KİMDİR, HİKMƏT SAHİBİ?‎

0

Həyatın nə şəkər kimi ləzzətinə, nə də bibər kimi acısına aldanar…

Onun üçün həyatın hər anı içərisində kəşf edilməyi gözləyən bir xəzinə gizləyər.

Əlindən gəldiyi halda özünü çarəsizliyə düşmüş kimi hiss edərsə, təmkinini qoruyar və işi zamanın axışına buraxar. Zaman onun üçün məlhəm kimi  bir dərmandır.

Ağlı üsuluna görə işlətməyin bir gündə öyrənilməsinin mümkün olmadığını dərk edər. Həyatını ağlını ən faydalı şəkildə istifadə etməyi öyrənmək üçün bir səyahət olaraq görər.

Keçən hər dəqiqənin qiymətini bilər. Boşa keçən illərindən əvvəl, qədrini bilmədiyi dəqiqələr, hətta saniyələr üçün üzüntüyə qərq olar.

Ağlı ilə hər şeyi dərk edə bilməyəcəyini qəbul edər. İnsan zehninin gedib çata bilmədiyi dərinliklərə və qaranlıqlara nüfuz edə bilmək üçün ruhunu və qəlbini özü üçün məşəl kimi görər, önünü aydınlatmaq üçün ondan məharətlə istifadə edər…

Paylaşılaraq yeyilən bir loğmanın təkbaşına yeyilən bir loğmadan daha doyurucu və ləzzətli olduğunu dəfələrlə təcrübə edərək yaşamışdır…

Başqalarının xətalarını müdafiə etmək əvəzinə bir çox doğrunun bir çox əyrini düzəldə biləcəyini görər. Bu səbəblə insanların müsbət və fəzilətli cəhətlərinə dərinləməsinə yönələr və onları düstur kimi əxz edər, başqalarından öyrəndiyi müsbət şeyləri məhz həyatına tətbiq edərək özünü daim inkişaf etdirər.

Nəticəni dərhal əldə etmək üçün tələskənlik etməz. Müxtəlif ehtimalları da nəzərə alaraq doğru qərarı verməyi özünə məqsəd bilər.

Bir sözü ağzından çıxarmadan əvvəl dəfələrlə götür-qoy edər, düşünər, düşünər və yenə  düşünər. Ağzından çıxan bir sözün qəti olaraq geri dönməyəcəyini, dil yarasının asanlıqla sağalmayacağını bilər.

Onun nəzdində  gördüyü bir yanlış və haqsızlıq qarşısında susmaq ona göz yummaq və xəyanət etmək mənası daşıyır. Başqasının məruz qaldığı bir haqsızlıq və ədalətsizliyin bir gün onun da qapısını çalacağını bilərək heç ağlından çıxarmaz.

Bu gün etdiyi hərəkətlərinin sabahkı günü üçün bünövrə təşkil edəcəyini düşünər. Gələcəyinin əslində bu günündə gizləndiyini çox gözəl dərk etmişdir. Bu səbəblə yaşadığı bu anın gözəlliklərini kəşf edərək səbətinə qoyar. Zamanı gəldiyində məharətlə istifadə edəcəyini çox gözəl bilər.

Bir problemlə qarşılaşdıqda o məsələnin həlli yollarının problemlərdən daha çox olduğunu bilər. Ağlayıb sızlama əvəzinə dərhal məsələnin həllinin ardınca düşər.

Öz doğrularının digərləri üçün də doğru olaraq qəbul edilməsinin vacib olduğunu düşünməz. Həyatda fərqli doğruların olmasının mümkün olduğunu, bu doğru yolların bir gün tək bir doğruda kəsişə biləcəyini ağlından çıxarmaz.

Doğrunun hər yerdə keçərli olduğunu, ancaq hər doğrunun hər yerdə söylənməyəcəyini bilər.

Özünü səmimi bir şəkildə başqasının yerinə qoymadan qətiyyən bir şəxsin verdiyi qərarları mühakimə və tənqid etməz.

Özünə çevrilib baxmağı heç bir zaman unutmaz. Hirsini cilovlaya bilmədiyi, ətrafındakıları incitdiyi zamanlara dair özünə suallar soruşar.

Yaxşı əməlləri sadəcə iş olsun deyə deyil, ruhunu bəslədiyi, onu canlandırdığı üçün görər.

Dərd və kədərin bir insandan digərinə qonan bir quş kimi olduğunu bilər. Bu gün gülənin sabah ağlaması onun üçün həyatın ən təbii həqiqətləridir.

Nə xoşbəxt olduqda yerə-göyə sığmayan bir sevincə, nə də üzgün olduqda kədərə qərq olar. Nəşə və sevinci necə yaşayarsa, qəmi və kədəri də eyni təbiiliklə qonaq edər, həyatına.

Tələsməz. Təlaş ilə atılan addımların bir müddət sonra özünə badalaq verəcəyini sezər, əvvəlcədən.

Bir işin və ya tapşırığın nə zaman yekunlaşacağını uzaqgörənliyi ilə hesablamağı bacarar. Ona verilən zamanı ən faydalı şəkildə dəyərləndirərək nə boş zaman xərcləyər, nə də tələsərək iki ayağını bir başmağa dirəyər.

Sakitdir və sakitləşdirməyi bacarır. Sürprizlərin qapımızı anidən çalacağını, həyatın durğun bir dəniz olmadığını təcrübə ilə öyrənib. O, anidən ortaya çıxan fırtınaya da, rəngarəng göyqurşağına da hazır olmağı bacarır.

Çıxdığı qapını heç bir zaman çırpmaz. Bir gün geri dönmək məcburiyyətində qala biləcəyini bilər.

Kimsənin xəyallarını yıxmaz. Xəyalların və həqiqətlərin arasında kəskin bir xətt çəkməz.

Ümid bəsləyər, ümidini daim canlı tutmağı bacarar. Ümidsiz alınan nəfəsin verilməyə dəyməyəcəyini bilər. Hikmət sahibi insan Allahın ona xilqətində bəxş etdiyi gözəllikləri yaşayan və yaşadan kimsədir.

FUAD QULİYEV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏSL MÜSƏLMAN KİMDİR?‎

Ağlımız kəsəndən bəri özümüzü “Müsəlman” sayırıq. “Sən müsəlman deyilsən!” ifadəsini bir təhqir hesab edirik. Bəzən “müsəlman olmayanları” qınayır, aşağılayır, düşüncələrimizdə...

Bağla