Qeyd edək ki, Faizsiz maliyyə daha çox “Faizsiz Bankçılıq” (interest-free banking) kimi xarakterizə olunur. İlk dəfə olaraq da bu sistem 1963-66-cı illərdə Misir iqtisadçı alimi prof. Əhməd Nəccarın hazırladığı bank modeli əsasında elə həmin ölkədə də tətbiq edilmişdir.
Bu sistemin formalaşdırılmasında əsas məqsəd Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya və Şimali Afrikanın müsəlman dövlətlərində yaşayan əhalinin yığımlarını (əmanətlərini) toplayaraq istehsala cəlb etməkdən ibarətdir.
2008-ci ilin statistik göstəricilərinə görə dünya maliyyə sistemində Faizsiz Bankçılıq üzrə aktivlərin ümumi həcmi 700 mlrd. ABŞ dolarına çatmışdır. Beynəlxalq araşdırma təşkilatı olan McKinsey&Co şirkətinin, “Dünya Faizsiz Bankçılığı rəqabəti 2007” hesabatının məlumatlarına əsasən ildə 33% artım sürəti ilə 2010-cu ildə Faizsiz Bakçılıq üzrə aktivlərin ümumi həcmi 1 trln. dollara çatacaqdır.
Qeyd edək ki, müasir dövrdə Faizsiz Bankçılıq ABŞ-dan tutmuş Çinə kimi dünyanın müxtəlif inkişaf etmiş (İEÖ) və inkişaf etməkdə olan (İEOÖ) 73 ölkəsində 400-ə yaxın maliyyə qurumu tərəfindən həyata keçirilir. Bu ölkələr sırasında Böyük Britaniyanı, ABŞ-ı, Malayziyanı, İndoneziyanı, Türkiyəni, İranı, Körfəz ölkələrindən olan Səudiyyə Ərəbistanını, Bəhreyni, Küveyti və digərlərini göstərmək olar.
Faizsiz Bankçılıq son 50 ilə yaxın bir dövrdə meydana gəlib formalaşmasına baxmayaraq onu digər maliyyə qurumlarından fərqləndirən bir sıra üstün cəhətləri də vardır. Bunalara aşağıdakıları aid etmək olar:
1. Vəsaitlərin xeyir və zərərə ortaq olmaq şərti ilə verilməsi. Belə olduğu halda Faizsiz Banklardan vəsait alan müştərilər iqtisadi fəaliyyətlərində müflisləşmə ilə və ya kredit qaytarmaq qabiliyyətini itirməklə qarşılaşdıqda onların götürdükləri vəsaitin üzərinə heç bir əlavə faiz tətbiq olunmur. Məsələn, 6 ay ərzində ödənilməsi nəzərdə tutulan 3000 manatlıq borcun gecikdirilməsinə görə müştəri 7-ci, 8-ci və digər aylarda bu məbləğə görə əlavə faiz ödəmir;
2. Faizsiz Banklardan maliyyə vəsaitinin alınmasının yeni işə başlamış və heç bir ilkin kapitala malik olmayan gənc sahibkarlar üçün əlvefrişli olması. Yəni, heç bir ilkin vəsaiti olmayan bir şəxs və ya şirkət sahibi öz layihə təklifini hazırlayaraq banka təqdim edir. Bank mütəxəssisləri də həmin layihəni qiymətləndirdikdən sonra ona vəsait verirlər. Belə olduğu halda bu müştərək işdə bank öz vəsaiti ilə borc alan tərəf isə öz bilik və bacarığı ilə təmsil olunur;
3. Sosial ödəmələrin olması. Qeyd edək ki, faizsiz bank sitemlərində digər ənənəvi banklardan fərqli olaraq sosial borclanma xətləri mövcuddur. Burada imkansız və zəruri vəsaitə ehtiyacı olan hər hansı bir şəxs banka borc üçün müraciət edir. Ona 1000 manat (bu rəqəm şərtidir) beş aylığına borc verilir. Həmin şəxs də aldığı borcu hissə-hissə, üzərinə heç bir faiz əlavə olunmadan banka ödəyir. Əgər, borc götürən şəxs aldığı vəsaiti qaytarmaq imkanına malik deyilsə onda, onun borcu bankın zəkat fondu (yığımı) hesabına ödənilir;
4. İstehsalın inkişaf etdirilməsi. Faizsiz bank sistemində maliyyə vəsaitləri birbaşa olaraq emal, kənd təsərrüfatı, xidmət, ticarət və s. bu kimi sahələrdə fəaliyyət göstərən sahibkarlara təqdim olunur. Yəni, bu bank sistemində maliyyə vəsaiti cəmiyyətin istifadə edəcəyi məhsulların əldə olunmasına yönəldilir. Belə olduğu halda insanlar üçün lazım olan əmtəə və xidmət istehsal edilir ki, nəticədə həm iqtisadiyyatın dayanıqlı inkişafı təmin olunur həm də işsizlər zəruri iş yerləri ilə təmin olunurlar.
Ümumiyyətlə, faizsiz bankçılığın rolu, üstünlükləri və onun cəmiyyətə təqdim etdiyi xidmətlərin əhəmiyyətini bir kiçik məqalədə tam şəkildə əhatə etmək mümkün deyil. Burada yalnız bir neçəsini qeyd edərək gələcək məqalələrdə daha geniş məlumat yazmaq ümidilə kifayətlənirik.
RUSLAN ATAKİŞİYEV