FİTRƏ SƏDƏQƏSİ

0

Ramazan ayı rəhmət ayıdır. Allahın rəhmətini ən çox hiss edənlər bu ayda oruc tutub namaz qılaraq aləmlərin Rəbbinə şükür borcunu yerinə yetirməyə çalışan insanlardır. Ramazanın sonuna yaxın hər bir imkanlı müsəlman, maddi imkanı olmayan müsəlmanlara kömək əlini uzatmalıdır. Ramazan bayramını hamılıqla keçirmək, hər kəsi sevindirmək üçün maddi imkanı olan müsəlmanlar təxminən bir doyumluq yemək miqdarında pulu, yaxud qida maddələrini, buna ehtiyacı olanlara verməlidir. Bayram namazı başlamadan əvvəl kasıb və fəqir insanları taparaq onları sevindirməyə təşviq edən Allah elçisi, bu sədəqənin Ramazandakı xəta və yanlışları örtəcəyini bildirir (Əbu Davud, Zəkat, 17). Ailə böyükləri, öz tabeçiliyində olan bütün ailə üzvlərinin əvəzinə zamanın şərtlərinə, xalqın adət və güzəranına uyğun olan təməl ərzaqlardan fitrə sədəqəsini verməlidirlər. Bu barədə hədisdə belə buyurulur: “Peyğəmbərimiz fitr sədəqəsini 1 ölçək (təxminən 3 kq) xurma və yaxud 1 ölçək arpa olmaq üzrə qadın, kişi, azad və kölə olub olmamağından asılı olmayaraq hər bir müsəlmana vacib buyurmuşdur (Müslim, Zəkat, 12). Başqa bir hədisdə buyurulur: “Biz peyğəmbərin dövründə fitrəni qida məhsullarından 1 sa’  təqribən 3 kiloqramdır) olaraq verirdik. O vaxtlar bizim yediklərimiz arpa, kişmiş, xurma və yağı alınmış pendir idi” (Buxari, Zəkat, 74).

Fitrə sədəqəsini yaxında yaşayan müsəlman kasıblara bayram namazından öncə vermək lazımdır. Bu barədə İbn Abbasın rəvayət etdiyi bir hədisdə belə buyurulur: “Rəsulullah (s.ə.s) orucluları lazımsız və çirkin sözlərdən paklaşdırmaq və yoxsullara yemək təmin etmək üçün fitrəni fərz buyurmuşdur. Kim fitrəni namazdan əvvəl verərsə, bu məqbul bir zəkat, kim də namazdan sonra verərsə, hər hansı sədəqə vermiş kimi olar.” (Buxari. Zəkat. 70)

Yaxınlıqda yaşayan kasıb insanlar var ikən uzaq yerlərdə ehtiyac sahibi insanlar axtarmağa lüzum yoxdur. Ailədə yaşayan uşaq, böyük, xəstə, sağlam, qadın, yaxud kişi olsun hər bir şəxs adına müəyyən edilən miqdar (təxminən bir doyumluq yemək) hesablanaraq ya nəqd pul, ya da ərzaq şəklində verilməlidir.  Abdullah İbn Sələbədən belə bir hədis rəvayət edilir: “Rəsulullah (s.ə.s) Ramazan bayramından bir və ya iki gün əvvəl çıxış edərək belə buyurdu: “Buğdadan, arpadan və ya xurmadan 1 sa (2912 qram) olmaqla azad və ya qul, kiçik və ya böyüklər üçün sədəqə olaraq verin.” (Əhməd Ibn Hənbəl, V. 432.)

Əsas məqsəd Ramazan bayramı zamanından süfrə qurmayan, yemək tapmayan insanların olmamasını təmin etməkdir. Beləliklə, hamının bayram əhval ruhiyyəsində olması, ən azından ac qalmamasını təşkil etmək hamının borcudur.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ƏHALİSİNİN SAYI AÇIQLANIB

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10 135 373...

Bağla