HƏCCİN TARİXİ

0

İslamın beş şərtindən biri olan həcc ibadəti, heç şübhəsiz əvvəlki peyğəmbərlərin gətirdikləri dinlərdə də mövcud olmuşdur.

Müqəddəs məkanlar və o məkanların ziyarət edilməsi, bəşər tarixi boyunca var olmuşdur. Bəzi mənbələrin bildirdiyinə görə, Hz. Adəm cənnətdən çıxarılıb yer üzünə göndərildiyi zaman indiki Məkkə ərazisində Kəbəni inşa etmiş və ilk həcci də o etmişdir. Əbu Vəlid Əzraqi “Məkkə xəbərləri” adlı əsərində İbn Abbasdan belə bir rəvayət nəql edir: “Hz. Adəm (ə.s.) həcc etmişdir. Allahın evini yeddi dəvaf etmiş bu təvaf əsnasında məklərlə qarşılaşmışdır.

 Uzun əsrlər boyu peyğəmbərlərin həcc məkanı olmuş Kəbə, daha sonra  İbhrahim peyğəmbər tərəfindən öz bünövrəsi üzərinə yenidən inşa edilmişdir. Ancaq Qurani-Kərimə əsaslanaraq deyə bilərik ki,  İslam dinindəki həcc ibadəti və rüknlərinin tarixi Hz. İbrahim peyğəmbərin dövründən etibarən başlayır. Belə ki, Hz. İbrahim və oğlu Hz. İsmayıl Məkkədə Allahın əmri ilə Kəbəni inşa edib həcc ibadətini başlatdılar və insanları həccə dəvət etdilər. (əl-Həcc, 26; əl-Bəqərə, 125-127)

Hz. İbrahimin dövründən bəri əda edilən həcc ibadəti, Muhamməd Peyğəmbərdən (s.ə.s.) əvvəlki dövr olan cahiliyyə dövründə də yerinə yetirilirdi. Təbii ki, onların əda etdiyi həccin içinə bir çox xurafat, batil inanc və şirk qarışmışdı. Cahiliyyə dövründə insanlar həcc etdikləri aya “Zilhiccə” yaxud “Şəhrul-Həcc” deyirdilər. Hacılar həcdə olduqları müddət ərzində heç kimlə danışmaz, ancaq dua edər və həccinin qəbul olunması üçün bütlərə xitab edib onları vəsilə qılardılar. Tarixi qaynaqlar göstərir ki, cahiliyyə dövründəki həcc ibadətində də ehram, təlbiyə, vəqfə, təvaf, səy, cəmrələrin daşlanması və qurban kəsilməsi kimi həcc rüknləri mövcud idi. Lakin bu həcc ibadəti İbrahim peyğəmbərin göstərdiyi şəkildən uzaqlaşmış və tamamən şirkə bürünmüş hal almışdı.

İslam dinindəki həcc ibadəti isə Məkkə şəhərinin müsəlmanlar tərəfindən fəth olunmasından əvvəl Qurani-Kərimin “İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə) hər uzaq yoldan yollanan hər cür arıq (yorğun-arğın) dər üstündə (süvari olaraq) gəlsinlər. (əl-Həcc, 27) ayəsi ilə fərz qılınmışdır. Ancaq müşriklərin maneçilik törətmələri səbəbi ilə müsəlmanlar yalnız Məkkənin fəthindən sonra həccə gedə bilmişdilər. Hz. Peyğəmbərin (s.ə.s) iştirak etmədiyi bu ilk həcdə müsəlmanlarla yanaşı Ərəbistanın müxtəlif bölgələrindən olan bəzi müşrik ərəblər də iştirak etmişdilər. Hz. Peyğəmbər (s.ə.s.) həmin il Attab bin Əsidi həcc əmiri olaraq təyin etmişdi. Bir sonrakı il isə bu vəzifəni Hz. Əbu Bəkrə vermiş və bu ildən etibarən müşriklərin Məscidül-Hərama yaxınlaşmaları və həccə gəlmələrini qadağan edilmişdir. Eyni zamanda cahiliyyə dövründəki çılpaq şəkildə Kəbəni tavaf etmək kimi batil ibadət şəkilləri də qadağan edilmişdir. Hz. Peyğəmbərin (s.ə.s) özü isə hicrətin 10-cu ilində həccə getmişdir. Vida həcci olaraq adlandırılan bu həcdə yüz minə yaxın müsəlman iştirak etmişdi. Peyğəmbərimizdən sonrakı xəlifələr dövründən bu günümüzə qədər həcc ibadəti hər il əda edilmişdir.

Hz. Əbu Bəkr və Hz. Ömər xəlifəliklərinin ilk ilində başqa birini həcc əmiri təyin etmiş, sonrakı il isə özləri həcc əmiri olaraq ziyarətə getmişdilər. Hz. Osman xəlifəliyinin ilk və son ili istisna olmaqla hər il həccə getmişdir. Hz. Əli isə daxili qarışıqlıqlar səbəbi ilə xəlifəliyi müddətində həccə gedə bilməmişdir. Abbasi xəlifələri hacıların yol təhlükəsizliyini təmin etmək üçün güclü tədbirlər görmüşdürlər. Belə ki Xorasandan yaxud digər uzaq diyarlardan gələn hacılar Şəvval ayında Bağdad şəhərində toplaşır və burada keçirilən bir mərasimlə Məkkəyə doğru yola salınırdılar. Həmin həcc qafiləsinin təhlükəsizliyini təmin etmək üçün də bir qrup silahlı əsgər  onları müşayiət edirdi. Orta əsrlərdə həcc bir çox alim və ədəbiyyatçının peşələrinin başlanğıcı olmuşdur. Belə kimsələr üçün həcc İslam elmlərinin mərkəzini ziyarət etmək və İslam fiqhi, yaxud hədis araşdırmalarını yerində incələmək mənasına gəlirdi.

Müasir dövrdə artıq hava, dəniz və quru yolu ilə həcc ziyarəti gerçəkləşdirilə bilməkdədir. Səyahətin asanlığı və müsəlmanların artması səbəbi ilə həccə gedənlərin sayı da ildən ilə artmış, bu da Məkkə şəhəri üçün müəyyən çətinliklərə səbəb olmuşdur. Bunun nəticəsində 1987-ci ildə İslam ölkələri xarici işlər nazirlərinin konfransında Səudiyyə Ərəbistanının istəyi ilə hər ölkə üçün müəyyən həcc kvotası qoyulması qərarı qəbul edilmişdir. Həmin ildən etibarən hər ölkədən gedən hacıların sayı, həmin ölkənin müsəlman əhalisinin sayına görə müəyyənləşdirilməkdə və məhdudlaşdırılmaqdadır.

Ələddin SULTANOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURBAN VƏ HƏCC İBADƏTİNİN SİRRİ

İslam dünyasının ən müqəddəs bayram­larından sayılan Qurban bayramı hər il bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. İnsanlara inam gətirən və...

Bağla