Qurani-Kərimin bir neçə ayəsində gecə ibadətinin əhəmiyyətinə diqqət çəkilmişdir. Bu ayələrin birində Uca Allah Həzrət Peyğəmbərə (s.ə.s) xitabən: “Ey örtünüb bürünən (Peyğəmbər)! Az bir hissəsi istisna olmaqla, gecəni ibadətlə keçir! Gecənin yarısını, yaxud yarısından daha az hissəsini və ya yarısından daha çox hissəsini ibadətlə keçir! Quranı asta-asta (təfəkkür edərək) oxu!” buyurmuşdur. (Müzzəmmil, 43/1-4). Başqa bir ayədə Uca Allah yenə Həzrət Peyğəmbərə (s.ə.s) xitab edərək belə buyurur: “Gecənin bir vaxtı oyanıb sənə xas olan əlavə namazı (təhəccüd namazını) qıl! Ola bilsin ki, Rəbbin səni tərifə layiq bir məqama ucaltsın“. (İsra 17/79). Digər bir ayədə isə Uca Allah müttəqilərdən bəhs edərkən onların gecə ibadət etdiklərini buyurmuşdur. Ayə belədir: “Şübhəsiz, müttəqilər cənnətlərdə və çeşmə başlarında olacaqlar. Rəbbinin onlara verdiyini (mükafatlarını) alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməl sahibləri idilər. Onlar gecələr (ibadət edib) çox az yatırdılar. Sübh çağında isə istiğfar edirdilər“. (Zəriyat, 51/15-18). Fəth surəsində Həzrət Peyğəmbər (s.ə.s) ilə bərabər olan səhabələrdən bəhs olunarkən onların nişanələrinin üzlərindəki səcdə izi olduğu qeyd olunmuşdur. (Fəth, 48/29).
Buraya qədər qeyd etdiyimiz ayələr gecə ibadətinin önəmli bir ibadət olduğunu vurğulamaqdadır. Bu mənada Rəsulullah (s.ə.s) də belə buyurmuşdur: “Fərz namazlardan sonra qılınan ən fəzilətli namaz gecə namazıdır“. (Tirmizi, Salət, 324). Lakin bu mövzuda bir hədis də nəql olunmuşdur ki, əslində hədisin mənası qeyd etdiyimiz ayələrlə üst-üstə düşsə də həmin hədisin hədis tənqidçiləri tərəfindən zəif/uydurma olduğu irəli sürülmüşdür. Hədis belədir: Cabir ibn Abdullahdan nəql olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Kim gecə çox namaz qılarsa, gündüz üzü gözəl (nurlu) olar“. (İbn Macə, Salət, 174). Bu hədis Kütüb-i Sittə deyə tanınan altı məşhur hədis kitabından yalnız İbn Macənin kitabında keçməkdədir. Buna görə də bu hədis “zəvaid” hədislərdən qəbul olunmaqdadır. Uqayli, İbn Adi kimi tanınmış hədis tənqidçiləri bu hədisin Peyğəmbərin (s.ə.s) sözü olmadığını irəli sürmüşdürlər. (Uqayli, əd-Duafaul-kəbir, I, 176; İbn Adi, əl-Kamil, III, 201).
Nəticə etibarilə gecə ibadətinin fəzilətli ibadət olduğu danılmaz bir həqiqətdir. Quranda müttəqilərin əsas əlaməti olaraq qeyd olunan bu ibadət, Həzrət Peyğəmbərin (s.ə.s) səhabələrinin də əməl etdikləri ibadətlərdən olmuşdur. Gecə ibadətinin insanın surətini gözəlləşdirdiyinə dair nəql olunan hədis zəif/uydurma olmuş olsa da Qurani-Kərimdə səhabələrin nişanələrinin üzlərindəki səcdə izləri olduğunu bildirən ayə ibadətin insanın simasına təsir etdiyini təsdiqləməkdədir. Bu baxımdan əslində bu söz Həzrət Peyğəmbərin hədisi olmasa belə məna cəhətdən həqiqət payı vardır.
f.f.d. Səfa Muradov