FİRDÖVS CƏNNƏTİNƏ GEDƏN YOL

0

Qurani-Kərimin “Möminlər” mənasına gələn “Muminun surəsinin ilk ayələrində məhz cənnətə layiq olan əsil möminlərin xüsusiyyətlərindən bəhs olunur. Bu ayələrin nazil olması ilə bağlı nəql edilən bir rəvayətdə qeyd olunur ki, Həzrət Ömər (r.ə.) belə demişdir: “Rəsulullaha (s.ə.s) vəhy gəldiyi zaman onun yanında arı uğultusuna oxşar bir səs eşidilirdi. Yenə bir gün mən Peyğəmbərin (s.ə.s) yanında ikən ona vəhy gəldi. Biz bir müddət sükutə qərq olduq. Sonra Peyğəmbər (s.ə.s) qibləyə dönərək əllərini səmaya qaldırdı və belə dua etdi: “Ey Allahım! Bizim üçün artır, əskiltmə! Bizi ucalt, alçaltma! Bizə ver, bizi məhrum etmə! Bizi tərcih et, başqalarını bizə tərcihetmə! Bizi razı et, bizdən razı ol!” Sonra Rəsulullah (s.ə.s): “Mənə on ayə nazil oldu. O ayələrə əməl edən cənnətə girəcəkdir”, – buyurdu və “Muminun” surəsinin ilk on ayəsini oxudu”. (Tirmizi, “Kitabü təfsiril-Quran”, 24)

Əsil möminin xüsusiyyətlərindən bəhs edən “Muminun” surəsinin ilk ayələri bunlardır:

1. Həqiqətən, möminlər nicat tapmışlar; (Muminun, 23/1)
2. O kəslər ki, namazlarında xüşu içindədirlər, (Muminun, 23/2)

Bu ayədəki “xüşu” sözünü İslam alimləri “Allah qorxusu və sevgisi ilə Ona təzim etmək və bu hislə təvazökarlıq göstərmək” şəklində izah etmişlər. Bununla yanaşı, namazda sükunət və sağa-sola baxmamaq kimi əməlləri də ehtiva edir. Buna görə də həqiqi möminlər namazlarında bütün diqqətlərini namaza verər və ixlaslı bir şəkildə səmimi-qəlblə namaz qılarlar.

3. O kəslər ki, boş söz və hərəkətlərdən üz çevirərlər, (Muminun, 23/3)

Həqiqi möminlər inşalarla olan sosial münasibətlərində lazımsız, əhəmiyyətsiz və doğru olmayan sözlər danışmaz, yalnız faydalı və gözəl sözlər danışarlar.

4. O kəslər ki, zəkatı verərlər, (Muminun, 23/4)

Qurani-Kərimdə “zəkat” sözü həm həqiqi mənadakı zəkat, həm də sədəqə mənasında işlədilir. Yəni, əsil möminlər əllərindən gəldiyi qədər möhtac kimsələrə əl tutar və sədəqə verərlər.

5. O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyarlar, (Muminun, 23/5)

Mömin əsla zinaya yaxın durmaz, harama baxmaz, haramı dinləməz. Çünki bu, Allah-Təalanın ən sevmədiyi əməllərdəndir.

6. Ancaq zövcələri, yaxud əllərinin altındakılar (cariyələri) bundan istisnadır. Şübhəsiz, (buna görə) onlar qınanmazlar. (Muminun, 23/6)

Bununla yanaşı möminlər Uca Allahın onlara halal buyurduğu evlilik yolunu seçər və maddi-mənəvi ehtiyaclarını halal yoldan təmin edərlər.

7. Bundan artığını istəyənlər isə məhz həddi aşanlardır. (Muminun, 23/7)

Uca Allah halal evlilik xaricindəki bir yola üz tutanları qınayır və bunların azğın kimsələr olduğunu bəyan edir. Eləcə də bunun bir möminə yaraşmadığına işarə olunur.

8. Möminlər o kəslərdir ki, əmanətlərinə və verdikləri sözlərə riayət edərlər, (Muminun, 23/8)

Yəni, həqiqi mömin ona əmanət edilən bir şeyə əsla xəyanət etməz, söz verdiyi zaman mütləq sözünü yerinə yetirər, vəd verdiyi zaman vədinə əməl edər.

9. Namazlarında daimdirlər. (Muminun, 23/9)

Əsil möminlər Allah-Təalanın əmr etdiyi namaz ibadətini gündə beş dəfə olmaqla hər gün əda edərlər. Onlar əllərindən gəldiyi qədər namazlarını qəzaya buraxmaz və qətiyyən bu ibadətə laqeyd yanaşmazlar.

10. Onlar əsil varislərdir! (Muminun, 23/10)
11. Onlar əbədi qalacaqları Firdövs cənnətinə varis olacaqlar.(Muminun, 23/11)

Yuxarıda sadalanan əməlləri layiqincə yerinə yetirən möminlər Uca Allah tərəfindən Firdövs cənnəti ilə mükafatlandırılacaqlar. Çünki Firdövs cənnətdəki ən gözəl mükafat məqamıdır. Allah Rəsulu (s.ə.s)da bu cənnətlə bağlı belə buyurmuşdur: “Uca Allahdan cənnəti istədiyiniz zaman Firdövs cənnətini istəyin. Çünki o, cənnətin ən yüksək yeri və ortasıdır. Cənnətdəki çayların mənbəyi oradır”. (İbn Hənbəl, “Müsnəd”, XIV, 180)

f.f.d.Ələddin Sultanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FÜZULİDƏ AVTOMOBİL MİNAYA DÜŞDÜ: BEŞ MÜLKİ ŞƏXS HƏLAK OLDU

Ermənistanın silahlı qüvvələri Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul...

Bağla