GÖZ YAŞIMIZ NİYƏ QURUDU?

0

Uca Allah Qurani-Kərimdə “Qullarım az gülüb, çox ağlasınlar” deyə xəbər verdiyi halda  göz yaşımız niyə qurudu?  Ağlamağı nə üçün unutduq?

Peyğəmbər tərbiyəsiylə yetişən səhabələr  çox duyğulu insanlar idilər.

Bir gün Peyğəmbərimiz  (s.ə.s)  səhabələrini yanına çağırıb, cənnət və cəhənnəmi gördüyünü onlara söylədi. Daha  sonra “Mənim bildiyimi siz bilsəydiniz, az gülər, çox ağlayardınız!” -deyə buyurdu. Bu duyğulu insanlar  eşitdikləri sözlərdən sonra başlarını aşağı salıb  hönkür-hönkür ağladılar. 

Axirətin iki həqiqəti cənnət və cəhənnəmdir. Bəli, cənnət kimi cəhənnəm də həqiqətdir. Cəhənnəmə getməyəcəyimizə dair əlimizdə heç bir zəmanətimiz yoxdur. Ancaq Allah qorxusuyla ağlayan gözü cəhənnəmin yandırmayacağına (Tirmizi, Fəzailül-cihad, 12) dair Həzrət Peyğəmbərin müjdəsi var.

Həzrət Əbu Hüreyrə kimi cəhənnəmi təsvir edən ayələri eşitdiyimiz zaman düşünüb göz yaşı tökməliyik. Bizi onun şərindən qoruması üçün Uca Rəbbimizə yalvarıb-yaxarmalıyıq.

Xəstələndiyi zaman Həzrət Əbu Hüreyrədən “Nə üçün ağlayırsan?” -deyə soruşdular.  O da:  “Mən sizin dünyanız üçün ağlamıram. Yolum uzun, azuqəm azdır. Axşam olduqda həm cənnətə, həm də cəhənnəmə baxan bir yamacda qonaqlayıram. Məni onlardan hansına aparacaqlarını bilmirəm. Məhz bunun üçün ağlayıram.” -deyə cavab verdi. Digər səhabələr də onun kimiydi.  Cəhənnəmdən bəhs edən ayələr enəndə tükləri ürpərirdi.

Peyğəmbərimiz hədisi-şərifində buyurur:

  “Allah qorxusuyla ağlayan kəs cəhənnəmə girməz. İsrarla günah işləyən kimsə də cənnətə girməz.” (Tirmizi, Fəzailül-cihad, 12) 

   Bir gün də Peyğəmbərimiz (s.ə.s) gözəl və yanıqlı səsi olan Abdullah bin Məsuda:  “Mənə bir az Quran oxu!” -dedi.  Abdullah bu təklifə çox təəccüblənərək: “Ey Allahın  Rəsulu! Qurani-Kərim sənə nazil olduğu halda onu sənə mənmi oxuyum? -deyə soruşdu. Sevimli Peyğəmbərimiz

 Allahın kəlamını bir başqasının ağzından dinləməyi də çox sevdiyini söylədikdə Abdullah bin Məsud oxumağa başladı. O, başını qaldırıb Peyğəmbərimizə baxdıqda mübarək yanaqlarından yaşların süzüldüyünü gördü.

   Abdullah bin Məsudun bir adəti vardı. Bazara gedəndə dəmirçilər bazarına da baş çəkərdi. Gözlərini dəmirçilərin qızmar oddan çıxardıqları qıpqırmızı dəmirə dikər və cəhənnəmi düşünərək ağlayardı.

    O böyük insanlar cəhənnəm qorxusuyla hönkür-hönkür ağlayırdısa, görəsən biz nə qədər ağlamalıyıq? Bəs nə üçün bu qədər rahatıq? Hansı əməllərimizə arxayınıq? 

  Həzrət Əbu Bəkrin sözü ilə yazımı bitirirəm:

“Ağlaya bilirsən ağla! Ağlaya bilmirsən ağlamağa çalış.”                                                 

Məqalənin hazırlanmasında Altınoluk jurnalından istifadə olunmuşdur

Müşfiq Xəlilov

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAMI YENİLƏMƏK, YOXSA İSLAMLA YENİLƏNMƏK?

Heç şübhəsiz ki, hər kəsin qəbul etdiyi bir həqiqət var, XXI əsr texnologiya və elmi tərəqqi əsridir. Bütün sahələrdə texnoloji...

Bağla