FATİHƏ SURƏSİNİN TƏFSİRİ

0

İlahi vəhyin sol halqasını təşkil edən Qurani-Kərim həm üslubu, həm də ehtiva etdiyi mövzular baxımınan digər ilahi kitablardan fərqlənir. Həmçinin Qurani-Kərimi Töratdan, Zəburdan və İncillərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də təhrifə məruz qalmamasıdır. Belə ki, Hicr surəsinin 9-cu ayəsi qeyd etdiyimiz məsələyə təmas edir: “Həqiqətən Zikri (Quranı) biz endirdik və onu, biz qoruyacağıq”. Qurani-Kərimin bəyan etdiyi bu həqiqəti surələrin daxili bütünlüyündə və ayələr arasındakı qarşılıqlı əlaqədə rahatlıqla görmək mümkündür.

            Qurani-Kərim 114 surədən və 6236 ayədən ibarət 600 səhifəlik ilahi bir kitabdır. Bilindiyi kimi Qurani-Kərimin ilk nazil olan ayələri əl-Ələq surəsinin ilk 5 ayəsidir. Ancaq tam olaraq ilk nazil olan surə isə Fatihə surəsidir. “Fatihə” sözü Ərəb dilindəki “açmaq” mənasına gələn “fətəhə” sözündən gəlir və “açılan” mənasını ehtiva edir. Qurani-Kərimin əvvəlində yerləşməsi, namazın qiyam hissəsində ilk Fatihənin oxunması, önəmli bütün işlərin Fatihənin tilavəti ilə başlanması, Fatihə surəsinin adına uyğun ilahi mesaj olduğunu təsdiq edir. Fatihə surəsi 7 ayədən ibarətdir. Məkkə dövründə nazil olduğu üçün “Məkki surə”lərdəndir. Surənin ilk ayəsi bəsmələdir. “Rəhm və mərhəmətli Allahın adı ilə” mənasına gələn bəsmələ müsəlmanlar üçün böyük önəm kəsb edir. Çünki müsəlmanlar bütün işlərinə bəsmələnin qiraəti ilə başlayırlar. “Həmd, aləmlərin rəbbi olan Allah üçündür. Rəhm və mərhəmətli olana” ayələri önəmli mövzuları özündə ehtiva edir. Əvvəla, 2-ci ayədə keçən həmd kəlməsinin nəyi ifadə etdiyi xüsusilə qeyd edilməlidir. Böyük müfəssir Zəməxşəri “əl-Kəşşaf” adlı əsərində həmdin şükrün bir şöbəsi olduğunu və sadəcə dil ilə edildiyini qeyd edir. Həmd haqqında Hzərət Peyğəmbər belə buyurmuşdur: “Həmd şükrün başıdır. Allaha həmd etməyən qul Ona şükr də etməz” (Beyhəqi, “Şuabul-iman” 33/1). Həzrət Muhəmmədin (s.) həmdi şükrün başı olaraq ifadə etməsinin səbəbi budur: Neməti dil ilə ifadə etmək və nemət sahibinə həmd etmək qəlb və üzvlərlə həmd etməyə nəzərən daha geniş yayılmışdır və məqsədi digərlərinə görə daha yaxşı ifadə edir. Çünki qəlblə edilən həmd gizlidir. Üzvlərlə edilən həmd isə bir çox mənalara gəlir. Lakin dil ilə edilən həmddə belə bir şey yoxdur. O, qəlbdə gizli olan hər bir şeyi söyləyir və qarışıqlıq yaradacaq məsələləri açıqlayıb həqiqətin vaqe olmasına yardımçı olur (Zəməxşəri 2010, 1/81). Ayədə keçən “aləmlər” kəlməsini alimlər insanlar, cinlər və mələklər aləmi olaraq açıqlamışdır. Yəni, bu aləmlərin hər biri Allaha həmd edir. Deməli, Allaha həmd etmək sadəcə insanlar üçün deyil, bütün məxluqat üçün fərz buyurulmuş bir əmrdir. “Din günün sahibinə” məallı 4-cü ayədə keçən “din günü” ifadəsini müfəssirlər cəza və mükafat günü mənasına gələn axirət yurdu olaraq təfsir etmişdir. Həmçinin ayədə keçən “malik” ifadəsi düşünən hər kəs üçün önəmlidir. Belə ki, Allah açıqca bütün mülklərin tək sahibinin özü olduğunu bildirir. İnsan sadəcə bu dünyada mülk sahibi ola bilər.Yenə də insan, tam mənasilə mülkünün sahibi ola bilmir. İnsan öldükdə sahib olduğu mülkiyyət hüququnu itirir. Axirətdə isə hərhansı bir mülkə sahib olması mümkün deyildir. Çünki axirət mülkünün tək sahibi Allahdır. Deməli, insan həm bu dünyada, həm də axirətdə mülk sahibi ola bilməz. Elə isə mülkün tək sahibi Allahdır (Təbəri 1955, 1/151).

            Fatihə surəsinin 5-ci ayəsi isə belədir: “Biz ancaq sənə ibadət edir və səndən mədət (kömək) diləyirik”. Ayədə ibadət kəlməsinin ilk olaraq zikr edilməsi çox önəmlidir. İbdət, boyun əymənin, istəklərdən vaz keçərək Uca Yaradandan ötrü həqiqət yolunda addımlamağın ən üst mərtəbəsidir. İbadət, təkcə rəhm və mərhəmətli Allah üçün edildiyinə görə daha təsirli ifadələrin ilk olaraq qeyd edilməsi çox əhəmiyyətlidir. Bu yolla Allahın nə qədər uca olduğu insanlara bəyan edilir. Həmçinin ibadət edilməyə layiq tək varlıq Allah olduğuna görə, məntiqli olaraq kömək istənəcək tək varlığın da Allah olması lazımdır. Ayə bu iki məsələni gözəl bir üslubla qeyd edrək insanlara necə dua ediləcəyini öyrədir. “(Ey Rəbbimiz!) Bizi doğru yola yönəlt!”. Fatihə surəsinin 6-cı ayəsində keçən “doğru yol” haqqında müfəssirlərin çoxunun rəyi eynidir. Onlar bu ifadənin “İslam dini” mənasına gəldiyini qeyd edirlər (Zəməxşəri 2010, 1/93; Təbəri 1955, 1/200). “Nemət verdiklərinin yoluna yönəlt. Əzaba düçar olan və qəzaba tuş gələnlərin yoluna yönəltmə!” Məalını qeyd etdiyimiz ayə Fatihə surəsinin sonuncu, yəni yeddinci ayəsidir. Yeddinci ayə əvvəlki ayəni açıqlayan və onu izah edən ayədir. Belə ki, 6-cı ayədə doğru yolun İslam dini olduğunu açıqladıq. 7-ci ayədə isə İslamı mənimsəmiş şəxslərin Allahın sonsuz nemətləri ilə mükafatlandırıldığı qeyd edilir. Deməli, doğru yol, İslam dini və ona tabe olan müsəlmanların yoludur. Ayənin ikinci hissəsində keçən “Əzaba düçar olan” “qəzaba tuş gələnlər” ifadələrini alimlər bu şəkildə təfsir etmişdir: “Əzaba düçar olan” ifadəsindən məqsəd yəhudilərdir. Onlar Allahın əmrlərinə həmişə qarşı gəlmişdir. “Qəzaba tuş gələnlər” ifadəsi isə xristianları bildirir. Çünki onlar tövhid inancını tərk edərək Həzrət İsanın Allahın övladı olduğunu iddia edirlər. Nəticə etibarilə, ayənin ilk hissəsi doğru yolun nə olduğunu açıqlayır. İkinci hissədə isə uzaq durulması vacib olan yolun hansı olduğu haqqında insanlara məlumat verilir.

            Fatihə surəsininin ehtiva etdiyi mövzular o qədər geniş və dərindir ki, Fəxrədin ər-Razi, Elmalılı Məhəmməd Hamdi Yazır kimi böyük müfəssirlər əsərlərininin ilk cildini Fatihə surəsinin təfsirinə ayırmışdır. Qeyd edilən bu nüans, Allahın ilahi mesajının nə qədər geniş və əhatəli olduğunu bir daha sübut edir. Həmçinin namazın qiyam hissəsində ilk olaraq Fatihə surəsinin oxunması bu həqiqətin möcüzəvi olduğunu sübut etməyə yetir. 

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏR GÜN 2-3 NƏFƏR AYASOFİYA MƏSCİDİNDƏ MÜSƏLMAN OLUR

“Hər gün 2-3 nəfər Ayasofiya məscidində Kəlimeyi-Şəhadət gətirərək İslam dinini qəbul edir.” Bunu Türkiyənin İstanbul şəhərindəki Ayasofiya məscidinin din xadimi...

Bağla