Bir insana güvən verə bilmirsinizsə onun sevgisinə əsla nail ola bilməzsiniz…
İnsan övladı ana bətnində doqquz ay güvənli şəkildə qorunaraq dünyaya gələrkən yaşaya bilməsi üçün dərindən nəfəs alır. İlk nəfəsində daxilinə aldığı soyuq hava ilə ilk ağrını və acını hiss edir. Bu əsnada hiss etdiyi qorxu həyatının ilk qorxusu sayılır. Bu qorxu uşaqda güvənli bir yerdə deyiləm düşüncə və reaksiyasını formalaşdırır. Ona görə də özünə güvən verən bir şeyə ehtiyac duyur. Bu dünyada var ola bilməsi üçün ana bətnindəki güvənli mühiti arzulayır. Onu bütün təhlükələrdən qoruyacaq, ac qaldığı zaman yedirəcək, zəruri ehtiyaclarını qarşılayacaq birinə ehtiyac duyur. Onun ilk güvəndiyi insan isə anası olur və onun həyatda qala bilməsi üçün əlindən gələni edir. Təbiətdə dünyaya bala gətirən bütün heyvanların balaları bir neçə saatdan sonra ayaqda durub öz ehtiyaclarını qarşılaya bildiyi halda insan övladı onlardan tamamilə fərqlənir. Bu bəlkə də ətrafındakı ən yaxın insanlara bağlana bilməsi, onlara qarşı güvən hissinin formalaşması üçün insan övladına verilən bir şansdır.
Qeyd etdiyimiz kimi güvən duyğusu uşaqlıq yaşlarında formalaşan bir duyğudur. İlk körpəlikdə, yeni doğulmuş körpənin ana ilə qurduğu bağla inkişaf edən bu duyğu, əslində gələcək münasibətlərin əsasını da formalaşdırır. Bu prosesdə valideynlərini itirən, atılmış körpələr və valideynlərindən hansısa yolla ayrılan uşaqlar bu bağı tam şəkildə qura bilmirlər. Bu çatışmazlıq gələcəkdə həyat yoldaşına qarşı inamsızlığa da səbəb olur. Bu etibarsızlığın əsas səbəbi uşaqlıqda güvən bağının lazım olduğu kimi qurulmamasıdır. Bu vəziyyət insanda zamanla bağlılıq problemləri yaradır. İnsan partnyoruna güvənməkdə çətinlik çəkir və çətin bir stiuasiya qarşısında qalanda digər insanların da etibarsız olduğunu düşünür.
İnsan güvəndiyini sevər, sevdiyinə güvənər deyirlər. Ətrafında güvənə biləcəyin insanlar azaladıqca həyatın dadı duzu qaçmağa başlayır. Həyatını, fikirlərini, düşüncələrini, sahib olduğun hər şeyi güvənib etibar edəcəyin insanlar varsa deməli dünyanın ən zəngin insanı sən sayılırsan. Bu mənada həyatımızı gözəlləşdirmək üçün aşağıdakılara güvənməyə mütləq şəkildə diqqət etməliyik:
- Allaha güvənmək: Hər bir müsəlmanın birinci vəzifəsi Allaha güvənmək və təvəkkül etməkdir. Bu dünyada qarşılaşdığı xeyrin də, şərrin də Rəbbindən olduğunu düşünmək ona əlavə bir mənəvi güc verir. Onu yaradan Allahın heç bir zaman onu darda qoymayacağına inanan və güvənən bir müsəlman təşviş və qorxudan uzaq olur.
- Özünə güvənmək: Özünə güvənmək insanın fərdi inkişafına səbəb olan başlıca amillərdəndir. Öz güc və potensialına güvənib daha çox çalışır və daha çox çalışdığı üçün də daha çox uğur qazanır. Özünə güvənən insan qarşısındakı yükün ağırlığından qorxmur və əksinə istənilən problemin həllinə nail olur. İnsanın özünə inamı zəiflədikcə depressiya yaranır. Özünü təhlükədə hiss edən insan həyata bağlanmaqda çətinlik çəkir. Cəsarətli addımlar atıb risk edə bilmir. Elə buna görə də özünə inam vacib şərtlərdən hesab edilir.
- Ailəyə güvənmək: Yuxarıda da qeyd etdiyimiz kimi, inasan ilk olaraq öz valideynlərinə xüsusilə də anasına güvənir və etibar edir. İllər keçdikcə, qardaş və bacılar bu siyahıya əlavə olunur. Ətrafında onu dəstəkləyən, ona güvənən və etibar edən insanlar çoxaldıqca insan daha çox uğur qazanmağa başlayır. Belə ki, getdiyi yolda tək olmadığnı düşünərkən özündə daha çox güc tapır və hədəfinə doğru mətin addımlarla irəliləyir. Nəticə etibarı ilə insan bu dünyada sadəcə özü üçün yaşamır və uğurlarına sevinən insanların sevincindən də güc alır.
- Həyat yoldaşına güvən: Ailə quran fərdlərin də bir-birinə güvənməsi əsas şərtlərdəndir. Qarışılıqlı münasibətlər üçayaqlı masa kimidir. Sevgi-hörmət və güvən. Bunlardan biri qırılarsa, masa silkələməyə başlayır, nəhayət, yıxıla bilər. Bəzən münasibətlərdə edilən səhvlər, qısqanclıq, aldatmalar güvən və etibarın itməsinə səbəb olur. Bu zaman qarşınızdakı insanı hələ də sevib, ona hörmət etsəniz də, ona qarşı güvən və etibarınız azalmağa başlayacaq. Güvən əksikliyi isə qarşılıqlı münasibətlərdə çox şey deməkdir. Çünki bu, çətin qazanılmış bir duyğudur və itirildiyi zaman onu geri qaytarmaq üçün həddindən artıq daha çox vaxta ehtiyac duyulur.
- İş yoldaşlarına güvən: Güvən duyğusu iş həyatında da önəmli yerə sahibdir. Güvənə bilmədiyiniz bir kollektivdə işləmək sizi heç bir zaman uğura apara bilməz. Odur ki, işlədiyiniz kollektivi əvvəlcədən elə seçin ki, orada gevənə biləcəyiniz insanlar olsun.
Son olaraq unuytmayın, uşaqları vaideynləri oxşadarkən yuxarı atdıqları zaman uşaqlar ona görə gülür ki, onlar valideynlərinə güvənirlər. Uşaqlar anlayır ki, valideynləri onları əsla yerə düşməyə qoymaz. Çalışaq elə insan olaq ki, yanımızdakı insanlar bizə güvənsin və bizə görə yıxılacaqlarını düşünməsinlər.