GƏNCLƏR NƏ İSTƏYİR?

0

Gənclik dövrünün üç əsas ehtiyacı var: gəncin öz enerjisini sərf etməsi, özünü ifadə edə bilməsi və yaşıdları ilə münasibət qurması. Bu üç ehtiyac, demək olar ki, hər yaş dövrünə aid olsa da, əsasən gənclik dövrünə aiddir və başqa sözlə, sağlam şəkildə təmin edilməsinin ən vacib olduğu dövr də elə gənclik dövrüdür. Çünki insan ömrü boyu ən yüksək enerjiyə məhz gənclik dövründə malik olur, ən çox gənclik dövründə danışmaq, izah etmək və özünü göstərmək istəyir və ən çox gənclik dövründə yaşıdları ilə görüşə özünü bu görüş çərçivəsində formalaşdıracaq qədər dəyər verir. Bir sözlə, gənclik dövründə ən vacib məsələ bu ehtiyacların təmin edilməsidir.

Ehtiyac olması baxımından yanaşsaq, münasibət qurmaqla yemək yeməyin, enerjisini sərf etməklə su içməyin və özünü ifadə etməklə nəfəs almağın elə də fərqi yoxdur; bunların bir qismi bədənin, digər qismi isə ruhun sağlam olması üçün vacibdir. Bu baxımdan, insan çox acanda qarşısına çıxan hər şeyi yeməyə, çox susayanda qarşısına çıxan hər mayeni içməyə çalışdığı kimi, enerjisini sərf edə bilməyən bir gənc də qarşısına çıxan ilk fürsətdəcə necə olur-olsun, enerjisini sərf etməyə çalışır. Bu hal özünü ifadə etmək və münasibət qurmaq üçün də xarakterikdir. Belə ki, insanın ehtiyacı artanda onu təmin etmək üçün bir yol axtarır və düzgün yol tapa bilməyəndə yanlış yoldan istifadə edir. Çünki belə məqamda əsas məsələ ehtiyacı təmin etməkdir, daha hansı yolla təmin etmək deyil. Məsələn, bir gənc enerjisinin ən yüksək olduğu bir dövrdə onu düzgün şəkildə sərf edəcəyi bir sahə tapa bilməyəndə mütləq yanlış şəkildə sərf edir. Çünki sərf edilməyən enerji insanı rahat buraxmır və zəhərləyir. Belə bir gənc heç bir yol tapa bilməyəndə iki ən primitiv yolun birindən – ya şiddət, ya da şəhvətdən istifadə etməklə vaxtını və enerjisini sərf edir. Deməli, belə məqamda gənc öz enerjisini sərf etmək üçün mütləq bir yol tapmalıdır və bu, onun qəbul etdiyi, hərəkət etməsinə səbəb olub enerjisinin çoxunu sərf etməyə kömək edə biləcək bir fəaliyyət növü olmalıdır. Məsələn: iş, idman, ictimai fəaliyyət və s.

Özünü ifadə etmək ehtiyacından da bəhs etməliyik. Belə ki, gənclər danışmaq, izah etmək, özlərini göstərmək, dünyanı, həyatı, hadisələri və insanları saf şüurla dərk etməyə başladıqca özünəməxsus nəticələr çıxarmaq, analizlər etmək, həll yolları tapmaq və bütün bunları insanlarla bölüşmək, fikirlərini və özlərini nümayiş etdirmək istəyirlər. Çünki məktəbdən başqa heç bir yerdə düşüncə, duyğu, bacarıq və qabiliyyətlərini göstərə bilmir, onlardan təkidlə edilən tipik tələblərə qarşı da istər-istəməz ikrah duyurlar. Buna görə də, gənclərə özlərini nümayiş etdirə biləcəkləri alternativ imkanlar yaradılmadıqca onların bu məqsədlə marjinal və ya populyar qruplara qoşulması və ya mənasız şüarlara əsaslanan bir həyat fəlsəfəsi meydana gətirərək ona uyğun yaşaması qaçılmazdır.

Münasibət qurmaq ehtiyacı da digər iki ehtiyac qədər önəmlidir və ondan bəhs etməyə dəyər. Gənclərin öz şəxsiyyətlərini inkişaf etdirərkən “normal” olub-olmadıqlarını yoxladıqları bu dövrdə “normallıq” meyarı hesab etdikləri yaşıdları ilə görüşməsi şəxsiyyəti düzgün və sağlam şəkildə inkişaf etdirmək üçün çox vacibdir. Bu mənada, qurulan münasibətlərin sağlam olması üçün ünsiyyət dərin və davamlı olmalıdır. Amma bu gün şəhər həyatının özü ilə gətirdiyi həyat tərzində “məhəllə”nin və “məhəllə sakini” olmağın təsirinin get-gedə azalması nəticəsində gənclərin münasibət qurma imkanları yalnız və yalnız virtual aləmin təklif etdiyi səthi və davamsız ünsiyyətlə məhdudlaşır. Müxatəbin və ya müxatəblərin kim olduğu və nə istədiyi qeyri-müəyyən və dəyişkən olduğu halda sağlam münasibətlərin qurulmasını gözləmək əbəsdir. Odur ki, gənclərə yaşıdları ilə görüşmək, danışmaq və ortaq fəaliyyət göstərmək – bir sözlə, sağlam münasibətlər qurmaq üçün imkanlar yaradılmadıqca onların virtual münasibətlərini tənqid etmək gülünc görünür.

Sonda onu deyim ki, gənclər barədə bu qədər danışıb gileylənərkən, onların məqsədsizliyindən, mənasız və “qərib” həyat tərzi keçirməyindən bəhs edərkən bu məlum mənzərəni bütünlüklə seyr etməyə çalışmaq və nəticədən daha çox səbəbi araşdırmaq lazımdır. Gənclər öz enerjisini düzgün şəkildə sərf edə, özlərini düzgün şəkildə ifadə edə və yaşıdları ilə sağlam münasibətlər qura bilmədikləri müddətcə giley-güzar getdikcə artacaq, amma bilməliyik ki, bu məsələdə günahkar gənclər yox, onların bu ehtiyaclarını təmin etməyən kəslərdir.

GƏNCLƏRƏ SƏSLƏNİŞ, MEHMET DİNÇ

İPƏKYOLU NƏŞRİYYATI

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TİN SURƏSİ

Tin surəsi Məkkədə nazil olmuşdur, 8 ayədir.Surə bu iki məşhur mövzunu ələ alır:

Bağla