GƏLƏCƏYİN TƏMİNATI

0

Ailə cəmiyyətin əsasını təşkil edən kiçik bir sosial təşkilatdır. Ata, ana və uşaqlardan meydana gələn ailə, sözün əsl mənasında geniş ailənin, yəni cəmiyyətin bir nüvəsidir.

İnsanlıq şərəf və ləyaqətinin gələcək nəsillərdə təmsil edilməsi, ancaq nəslin qorunması şüuruyla mümkündür. Bu baxımdan ailə nəsillərin təlim-tərbiyəsində müstəsna əhəmiyyətə malikdir. Şanlı nəsillər millətlərin varlıqlarını davam etdirmələri üçün ən mühüm ünsürdür. Elə buna görədir ki, bu beş amil bütün dinlərin ortaq hədəfi olmuşdur:

  1. Canı qorumaq,

  2. Ağlı qorumaq,

  3. Namusu və ailəni qorumaq,

  4. Nəsli qorumaq,

  5. Malı qorumaq.

Bu amilərin mühafizəsi əslində insanı muhafizə etməkdir. İnsanın muhafizəsi istər maddi, istərsə də mənəvi olsun bizə verilən ən mühüm vəzifədir.

Bu vəzifənin yerinə yetirilməsi sağlam bir nəsil yetişdirməklə mümkündür. Belə bir nəslin təməli və əsası evliliklə başlayar. Evlilik ailə bünövrəsini Allahın adı ilə başlamaq və üzərində insan şərəfinə uygun bir bina inşa etməkdir. Cəmiyyət hayatı ailə üzərində qurulmuş və ailə nizamına görə formalaşmışdır. Ona görə də bütün dinlərdə ailə əsas amildir. Ailə olmadan, nəsil qorunmadan normal cəmiyyət qurula bilməz, din yaşana bilməz, qayda-qanunlar tətbiq edilə bilməz, bir sözlə həyatın bir mənası olmaz.

İslami ölçülərə,  adət-ənənələrimizə uyğun, şüurlu bir evlilik cəmiyyət üçün sağlam fərdlər yetişdirməyin təməlini meydana gətirir. Belə bir evlilik həm gələcək nəsillərin təməlini atır, həm də mövcud nəslin muhafizəsinə xidmət edir.   

Cəmiyyət üçün nəslin davamı nə qədər mühüm isə, dünya və axirət səadəti üçün də onların əxlaq və irfan sahibi olmaları o qədər mühümdür. Allahın razı olacağı, cəmiyyətin də onunla fərəhlənəcəyi bir nəsil üçün, əlbəttə bir sıra məsuliyyətləri dərk etməliyik. Bu məsuliyyətləri yerinə yetirməyən cəmiyyətin gələcəyindən əmin olunmaz.

Rəsmi statistikaya görə bu gün Azərbaycanda 79964 rəsmi nikaha girənlərin 7933-ü sonradan müxtəlif səbəblərlə boşanmışdır. Həmçinin statistikaya görə son bir ildə nikahda olmayan qadınlar tərəfindən 18421 uşaq doğulmuşdur. Nəzərə alsaq ki, insan həyatında ilk tərbiyə ailədə başlayır və uşağın xarakterini meydana gətirən dəyərlər ailədə öyrədilir, o zaman boşanan ailələrdəki uşaqların və nikahsız doğulan körpələrin tərbiyəsi və milli-mənəvi dəyərlərdən uzaq qalması cəmiyyəti maraqlandıran suala çevrilir. Çünki cəmiyyəti formalaşdıran fərdin maddi və mənəvi mənada sağlam şəkildə böyüməsi üçün qayğıya və sevgiyə ehtiyacı var.  Mərhəmət, eşq, comərdlik, vəfa, dürüstlük və s. kimi duyğulardan məhrum olan insan görünüşcə insan olsa da,  əslində məhrum olduğu dəyərlər etibarı ilə insan olmaqda uzaqdır.

Din və imandan məhrum olma səbəbilə həyatı sırf bədəni həzlər naminə yaşayan, nəfsani arzularına xidmət etməkdən başqa heç bir hədəfi olmayan, insanlıq şərəf və ləyaqətinə vida edərək eqoist bir nəslin aqibətinin necə fəlakətlə nəticələnəcəyi heç də sirr deyil.

Övladı universititet imtahanına gedəcək bir valideynin həyəcandan o gecə gözünə yuxu getməz. Hətta sübh tezdən övladını oyadar, gözəl şəkildə hazırlayaraq imtahana aparar. Görəsən övladının müvəqqəti dünya həyatındakı gələcəyi üçün bu qədər təlaş edən ata-ana onun gələcək əbədi həyatı olan axrirət haqda heç düşünürmü? Övladının fani dünya həyatındakı gələcəyi üçün min cür planlar quran və bunları həyata keçirmək üçün bütün vasitələrdən istifadə edən valideynlər uca Yaradıcının “Özünüzü və əhli-əyalınızı yanacağı insanlar və daşlar olan bir oddan qoruyun. (ət-Təhrim, 6)  ayəsini nə üçünsə qulaqardı edirlər.

Elşən RZAYEV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNSANLIQ BORCUMUZ

Mənəviyyat Xaliq tərəfindən insana bəxş edilən əzəli xüsusiyyətlərdəndir.

Bağla