HƏCC VƏ QURBAN

0

Allaha qulluğun təzahürü olan bütün ibadətlər ruha verilən müxtəlif vitaminlər kimidir.

Hər bir ibadətdən almalı olduğumuz hikmətlər, dərslər və əxlaqi keyfiyyətlər var. İbadətimizin məqbul olmasının əlaməti də məhz bunlardır.

Fərz qılınan ilk ibadət dinimizin dirəyi olan namazdır. Namaz insanın özünü ilahi hüzurda bilməsi, daim bizimlə birlikdə olan Rəbbimizlə qəlbi görüş, səcdələrlə Ona olan yaxınlığı artırmaqdır.

Namazdan sonra oruc fərz qılındı. Oruc müəyyən müddət ərzində yeyib-içməyi tərk etməkdən ibarət deyil. çünki oruc mədədən əlavə bütün üzvlərin, xüsusilə də gözün, qulağın və dilin haramlardan qorunması ilə qula “təqva” həssaslığını qazandırmağı hədəfləyən böyük bir ibadətdir. Yəni qula müəyyən müddət ərzində bəzi halaları yasaqlayaraq haramlardan nə qədər uzaq durmalı olduğunu təlim edən nəfs tərbiyəsidir. Halalardan belə minimum ölçüdə istifadə etməyi təlqin edən riyazət halıdır. Acları və möhtacları xatırladaraq mərhəmət, şəfqət və comərdliyi inkişaf etdirən vicdan təkamülüdür.

Orucdan sonra zəkat fərz qılındı. Zəkat kasıbların dinən zəngin sayılanların malındakı haqqıdır. Digər infaqlarla bu minimum miqdarı aşmağa çalışmaq lazımdır. Çünki qulun bu fədakarlığı Haqq-Təalaya yaxınlaşma istəyinin təzahürüdür.

Allah-Təalanın zəkat və infaqlardakı muradı da əmanət olaraq ehsan etdiyi bütün nemət və imkanlardan qulun nə qədər fədakarlıqlıq edə biləcəyini sınağa çəkməkdir. Yəni qulun Haqqa təvəkkül, təslimiyyət, məhəbbət və şükür duyğularını imtahan etməkdir.

Son olaraq fərz qılınan həcc də digər ibadətlər kimi ehtiva ətdiyi hikmətlərin təfəkküründə dərinləşərək həssas bir könüllə ifa edilməli olan mühüm bir ibadətdir.

 Həccə Hazırlıq

Həcci kamil mənada əda eib həqiqətinə varmaq üçün həcc səfərinə çıxmadan əvvəl maddi və mənəvi bir hazırlıq mərhələsindən keçmək lazımdır. Maddi hazırlığın ən mühümü borcları və qul haqlarını ödəyib halallaşmaqdır. Həcc həm bədəni, həm də mali ibadət olduğu üçün malı da infaqlarla təmizləmək lazımdır.

Necə ki, Rəsulullah r belə buyurmuşdur:

“Ey tacirlər! (Nə qədər diqqət etməyə çalışsanız da) şübhəsiz ki, alverə yalan və and bulaşır. Elə isə siz də (ehtiyatdan) ona sədəqə qarışdırın! (Əhməd, IV, 6; Əbu Davud, Büyu, 1/3326)

Bu hədisi-şərifdə hər nə qədər ticarət adamlarına xitab edilsə də, əslində hər bir peşə sahibinin ruzisini təminində səhvən buna bənzər qüsurları ola bilər. Nəticə etibarı ilə həccə gedəcək olan möminlərin oraya təmiz pulla gedə bilmələri üçün qul haqlarını ödəməkdən əlavə ehtiyat məqsədi ilə infaq və sədəqələrlə də sərvətlərini təmizləyib xəta və nöqsanlarına tövbə və istiğfar etmələrində fayda var. Əks təqdirdə həccin könül feyzinə nail olmaq mümkün deyil.

Hədisi-şərifdə buyurulur:

“Hər kim bu Beyti haram qazancdan əldə etdiyi pulla ziyarət edərsə, Allaha itaətdən çıxmış olar. Belə bir insan həccə niyyət edər, ehrama bürünərək miniyinin üzəngisinə ayağını basıb dəvəsini hərəkət etdirdikdən sonra Ləbbeyk Allahummə ləbbeyk desə, səmadan bir carçı ona belə səslənər:

“Sənə nə ləbbeyk, nə də sədeyk! Çünki sənin qazancın haram, azuqən haram, miniyin də haramdır. Heç bir savab almadan, günahkar olaraq geri qayıt! Xoşuna gəlməyəcək şeylə qarşılaşacağın üçün kədərlən!.. (Heysəmi, III, 209-210)

Ona görə borc varsa, ödənməli, qul haqqı varsa, halallıq alınmalı, kasıbların sərvətdəki haqqı olan zəkat haqq sahiblərinə təhvil verilməlidir.

Bu maddi hazırlıqlardan sonra mənəvi hazırlıq mərhələsi gəlir ki, o da qəlbi bu müqəddəs səfərə hazırlamaqdır.

Bəyazid Bəstami həzrətlərinin Hicaza gedərkən yaşadığı hikmətli bir hadisəni Mövlana həzrətləri belə nəql edir:

“Bəyazid həcc üçün yola çıxdığı vaxt üzərində vəlilərin ruhaniyyəti olan bir ağsaqqalla qarşılaşdı. İxtiyarın gözləri dünyaya kor, qəlbi isə günəş kimi ziya saçırdı. Bəyazid onun qarşısında əyləşdi. Pir soruşdu:

– Ey Bəyazid, hara gedirsən? Bəyazid:

– Həccə getmək niyyətindəyəm, iki yüz dirhəm də pulum var, – dedi. Pir Bəyazidə dedi:

– Ey Bəyazid, o dünyalığın bir hissəsini Allah yolundakı möhtaclara, qəriblərə və biçarələrə payla! Onların qəlbinə gir və dualarını al ki, ruhunun üfüqü açılsın! Beləliklə əvvəlcə könlünə həcc etdir. Ondan sinra incə və həssas könüllə həcc səfərinə davam et!..

Çünki Kəbə Allahın birr evidir. Yəni ziyarəti fərz və savaba vəsilə olan bir evdir. Lakin insan qəlbi sirr xəzinəsidir.

Əgər bəsirətin varsa, əvvəlcə könül Kəbəsini təvaf et!.. Daşdan və torpaqdan tikildiyini sandığın Kəbənin əsl mənası könüldür.

Allah-Təala görünən, bilinən surət Kəbəsini təvaf etməyi kirlərdən təmizlənmiş bir qəlbə sahib olasan deyə sənə fərz qılmışdır.

Onu bil ki, Allahın nəzərgahı olan bir qəlbi incitsən, Kəbəyə yeriyərək də getsən, qazandığın savab könül qırmağın günahını yuya bilməz.

Sən var-dövlətini, bütün sərvətini verib bir könül al! Qazandığın o könül məzarda, o zülmət gecədə sənə işıq saçsın!..

Allahın hüzuruna qızılla dolu minlərlə kisə aparsan, Haqq-Təala belə buyurar:

Əgər bizə nə isə gətirmək istəyirsənsə, qazanılmış bir könül gətir! Çünki qızıl-gümüş Bizim üçün heç nə ifadə etmir. Əgər Bizi və rizamızı istəyirsənsə, bunun yalnız bir könül qazanmağa bağlı olduğunu unutma!..” Hqqın nurunun insandakı təcəllisini görmək üçün qəlb gözəl yaxşıca açılsın!..

Bəyazid pirin bu hikmətli sözlərini dərk edib vəcd ilə həcc səfərinə davam etdi.

Fikirləşməliyik ki, bu fani dünyada hamımız əbədiyyət yolunun yolçusuyuq. Əcəl vədəmizin nə zaman dolacağı məchuldur. Elə isə həcc səfəri üçün maddi-mənəvi hazırlıq görməli olduğumuz kimi qəbir və axirət səfəri üçün də hər an hazır olmalıyıq.

 Nəzərgahi-İlahi

Təsəvvüfi əsərlərdə qəlbin Kəbəyə bənzədilməsinə tez-tez rast gəlirik. Bu hal məxluqatın ən şərəflisi və kainatın göz bəbəyi olaraq yaradılan insandakı qəlbin kainat içində Kəbənin mövqeyinə bənzədiyi üçündür. Həqiqətən də hər ikisi ilahi təcəlligah olma cəhətindən mərkəzi yerə sahibdir.

Yer üzündəki ən mühüm nəzərgahi-ilahi Kəbə olduğu kimi masivadan təmizlənərək mərifətullah təcəllilərinə məzhər olmuş səlim qəlblər də nəzərgahi-ilahidir. Təvafda bu iki nəzərgah bir olur.

Necə ki, Allah Rəsulu r in Kəbəni təvaf edərkən belə buyurduğu nəql edilir:

“(Ey Kəbə!) Sən nə gözəlsən və ətrin də necə gözəldir! Sən nə ucasan və hörmətin də necə ucadır! Amma canım əlində olan Allaha and içirəm ki, Allah nəzdində malı və qanı ilə möminin hörməti sənin hörmətindən daha böyükdür!..” (İbn Macə, Fitən, 2)

Deməli, nəzərgahi-ilahi olan səlim bir qəlb Kəbə kimi hörmətə layiqdir. Qəlblərin təqvada səviyyə qazanması üçün Kəbəyə gedənlər bunun ilk şərtinin mömin qardaşının qəlbini qırmamaqdan keçdiyini yaxşı bilməlidirlər. Çünki bir möminin qəlbini qırmaq Kəbəni yıxmaq kimi ağır günah sayılmışdır.

Yunus Əmrə həzrətləri necə də gözəl deyir:

Ağ saqqallı pir xoca,

Biləməz halı necə,

Əmək yeməsin həccə,

Bir könül yıxar isə

Könül qırmaq bu qədər ağır bir günah olduğu kimi qırıq bir qəlbi təsəlli etmək də Kəbəni təvaf etmək kimi fəzilətli sayılmşdır.

Necə ki, Molla Cami (q.s) buyurur:

“Könül al! (Çünki könül almaq) həcci-əkbərdir.

Bir könül minlərlə Kəbədən daha yaxşıdır.

Kəbə Azər oğlu İbrahimin inşa etdiyi binadır.

Könül isə Cəlil və Əkbər olan Allaın nəzərgahıdır.

 Həcci-Əkbər savabı

Nəzərgahi-ilahi olan könülləri axtarıb tapmaq, onların dərdinə məlhəm olmaq bəzən ilahi rəhməti o qədər cəlb edər ki, insanın əbədi qurtuluşuna vəsilə olar. Zira insanı Allahın rizasına nail edəcək vəsilələr, məşhur deyimə görə məxluqatın nəfəs sayı qədər çoxdur. Mühüm olan daim Haqqa vüslət arayışında olmaqdır.

Mövlana həzrətləri deyir:

“Həccə gedənlər orada Kəbənin sahibini arasınlar. Onu tapandan sonra Kəbəni hər yerdə tapa bilərlər”.

Bu baxımdan Allah ilə bərabərliyin könül feyzi içində yaşayan bir mömin hər zaman və məkanda həcci-əkbər savabının qazanıla biləcəyini yaddan çıxarmaz. Allah-Təalanın hansı əməl hörmətinə qulundan razı qalacağı bəlli olmadığı üçün qarşısına çıxan heç bir xeyir fürsətini fövtə verməmə fərasəti ilə hərəkət edər. Xüsusilə Haqq-Təalanın xüsusi nəzərlərinə məzhər olan məhzun və qəmgin könüllərə dərman olmağa çalışmanın ilahi rizanı əldə etməyin ən gözəl yollarından biri olduğu şüuru ilə yaşayar.

Qeyd edəcəyimiz hadisə bunun gözəl bir misalıdır:

Tabeun nəslindən alim, mühəddis, arif və fəzilət sahibi bir zat olan Abdullah bin Mübarək ibadətini etdikdən sonra Kəbeyi-Müəzzəmədə yakaza halında ikən səmadan iki mələyin nazil olduğunu müşahidə edir. Mələklərdən biri digərinə:

– Bu il altı yüz min adam həcc etdi. Hamısının həcci Şamda Əli bin Muvaffaq adlı bir pinəçinin işlədiyi əməlin hörmətinə qəbul oldu. O, həccə getməyə niyyət etsə də gedə bilmədi. Onun işlədiyi bir əməl hörmətinə bu qədər hacının həcci qəbul edildi,- deyir.

Abdullah bin Mübarək həzrətləri maraq və heyrətlə ayağa qalxır. Bir karvanla Şama yollanır. Həmin adamı tapıb soruşur:

“Sən həccə getmədiyin halda hansı əməli işlədin?”.

Əli bin Muvaffaq Abdullah bin Mübarək kimi məşhur bir adamı qarşısında görüb əvvəlcə təəccüblənir. Həyəcanla özündən gedir. Özünə gələndə isə belə nəql edir:

“Otuz ildir ki, həccə getmək arzusu ilə yaşayıram. Bu məqsədlə 300 dirhəm pul yığdım. Həccə getməyə niyyət etdim. Hamilə olan yoldaşım:

“Qonşudan ət iyi gəlir, gedib mənim üçün bir az istəyərsənmi?” – dedi.

Qonşuya gedib vəziyyətin nə yerdə olduğunu dedim. Qonşum ağlamağa başladı:

“Yeddi gündür ki, uşaqlarım acdır. Yolda ölü bir heyvan tapdım. Ətindən bir parça kəsib gətirdim. İndi onu qaynadıb uşaqlarıma təsəlli verirəm. Halal bir qida tapmasam, məcbur onu yedirəcəyəm. İstəyirsinizsə sizə də verim. Ancaq qazanda qaynayan ət ölümlə üz-üzə gəldikləri üçün bu uşaqlara halal, sizə isə haramdır”, – dedi.

Bunu eşidəndə sanki içimdən bir parça qopdu. Min bir çətinliklə yığdığım həmin üç yüz dirhəmi ona verdim və “Ya Rəbb, həcc niyyətimi qəbul et!..” – deyə Rəbbimə dua etdim”.

Bu söhbəti eşidən Abdullah bin Mübarək həzrətləri:

“Rəbbim mənə doğru olanı bildirib”,  – buyurdu.

Deməli, mömin məhzun bir din qardaşının hüznünü dağıtmaq üçün belə həssas rəftar edərsə, bu hərəkəti onun üçün həcci-əkbər kimi böyük bir əcrə səbəb olar.

Lakin hər könlü xoşnud etmək həcci-əkbər savabı qazandırmaz. “Sən onları simalarından tanıyırsan[1] ayeyi-kəriməsində işarə edildiyi kimi Haqqa yaxın olan qırıq qəlbləri yüksək ədəb, həya və iffətlərindən dolayı insanlara halını ərz edə bilməyən məhzun ürəkləri axtarıb tapmaq lazımdır.

Digər tərəfdən könül almağın fəziləti ilə əlaqəli bu ifadələri də doğru anlamaq lazımdır. Çünki bütün bu həqiqətlər fərz ibadət olan həcc mükəlləfiyyətini xor görmək üçün deyil, əksinə, onu zahir və batin, maddə və məna, qəlb və bədən ahəngi içində ən məqbul surətdə əda edə bilməyin lüzumunu ifadə üçündür. Yəni heç bir mömin “Mən bir könül aldım, o mənə həcci-əkbər oldu” – deyərək özünü həcc mükəlləfiyyətindən azad görməz.

Hətta tayyi-məkan olaraq kəramətən həccə getdiyini söyləyən bir zata Sami Əfəndi həzrətlərinin belə bir gedişlə şəri mükəlləfiyyətin ödənməyəcəyini, zahiri şərtlərinə riayətlə də həcc fərzini yerinə yetirməli olduğunu söyləməsi bu xüsusdakı şəri həssaslığın ən gözəl nümunələrindən biridir.

Unutmayaq ki, təsəvvüf şəriəti təkamül üçündür. Təsəvvüfün qayəsi şəri hökmləri kamil şəkildə əda edə bilmək üçün lazım olan qəlbi səviyyə qazanmaqdır. Bu həqiqəti göz ardı edərək zahiri mükəlləfiyyətləri xəfifə almaq qəflət korluğu ilə batilə dalmaqdır. Hansı səbəblə olursa olsun, imkanı olduğu halda həccə getməkdən imtina edənlər Rəsulullah in bu dəhşətli xəbərdarlığına məruz qalmaqdan qurtula bilməzlər:

“Hər kim yemək, içmək və minik məsrəflərinə malik olduğu halda Beytullaha getmək imkanı ola-ola həcc etməzsə, onun yəhudi və ya xristian olaraq ölməsinə heç bir maneə yoxdur. (Tirmizi, Həcc, 3)

Bu nəbəvi xəbərdarlıq həcc fərzinə laqeyd yanaşmağın nə qədər böyük bir günah və necə ağır vəbal olduğunu açıq-aydın ifadə edir.

 QAYƏ: Təqvaya Çatmaq

Ayeyi-kərimədə buyrulur:

“Həcc (mövsümü) məlum olan aylardır (şəvval, zülqədə ayları və zülhiccənin birinci on günü). (Həmin aylarda) həcc ziyarəti vacib olan (həcci özünə vacib bilən) şəxsə həcdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. (Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır. (əl-Bəqərə, 197)

Orucun fərz qılındığını bildiren ayənin sonunda “لَعَلَّكُمْ تَتَّقُونَ : bəlkə təqvaya nail olasınız[2] buyurulduğu kimi həcdən bəhs edən ayədə də “təqva tədarükü” görməyə diqqət çəkilməsi ibadətlərlə qulun kazanmalı olduğu həssasiyyət açıq-aydın göstərilmişdir. Yəni həcc də bir növ “təqva” təlimidir. Həcci məqbul formada ifa edə bilməyin ən böyük əlaməti həcdən sonra da təqva üzrə yaşamaqdır.

Həccin hikmətlərindən, vermək istədiyi mesajlardan və əxlaqi dəyərlərdən layiqincə nəsiblənib ömür boyu o həssaslığı qoruya bilmək üçün bu böyük ibadətin müəyyən rüknlərini məna və mahiyyətini təfəkkür etmək lazımdır.

 Ehram Həssasiyyəti

Həcc və ümrədə geyilən iki hissə parçadan ibarət olan ehram fani həyatın son libası olan kəfənə bürünməyin simvoludur. Bu cəhəti ilə həcc sanki məhşərdə dirilməyin təlimini yaşadaraq “ölmədən əvvəl ölün sirrini idraka vəsilə olan bir ibadətdir. Ölmədən əvvəl ölmək əcəl gəldikdə məcburən tərk ediləcək nəfsani ehtirasları bu gün öz iradəmizlə tərk edə bilməyimizdir. Nəfsin şikayət və etirazlarını susduraraq Allah və Rəsuluna tam təslimiyyətlə itaət etməyimizdir.

Həmçinin ehram qulun heçliyini təfəkkürə bir vəsilədir. Hər zaman geyilən patlarlar çıxarılaraq dünyəvi rütbələrin, məqam və mövqe kimi etiketlərin dəyər itirməsidir. Nəticə etibarı ilə Allah qatında yeganə üstünlük səbəbinin “təqva” olduğunu daha açıq surətdə idrak etmək vəsiləsidir. Bəşəri münasibətlərimizi geyim-keçimimiz, sərvət və şöhrətimiz, məqam və mövqeyimiz üzərindən deyil, insanlıq və əxlaqımız üzərindən müəyyən edib mütəvazi olmamızın lüzumunun təlqinidir.

Həmçinin ehramlı ikən “rəfəs, füsuq və cidal” qadağandır.

Rəfəsdən çəkinmək ehramlı ikən nəfsaniyyətdən uzaqlaşmaq və ruhani istedadların inkişafı üçün insanın halalı olan ailəsi ilə belə münasibətlərini məhdudlaşdırmasıdır.

Fisq, yəni günah davranışlardan bir müsəlmanın hər zaman çəkinməlidir. Hətta din və dünyasına fayda verməyən boş işlərdən belə çəkinərək vaxtını ən xeyirli məşğuliyyətlərlə keçirməsi lazımdır.

Cidal, yəni münaqişə və dava-dalaşdan çəkinmək də ehramın şərtlərindəndir. Mömin daima təmkinli, ünsiyyətcil, mülayim, əfvedici və xətaları gizləyən olmalıdır.

Unutmamalıyıq ki, ilk cidal şeytanın Allaha etirazı ilə başlamışdır. Şeytan naqis ağlı ilə -haşa- Allahın hökmünü bəyənməmə axmaqlığına düşmüş və ilahi əmrə üsyan etmişdir. Deməli, insanın hər hansı bir məsələdə Allah və Rəsulunun açıq bir hökmü ola-ola ona deyil, öz ağlına etibar etməsi şeytanın cidalını tətbiq etməkdən fərqlənmir. Bu gün Quranın hökmlərini nazil olduğu zaman və məkana aid görənlər də bu axmaqlığın bənzərini sərgiləyirlər.

Bu səbəblə möminin vəzifəsi cidal deyil, Allah və Rəsulunun əmrlərinə tam təslimiyyətlə itaətdir. Bu itaət ən böyük “şeytan daşlama”dır. Lakin biz Allaha itaətdən ayrılsaq, o zaman şeytan bizi daşlamağa başlayar.

Bu baxımdan şeytan daşlamaq yalnız həccə məxsus deyil. Əsas etibarı ilə həyatın hər mərhələsində davam etdirilməli olan bir qulluq vəzifəsidir. 

Bütün bunlarla yanaşı ehramda Allahın qulların incitməməyə də son dərəcə diqqət etmək lazımdır. Çünki orada işlənən saleh əməllər kimi qəbahət və günahların da qat-qat artıqlaması ilə qarşılığının veriləcəyi unudulmamalıdır.[3]

Orada ov heyvanı da olsa cana qymaq, hətta canlı bir otu qoparmaq qadağandır. Bunu unutmamaq lazımdır. Bu da bütün məxluqata Xaliqin şəfqət nəzəri ilə baxa bilmə təlimidir.

Ehramlı halda girilən miqat hüdudları daxilində Allahın qoyduğu yasaqlara son dərəcə hörmət və riayət gərəkli olduğu kimi həcdən sonra da öz vətəninə qayıdan hacı artıq bütün yer üzünü sanki bir miqat bölgəsi və hər anını ehramlı bilərək zərərvericilikdən uzaq və bütün məxluqata mərhəmət həssaslığı ilə yaşamağa çalışmalıdır. Yəni hacı olmaqla iş bitmir, mühüm olan son nəfəsə qədər hacı qala bilməkdir.

Pakistanın mənəvi memarı Muhamməd İqbal Mədinədən qayıdan hacılardan soruşur:

“Mədinеyi-Münəvvərəni ziyarət еtdiniz! Uxrəvi Mədinə bazarından könlünüzü hansı hədiyyələrlə dоldurdunuz? Gətirdiyiniz maddi hədiyyələr, təkkələr, təsbehlər, səccadələr bir müddət sоnra köhnələcək, sоlacaq və tükənəcək. Sоlmayan, könüllərə həyat vеrən Mədinənin ruhani hədiyyələrini necə, gətirdinizmi?

Hədiyyələriniz arasında Həzrət Əbu Bəkrin sidq və təslimiyyəti, Həzrət Ömərin ədaləti, Həzrət Оsmanın həyası və cоmərdliyi, Həzrət Əlinin həyəcan və cihadı varmı? Bu gün min bir iztirabla qıvranan İslam dünyasına könlünüzdən bir Əsri-səadət həyəcanı vеrə biləcəksinizmi?..

 Qurban Bayramı

Ramazan bayramı “təqva həyatının şəhadətnaməsi olduğu kimi Qurban bayramı da “fədakarlığın şəhadətnaməsidir. Həzrət İbrahim və İsmayıl u-ın fədakarlığını örnək alaraq Allaha yaxınlaşa bilməyi təlqin edən bir bayramdır.

Qurbandan məqsəd Allah-Təalaya təqərrüb/yaxınlaşmaqdır. Çünki ayeyi-kərimədə buyurulduğu kimi:

“(Qurbanların) nə əti, nə də qanı Allaha çatar. Allaha çatan ancaq təqvanızdır…” (əl-Həcc, 37)

Dolayısıyla qurban təqva həssaslığından doğan, maldan və candan fədakarlığın bir simvoludur.

Allah-Təalanın əzəmətli lütfləri də daim böyük fədakarlıqların ardından gəlir. Necə ki, İbrahim u tövhid mücadiləsi uğrunda canından keçib Nəmrudun tonqalına girməyə razı olduğu zaman Allah-Təala alovu ona sərin və əmin qıldı. Oğlu İsmayılı qurban etməyi gözə aldıqda Allah-Təala qiyamətədək gələcək iman nəslinə bir ibadət olaraqhədiyyə etdiyi qurbanı lütf etdi. Allah üçün qurban olmağı gözə alan İsmayıl u -ın nəslindən Kainatın Fəxri-Əbədisi Rəsulullah r gəldi.

Qurani-Kərimdə canları bahasına imanlarını qorumağın möhtəşəm misalları kimi zikr edilən fironun sehrbazları, alov xəndəklərinə atılan Əshabi-Uxdud, qövmü tərəfindən daşlanaraq şəhid edilən Həbibi-Nəccar həm Allahın əbədi mükafatına nail oldular, həm də Allah üçün qurban ola bilmək xüsusunda bütün möminlərə nümunə olma şərəfinə qovuşdular.

Həqiqətən onlardan örnək götürən əshabi-kiram heç bir fədakarlıqdan çəkinmədi. “Canım-malım, hər şeyim Sənə fəda olsun, ya Rəsulallah!” – dedi. Qəzvələrə, səriyyələrə şəhadət eşqi ilə can atdı. Allah Rəsulunun məktublarını kralların cəlladları önündə salsırlmaz bir iman cəsarəti ilə oxudu. İslamı təbliğ üçün evini-yurdunu tərk edib o dövrün şərtlərində Çinə, Səmərqəndə, Qayravana getdi.

Fatehin Peyğəmbər müjdəsinə məzhər olan əsgərlərinin “Bu gün şəhid olmaq növbəsi bizdədir, – deyərək Rumların atdığı alovlar, qaynar yağ və ox yağışına əhəmiyyət verməyib İstanbul surlarına dırmanmaları da eyni iman eşqinin bir təzahürü idi.

Osmanlının 3-cü sultanı Murad Xudavəndigar Kosovada özlərindən ikiqat çox olan xaçlı ordusu ilə qarşılaşdıqda Rəbbinə sığınıb belə dua etmişdi:

“İlahi, bu mömin əsgərləri kafirlərin əlində həlak etmə!.. Onlara elə bir zəfər lütf et ki, bütün müsəlmanlar bayram etsin! İstərsən o bayramın qurbanı da bu Murad qulun olsun!..

Həqiqətən o gün Haqq-Təala möhtəşəm bir zəfər lütf etdi. Murad Xudavəndigar da o zəfər bayramının qurbanı oldu.

Məhz altı əsrdir Kosovada azan səsləri və səcdələr davam edirsə, bu, Murad xan və imanlı əsgərləri üçün canını Allah yolunda qurban etməkdən çəkinməyən əziz şəhid və qazilərin fədakarlıqları sayəsindədir.

Şübhəsiz ki, 15 iyul 2016-cı ildə əziz millətimizin göstərdiyi böyük fədakarlıq da eyni ruhun bir başqa təzahürü idi. İslam dünyasının ən mühüm qərargahı və bütün məzlum müsəlmanların ümid işığı olan Türkiyəmiz Allah-Təalanın yardımı ilə böyük bir fəlakətin astanasından döndü.

Bu etibarla Allah üçün, müqəddəsat üçün, dinin yaşana biləcəyi bir vətən üçün canlarını fədakarcasına qurban verən şəhid və qazilərimizə vəfa göstərmək, onlara layiqli nəsillər olmaq, lazım gəldikdə onlar kimi dinimiz və vətənimiz üçün heç tərəddüd etmədən candan keçmək hər birimiz üçün böyük bir iman məsuliyyəti və vicdan borcudur.

Haqq-Təala həcc və qurbanın məna iqlimində Allah üçün səy və fədakarlıqla bəzənmiş bir ömür yaşayıb son nəfəsimizlə əbədi bir bayram səhərinə göz aça bilməyi hər birimizə nəsib etsin.

Amin!..

Osman Nuri TOPBAŞ

[1] əl-Bəqərə, 273.

[2] Bax. əl-Bəqərə, 183.

[3] Bax. M. Cəmaləddin əl-Qasımi, Zübdətül-Əhya, İstanbul 1969, s. 94. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TƏFƏKKÜR EDİRİKMİ?

Təfəkkür dərk etməkdir. Təfəkkür özünü dərk etməkdir. Təfəkkür Dünyanı dərk etməkdir. Təfəkkür bütün bunları içinə alaraq Allahı dərk etməkdir.

Bağla