FÜRSƏT MÖVSÜMÜ

0

Ramazana ayına qovuşmağımıza çox qısa bir müddət qalıb. Ramazan ayı müsəlmanlar üçün Allaha qulluq, təslimiyyət və itaət ayıdır. Bu ay İslam dininin beş təməl şərtindən dördünü özündə cəmləyən mübarək bir aydır. İnsanlara hidayət rəhbəri olaraq göndərilən Qurani-Kərim Allahın lütfü olaraq Ramazan ayında insanlığın həyat üfüqünü nurlandırmışdır. Bir mübarək hədisi-şərifdə deyildiyi kimi: “Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar.” (Buxari, Savm, 5) Bunlar və bir çox başqa gözəlliklər Ramazanın rəhmət və bərəkətlərindəndir.

İbadət ayı olan Ramazan ayına yaxınlaşdığımız bu günlərdə, bunu bilmək lazımdır ki, dinimizin ibadət anlayışı çox mənalı və çox genişdir. İslamın gətirdiyi ibadət ruhu ilə iman və əxlaq anlayışı birləşmişdir. Əgər dilimizi pis sözlərdən, yalandan, dedi-qodudan qoruya bilsək, doğru sözlü, şirin dilli olsaq və daima Allah rizasını qazanmağı düşünsək, bunlar da bizim üçün ən dəyərli ibadətlərdir. Ticarət, ziraət, sənət və məişət həyatımızda Allahın əmr və yasaqlarına uyğun davransaq, ata-anamız, əqrəbalarımız, qonşularımız və bütün müsəlman qardaşlarımızla yaxşı münasibətdə olsaq, bu gözəl davranışlarımız da Allah qatında həqiqi ibadətdir. Yoxsul, düşkün, xəstə, yetim və yaşlıları qorusaq, acları doyursaq və bunları şəxsi yüksəlişimiz üçün deyil, Allah rizası üçün etsək, Allaha qulluq yolunda əhəmiyyətli dərəcələr qazanmış olarıq.

Bildiymiz kimi, dinimizdə namaz, oruc, həcc və zəkat kimi Allaha qulluğun simvollaşdığı gözəl ibadətlər vardır. Ramazan ayı bu ibadətlərlə iman və əxlaq anlayışımızın cəmləşdiyi mübarək bir aydır. Heç şübhəsiz oruc, bu ayın ən şərəfli ibadətidir. Gündə beş vaxt qıldığımız namazda nə dərəcədə Allaha qulluq şüuru varsa, Ramazan ayında tutduğumuz orucda da, eyni şüur vardır. Ramazan ayında yemək-icmək nə qədər ləzzətli olursa-olsun, hər bir müsəlman ancaq Allahın rizasını qazanmaq və Onun əmrinə itaət etmək üçün dan yeri qızarandan, günəş batana qədər nə bir loxma yemək yeyər, nə də bir damla su içər. Hər bir müsəlmanı öz arzu və istəyi ilə könüllü olaraq bu fədakarlığa yönəldən səbəb, Uca Yaradana olan inanc, Onun əmr və yasaqlarına hörmət və haqq-hesab gününün gələcəyinə olan inamıdır. Buna görə də, Allah Təala bir hədisi-qüdsidə Həzrət Peyğəmbərin dilindən: “Oruc mənim üçündür, onun mükafatını da mən verəcəyəm” buyurur. (Müslim, Siyam, 163) Başqa bir hədisdə isə: “Oruc tutan üçün iki sevinc vardır. Orucunu açdığı zaman sevinər və cənnətdə rəbbinə qovuşduğu zaman sevinər”. (Müslim, Siyam 164).

Nəticə olaraq, Ramazan ayının gəlişi ilə üzərimizə Allahın rəhmət kölgəsi yenidən düşəcək. Buna görə də, Ramazanı qəflətdə keçirməmək, oruclarımızı imanla, ixlasla, Allaha itaət, təslimiyyət və ibadət ruhu ilə tutmaq, mükafatını da yalnız Allahdan gözləməyimiz lazımdır. Ramazanın nurlu aydınlığında namaz qılaq, Quran oxuyaq, günahlarımız üçün tövbə və istiğfar edək. Dualarımızla Allaha müraciət edib, keçmiş günahlarımızın əfvini diləyək. Bütün varlığımızla Allahın göndərdiyi İslam yoluna, sülh və salamatlıq yoluna girək. Ailə üzvləriylə iftar süfrəsində oturmuş müsəlmanın duyduğu sevinci dünyada heç bir başqa işdə duymaq mümkün deyil.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİLAL ƏRDOĞAN BAKIDA FORUM KEÇİRƏCƏK

Dünya Etnospor Konfederasiyasının IV Forumu aprelin 10-da Bakıda keçiriləcək. Məlumata görə, bu barədə qurumun prezidenti Bilal Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdəki...

Bağla