GÖZƏL DANIŞMAĞIN 11 QAYDASI

0

Danışmaq insanlar arasında ünsiyyəti, məhəbbəti və qaynayıb-qarışmağı təmin edən böyük bir ilahi lütfdür. Bir insanın istifadə etdiyi dil və üslub ona həyatda müvəffəqiyyət qazandırdığı kimi sahibini uğursuzluğa da düçar edə bilər. Hətta insanın dilini qoruya bilməsi cənnəti əldə etmə vasitələri arasında zikr edilir. Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurur:

“Kim mənə iki çənəsi arasındakı dili ilə iffəti və namusunu qorumağa dair söz verərsə, mən də ona cənnəti vəd edərəm.” (Buxari, Riqaq 23)

Allah-Təala Qurani-Kərimdə belə buyurur: “Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman31/19). Danışarkən sözlərə və ifadə tərzinə diqqət etmək lazımdır. Atalarımız nə gözəl demişlər: “Yüz ölç, bir biç.” Söylənilən yersiz bir söz bütün müsbət fikir və düşüncələri boşa çıxara bilər. Fəxri-kainat (s.ə.s) belə buyurur: “Bəndə ətraflı fikirləşmədən bir söz söyləyər və bu səbəblə cəhənnəmin şərqi ilə qərbi arasından da uzaq bir yerinə düşər. (Buxari Riqaq, 23) Boş və batil mənalar ehtiva edən şeir və qafiyəli tərzdə danışmaq da xoş görülməmişdir.

Həzrət Peyğəmbər (s.ə.s) danışmaq ədəbi ilə bağlı bəzi qaydalar müəyyən etmişdir. Bu qaydaların başlıcalarını aşağıdakı kimi sıralaya bilərik.

1. Açıq və aydın bir şəkildə həmsöhbətin səviyyəsi nəzərə alınaraq danışılmalı, zərurət varsa əhəmiyyətli ifadələr təkrar edilməlidir. Gözəl, aydın və bəlağətli bir üslub ilə danışan Peyğəbərimiz (s.ə.s) haqqında əshabının bu müşahidələri olduqca  əhəmiyytlidir. “Rəsulallahın nitqi hər bir dinləyənin rahatlıqla anlaya biləcəyi şəkildə açıq idi. (Əbu Davud, Ədəb 18) Sözü anlayacaq  kimsənin olmadığı məclisdə danışmaq isə çənəni yormaqdan başqa bir şey deyildir. Məşhurinin dediyi kimi “Aqil adam sözün yerini tapmadıqca söyləməz.”

2. Alimlik edib gözdən pərdə asmaq və özünü başqalarından üstün tutmaq məqsədilə boş, mənasız söhbətlər etmək və ya insanların dərk edə bilməyəcəyi kəlmələrlə onlara xitab etmək qadağan edilmişdir. Sevimli Peyğəmbərimiz “Şübhəsiz ki, Allah-Təala mal- qaranın otu yeyərkən ağzında gövşədiyi kimi, sözü ağzında çeynəyərək dili korlayan boş söz danışan kimsələrə  nifrət edər” buyurmuşdur.

3. Qışqıraraq, bağraraq yüksək səslə danışmaq olmaz. Heç kimin qarşısında kar varmış kimi qışqıraraq, ya da dava edirmiş kimi hirsli bir səs tonu ilə danışması doğru deyildir. Bir hədisi-şərifdə söyləniləcək gözəl bir sözlə də cəhənnəm əzabından xilas oluna biləcəyi qeyd olunur. “Xurmanın yarısını verməklə də olsa cəhənnəmdən qorunun. Bunu da tapa bilməyən gözəl bir sözlə cəhənnəmdən qorunsun.” (Müslim,  Zəkat 68)

4. İki nəfərin, yanlarında olan üçüncü adamı kənarlaşdıraraq öz aralarında pıçıldaşmaları qadağan olunmuşdur. Rəsulullah (s.ə.s) belə davranışın kənarda yalnız qalan adamın inciməsinə səbəb olacağını bildirmişdir.

5. Bir məclisdə hər hansı bir mövzu müzakirə olunursa və ya cavab vermək üçün bir sual verilmişsə, ilk söz söyləmək haqqı məclisin böyüyünə aiddir. Bununla yanaşı digər kimsələr də ədəbə uyğun bir şəkildə fikirlərini dilə gətirə bilərlər.

5. Az və mənalı danışmalı, mənasız təfsilatdan çəkinilməlidir. Başqa cür desək, çox danışmamalı yerli-yerində və ölçülü danışmaq adət halına gətirilməlidir. Peyğəmbərimiz bu mövzuya aşağıdakı hədislə diqqət çəkməkdədir: “İnsanın özünü maraqlandırmayan şeyləri tərk etməsi, onun yaxşı müsəlman olmasındandır.”

6. Maddi və mənəvi cəhətdən heç bir faydası olmayan, əksinə zərəri toxunan söhbətlərdən qəti şəkildə çəkinmək lazımdır.

7. İnsanın halal, yaxud haram; gözəl, yaxud çirkin; xeyir və ya şər olduğunu hələ tam qərarlaşdırmadan söz söyləməsi də nitq ədəbinə ziddir.

8. İkitərəfli əlaqələrdə insanı müşkül vəziyyətə salacaq mənasız sözlərdən çəkinmək, dostluqların davamı nöqteyi-nəzərindən fövqəladə əhəmiyyət kəsb edir. Həzrət Peyğəmbər (s.ə.s): “Üzr istəmək məcburiyyətində qalacağın bir söz söyləmə” buyurmuşdur.

9. Mömin hər zaman düz və doğru danışmalı, yalan söz və yalan xəbərdən qəti surətdə çəkinməlidir. Qurani-Kərim də eyni bizə belə xəbərdarlıq edir: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! Əgər belə etsəniz, Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar.” (əl-Əhzab 70-71)

10. Gələcəklə bağlı danışarkən “İnşallah” demək digər bir ədəb qaydasıdır.

Gəlin, doğru olmağı, düz danışmağı həyat düsturu etməyə çalışaq!

MÜBARİZ KƏRİMOV  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YOLÇULUQ ÜÇÜN NƏ HAZIRLADIN?

Hər hansı iş və dostlarla görüşmək üçün planlar qururuq. Ölkə daxili və ya ölkə xarici yolçuluq edəcəyiksə əvvəlcədən hazırlıq görürük. Xarici...

Bağla