Könlü rahat, qəlbi aram tapmış, Allahdan razı və Allahın da özündən razı olduğu, Quran ifadəsi ilə “müttəqilər” Allaha Allahın istədiyi kimi qulluq edən insanlardır.
Qurani-Kərimin ilk ayələrində “O, müttəqilər üçün bir hidayət rəhbəridir” ifadəsi keçir. Bu ilahi bəyandan anlayırıq ki, Quranın bir möminə rəhbər ola bilməsi üçün onun Allahı lazımi şəkildə sevməsi və Onun əzəmətindən qorxması lazımdır.
Müsəlmanın daxili gözəlliyi, ruh saflığı və diriliyi üzünə sirayət edər.
Bəs Allahın razı olduğu bir müsəlmanda bu ülvi lətafət haradan qaynaqlanır?
İlk növbədə müsəlmanın gündəlik qulluq vəzifələrinə necə və nə şəkildə başlayacağına baxaq:
Müsəlman sabahkı günün qayğısından uzaq və içində olduğu anı Rəbbinə daha itaətkar keçirə biləcəyinin dərdində olmalıdır.
Gələcək qayğısı, ruzi qayğısı, məqam və mövqe qayğısı onu sonsuz bir ehtirasın içinə salar.
Müsəlmanın həyatının hər anı “yaxşılıq mərkəzli” və “yaxşı niyyət” təməlində formalaşmalıdır. Müsəlman hər kəsə və hər şeyə qarşı bir “fədakarlıq” hissi içində olduqca itirəcəyi şeylər yalnız və yalnız dünyəvi mənfəətlər olacaqdır.
Bir günün ən bərəkətli zamanı səhər vaxtlarıdır. Ruzi o zaman paylanır. Qismətlər o zaman bölünür. Müsəlman qəlbi və bədəni diri olan insandır. Səhər vaxtları Rəbbi ilə birbaşa qalmağı bacaran bir müsəlman əlbəttə ki, özünə ayrılan ruzini də alacaqdır. Və o zaman kəsiyinə aid olan təravətə sahib olacaqdır.
Səhər vaxtları müsəlman üçün bir dəyərləndirmə zamanıdır. Dünənin hesabatı və o günün daha keyfiyyətli keçməsi üçün görüləcək işlərin planlandığı andır. İlk növbədə Rəbbi ilə tənha bir zamanda və sadəcə aciz bir qul olaraq baş-başa qalaraq sarsılmaz bir bağ qurar. Yaradan ilə öz meracını yaşayar. Bir mənada mənəviyyatına sarılıb o gün yaşayacağı hər cür mənfi və müsbət hadisələrə ilahi hökmün təcəllisi kimi baxar.
Səhər vaxtını əldən vermədən günə başlayan mömin qənaətkardır və ruhu dincdir. Bəla gəldikdə özündən görər, nemət gəlsə Rəbbinin ikramı olaraq qarşılayar.
Dan yeri yeni-yeni sökülməyə başlarkən, bir çox insan hələ yuxudan oyanmamışkən müsəlman həm bədəni, həm də ruhi yöndən təravətə qovuşmuş və gündəlik işlərində müəyyən məsafə qət etmişdir. Erkən durmağın bərəkətini hələ günün ilk saatlarında görməyə başlayacaqdır.
Səhər Rəbbi ilə rabitədə olan qul işinə gedərkən böyük bir səbir və təmkin içində olar, iş atmosferində ətrafındakılara müsbət enerji yayar. Çünki bütün hadisələrə baxdığı pəncərə Allah ilə qurduğu əlaqənin gərəyinə görə olacaqdır. Əgər bir insana yaxşılıq edərsə onu Allah rizası üçün edər. Ya da işinin haqqını verməli olduğunu yenə Allahın ondan istədiyi bir iş əxlaqı gərəyi edər.
İş otağını Rəbbinin istədiyi şəkildə dizayn edər. Allahın razı olduğu və olmadığı işləri ayırd etməkdə fərasət sahibi olar. Fərz olan gündəlik ibadətləri yerinə yetirərkən heç bir zaman işindəki mövqeyi və ya qazancı onun üçün qulluqdan üstün olmaz. O, ən yüksək rütbənin Allaha qulluq olduğunu hər dəfə hüzura durduqda anlayar. Azan səsi eşitdikcə rahatlanar, dəstəmaz suyu ilə bədəninə bulaşan günah kirləri təmizlənər.
Bir qardaşına təbəssümü sədəqə bilər və qardaşı üçün etdiyi bir duanın Haqq qatında geri çevrilmədiyini bilərək daima möminlərin yaxşılığını istəyər.
Müsəlman işindən çıxdıqda o günün hesabatını apararaq həmin gün gördüyü işinin haqqını verib-vermədiyini düşünərək özünü sorğuya çəkər.
Evində onu gözləyən yoldaşının və uşaqlarının da öz üzərində haqlarının olduğunu bilər və onlara şəfqət göstərməyin özünə verilən ilahi bir lütf olduğunu bilər.
Evinin cənnət guşəsi olması üçün rolunun nədən ibarət olduğunu bilərək ailə məfhumuna ona görə qiymət verər.
Müsəlman gecəni bir fürsət bilər və daxili rahatlığını təmin etmək üçün gecənin ehyasında həssas davranar. Vaxtında yatıb həm bədəninin haqqını verər, həm də gecə Rəbbinə qovuşmağın həyəcanını yaşayar.
Gecələr mömin üçün Allahın bəxş etdiyi fürsət anlarıdır. Hər cür keşməkeşdən uzaq, daxili aləmini dinləmə və təkrar hesabatını aparmaq üçün ən gözəl zamanlardır.
Hər kəsin dərin yuxuda olduğu bir zamanda yuxudan fədakarlıq edərək Rəbbin hüzuruna durmaq necə də gözəl duyğudur. Bunu bacara biləcək bir imana sahib olan möminin həyatı daha bərəkətli və daha faydalı olar.
Allahın zikrini qəlbinə nəqş etmiş və qəlbi, ağlı və dili ilahi tərənnüm içində olan bir mömin əlbəttə ki, mənəvi olaraq sağlam mömindir.
Xülasə, günə Allah ilə başlayan mömin gününü Allah ilə yaşayacaqdır və gecəsində Allah üçün fədakarlıq edən mömin sabahkı gününü də Allah üçün yaşayar.
SALİH ZEKİ MERİÇ