HƏYA İMANDANDIR

0

Həyanın imandan  qaynaqlandığını ifadə edən (Buxari, Ədəb, 77) Allahın Elçisi, “Hər dinin  bir əxlaqı var, İslamın əxlaqı isə həyadır” buyurur (Malik, Hüsnül-Xuluq, 2). Bəzi hədislərdə həya ilə sükut birlikdə işlədilir (Tirmizi, Birr, 80). İnsanı cənnətə aparan, eyni zamanda cəhənnəmdən uzaqlaşdıran bu iki əməl imanın şöbələri kimi təqdim edilir (Təbərani, Kəbir, 22). Çirkin söz və davranış mənasına gələn “fuhuş” həyanın ziddi qəbul edilir. “Fuhuş” zəhər kimi bir şeydir, düşdüyü yeri zəhərləyir və korlayır. Amma həya bunun əksinə, olduğu yeri gözəlləşdirir və bəzəyir (Tirmizi, Birr, 47). İbn Ömərin rəvayət etdiyi bir hədisdə belə buyrulur: “Allah bir bəndəni həlak etmək istəyərsə, ondan həya duyğusunu çəkib alar, beləliklə o insan arzuolunmaz insan sayılar . Sonra ondan əmanət duyğusu alınar, beləliklə o xain bir insana çevrilər. Xainə çevrilən insan isə rəhmətdən məhrum qalar və onu lənət bürüyər. Belə davam etdiyi təqdirdə isə lənətlənmiş insanın İslamla heç bir əlaqəsi qalmaz” (İbn Macə, Fitən, 27).

Əsl mənada, həyanın necə olduğunu açıqlayan Peyğəmbər aleyhissalam əfəndimizdən bir hədisi Abdullah İbn Məsud rəvayət edir. Bu hədisə görə Allahdan həqiqi mənada həya etmək və utanmaq məsələsində bir neçə mühim nöqtə vurğulanır;

  • Başı və başdakı orqanları qorumaq
  • Qarnı və qarındakı orqanları qorumaq
  • Ölümü və qəbirdə çürüməyi unutmamaq
  • Dünya zinətinə qapılmamaq

Yuxarıdakı dörd məsələyə ciddi yanaşanlar Allahdan haqqı ilə həya etmiş sayılırlar (Tirmizi, Qiyamət, 24). Deməli, insanın öz imanını qoruması həya məsələsi ilə birbaşa əlaqəlidir. Həyasız insanın dini və imanı təhlükə altında sayılır, hətta deyə bilərik ki, dini əldən gedər (Təbərani, Əvsat, 8309).

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DAHA GÖZƏL BİR CƏMİYYƏT ÜÇÜN

Bağla