Həcc ibadəti üçün icazə portalında qeydiyyatdan keçmədən Məkkə şəhərindəki müqəddəs yerlərə girməyə cəhd edənlər cərimə olunacaq. Bu barədə Səudiyyə Ərəbistanı krallığının Daxili İşlər Nazirliyi məluma yayıb.
Məlumatda bildirilir ki, Mina, Müzdəlifə və Arafat kimi müqəddəs məkanlara iznsiz girənlər 10 min riyal (təqribən 4 500 manat) cərimə olunacaqlar. Nazirlik bildirib ki, analoji hərəkət təkrar ediləcəyi təqdirdə cərimə iki qat olacaq.
Qeyd edək ki, iyulun 18-də başlaması gözlənilən Həcc ibadəti üçün ötən gün icazə portalında qeydiyyat başlayıb. Nazirlik, Məscidi-Haram nəzarət-buraxılış məntəqələrində gücləndirilmiş iş rejiminə keçdiklərini, qaydaları pozmaq cəhdlərinin qarşısının dərhal alınacağını qeyd edib.
Xatırladaq ki, qlobal pandemiya səbəbindən Səudiyyə Ərəbistanı bu il də ötən il olduğu kimi Həcc ibadəti üçün əcnəbi zəvvar qəbul etməyib. Bu il ölkə daxilindən məhdud sayda insan Həcc edəcək.