdarın hər hansı bir qarşılığı yoxdur və buna görə də əməksiz, yəni səbəbsiz və haqsız bir qazanc meydana gəlir.
  2. Faiz bir əşyanı və yaxud bir evi kirayə verənin aldığı kirayə haqqı kimi görülə bilməz. Çünki kirayə müqaviləsində kirəkeş tərəfindən istifadə edilən ev, obyekt və ya avadanlıq kirayə müddəti ərzində köhnəlir, lakin borc müqaviləsində borc verənin əmək sərf edərək yığdığı pul qoyulan müddətin sonunda olduğu kimi geri qaytarılır. Məhz bu səbəbdən faiz pulun kirayəsidir deyilə bilməz. Odur ki, faiz kirayə verilən bir əşyanın köhnəlməsi səbəbi ilə sahibinə verilən bir haqq olduğu iddiası qəbuledilməzdir. Çünki pul heç vaxt köhnəlmir. Təbii ki, pulun borclunun əlində devalvasiyaya məruz qalması isə tamamilə başqa bir məsələdir.
  3. Faiz bir əşyanın nağd satışı ilə nisyə satışı arasında olan qiymət fərqi kimi halal olan bir qazanc deyildir. Yəni nağd satışda müəyyən edilən qiymətin nisyə satışda daha bahalı olmasını əsas gətirərək faiz ilə nisyə satışdakı qiymət fərqinin eyni olduğunu demək düzgün deyil. Çünki hər hansı bir əşyanın, bir malın sabit bir qiyməti yoxdur. Qiymətlər bazara, müştəriyə və satıcıya görə dəyişir. Odur ki, bir malın nağd satışından əldə edilən qazancla, nisyə satışından əldə edilən qazanc arasında heç bir fərq yoxdur və hər ikisi də halaldır. Həmçinin nağd satılması şərti ilə valyuta satışından əldə edilən qazanc da halaldır. Lakin hər hansı bir ölkənin pul vahidini qazanc əlavə edilərək həmin eyni pul vahidi müqabilində nisyə satmaq faizdir və halal deyildir.
  4. Faizi borc olaraq verilən sərmayənin geri qaytarılmama riski və təhlükəsi müqabilində alınan bir əvəz kimi qiymətləndirib, səbəbsiz və haqsız bir qazanc olmadığını iddia etmək də məntiqli deyil. Çünki İslama görə, halal qazanc risk və təhlükə qarşılığında yox, əmək qarşılığındakı qazancdır.
  5. İstehsalat üçün nəzərdə tutulan cihazlar və avadanlıqlar kirayə verilərək istehsalat prosesində istifadə edilə bilər. Lakin kapitalist iqtisadiyyat sistemindən fərqli olaraq İslam iqtisadiyyatına görə, sərmayə istehsalat cihazı və avadanlığı kimi qəbul edilərək onun kirayə verilməsi düzgün hesab edilməmişdir. Belə ki, istehsalat üçün nəzərdə tutulan avadanlığın istifadəsi nəticəsində onlarda köhnəlmə baş verir. Lakin borc alınan pul vaxtı gəldikdə eynilə geri qaytarırılır və borc alanın istifadəsi nəticəsində onda hər hansı bir köhnəlmə baş vermir. Çünki borc müqaviləsinə əsasən borclu borcu geri qaytarma vaxtı gəldikdə aldığı pulu olduğu kimi sahibinə geri qaytarır.
  6. Faiz sərmayə sahibinin borc olaraq verdiyi sərmayədən bir müddət istifadə edə bilməməsi və bunun müqabilində borc alanın həmin pulla iş görərək qazanc əldə etməsinin qarşılığında alınan bir məbləğ, yaxud sərmayə sahibinə verilən bir mükafat olduğunu iddia etmək də düzgün deyil. Çünki məcburi şəkildə borc alanlar (kredit götürənlər) ehtiyaclarını aradan qaldırmaq və yaxud müalicə ola bilmək üçün borc aldıqda burada hər hansı bir qazancdan söhbət getmir və bu səbəbdən sözügedən anlayışı hər kəsə şamil etmək qeyri-mümkündür.

Nəticə etibarilə, İslam hüququna görə, insanın əməyinə söykənən qazanc halal, digərləri isə haram qazanclardır. Çünki halal qazancın çoxlu sayda yolları olsa da, buradakı əsas anlayış ortaya qoyulan və sərf edilən “əmək”dir. Məhz insanlar arasındakı “əmək haqqı” anlayışının əsası da buna söykənir.

İslam hüququna görə, “Mənfəət məqsədilə verilən hər bir borc faizdir”. Belə ki, borc kimi başqasına verilən pul, ya da bir əşya müqabilində borc verənin qarşı tərəfdən hər hansı bir mənfəət götürməsi düzgün hesab edilməmiş və qadağan edilmişdir. Bunun əsas səbəbi isə borc verənin borcludan alacağı həmin əlavə miqdar müqabilində hər hansı bir əməyin olmamasıdır. Odur ki, borc verənin qarşı tərəfdən borcunu aldıqdan sonra ayrıca bir əvəz almağı şərt qoşması “əməksiz, zəhmətsiz və səbəbsiz qazanc” hesab olunur. Sözügedən qarşılıqsız mənfəət borc verilən şəxsdən artıqlamasıyla almaq olduğu kimi, verdiyindən daha keyfiyyətlisini almaq da eyni şəkildədir və caiz deyildir.

Qeyd: Bu məqalə ilahiyyat üzrə elmlər doktoru, professor Nihat Dalqının “Gündemdeki Tartışmalı Dini Konular” kitabından istifadə edilərək hazırlanmışdır.

f.f.d Anar Qurbanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ KAICIID NƏZDINDƏ DİNİ LİDERLƏR ŞURASININ TƏSİSİNİ TƏKLİF ETDİ

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 9 iyun tarixində KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Tərəflər şurası və...

Bağla