HƏZRƏT FATİMƏ (Ə.S)

0

Həzrət Fatimə (ə.s) İslam tarixində xüsusi yer tutan, yüksək əxlaqi keyfiyyətləri və fəzilətləri ilə tanınan şəxsiyyətlərdən biridir. O, Peyğəmbər Əfəndimizn (s.ə.s) ən kiçik qızıdır. Fatimə (ə.s) Məkkədə hicrətdən təxminən 8 il əvvəl dünyaya gəlmişdir. Ona “Zəhra” (parlayan) və “Bətul” (hər növ eyibdən uzaq) ləqəbləri verilmişdir.

Həzrət Fatimə (ə.s) uşaqlıqdan atasına çox bağlı idi. Xədicə anamızın vəfatından sonra atasına həm qız, həm də təsəlli mənbəyi oldu. O, atasının qarşılaşdığı çətinliklərdə daim yanında olmuş, İslamın yayılmasında fəal rol oynamışdır. Həzrət Peyğəmbər (s.ə.s) onu “atasının anası” mənasında “Ümmü Əbiha” ləqəbi ilə çağırardı. Fatimə (ə.s), hicrətdən sonra Mədinədə Əmirəlmöminin Əli (ə.s) ilə ailə qurmuşdur. Bu izdivac müsəlmanlar arasında təmiz və nurlu bir ailə nümunəsi olmuşdur. Bu mübarək ailədən Həsən (ə.s), Hüseyn (ə.s), Zeynəb (s.ə) və Ümmü Gülsüm (s.ə) kimi dəyərli övladlar dünyaya gəlmişdir. Xüsusilə Həsən və Hüseyn Həzrət Peyğəmbərin (s.ə.s) nəvələri olaraq İslam tarixində mühüm yer tuturlar. Həzrət Peyğəmbər (s.ə.s) onları “Cənnət cavanlarının ağaları” adlandırmışdır.

Həzrət Fatimə (ə.s) sadə, lakin mənəvi cəhətdən zəngin bir həyat tərzi sürmüşdür. O, ibadət və təqvası ilə tanınır, eyni zamanda İslam cəmiyyətində qadınların nümunəsi sayılırdı. Həzrət Fatimə (ə.s) ata-anasından aldığı gözəl əxlaqı, səbr və fədakarlığı ilə müsəlman qadınlara örnək olmuşdur. Həzrət Peyğəmbər (s.ə.s) onun haqqında belə buyurmuşdur: “Fatimə mənim bir parçamdır; onu incidən məni incidir.” Bu hədis Həzrət Fatimənin İslamda nə qədər yüksək məqama sahib olduğunu göstərir.

Həzrət Fatimə (ə.s), Həzrət Peyğəmbərin (s.ə.s) vəfatından sonra qısa bir müddət yaşadı. Onun qısa ömrü ərzində çəkdiyi əzablar və müsibətlər İslam tarixinin mühüm hadisələrindəndir. O, hicrətin 11-ci ilində, 18 yaşında və ya bəzi rəvayətlərə görə 28 yaşında vəfat etmişdir. Həzrət Fatimə (ə.s) gizli şəkildə dəfn olunmuşdur və məzarı bu gün dəqiq bilinmir.

Həzrət Fatimə (ə.s) İslam ümmətinin ruhani simvollarından biridir. O, qadınlar üçün yüksək əxlaq, iman və fədakarlığın ən ali nümunəsidir. Onun həyatı hər bir müsəlman üçün böyük örnək və ilham mənbəyidir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Heydər Əliyevin anım günü ilə bağlı bəzi yollarda hərəkət istiqaməti dəyişəcək

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Bakıda bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. Bu...

Bağla