HƏZRƏT ÜMMÜ SƏLƏMƏ

0

Ailəsi

Ümmü Sələmə həm Peyğəmbərimizin (s.ə.s.), həm də “Allahın qılıncı” təxəllüslü böyük komandir Həzrət Xalid ibn Vəlidin qohumudur. Əsl adı Hinddir. Hind bintu Əbu Üməyyə olaraq da tanınır. Məkkəlidir və Məhzum qəbiləsindəndir. Oğlu Sələməyə görə “Ümmü Sələmə” adı ilə məşhur olmuşdur.

Ümmü Sələmənin atası Əbu Üməyyə “Zadur-Raqib” və ya “Zadur-Raqb” ləqəbiylə tanınırdı. Onun belə adlandırılmasının səbəbi hər dəfə səfərə çıxdıqda yanına iki nəfərlik azuqə alması və bunu yol yoldaşları ilə paylaşması idi. Cömərtlik sanki onun təbiətində idi. Ümmü Sələmənin anası isə Atikə bintu Amirdir.

Həbəşistana hicrət

Ümmü Sələmə ilk dəfə Əbu Sələmə Abdullah ibn Abdil Əsəd ilə evlənmişdir. Peyğəmbərimizin (s.ə.s.) süd qardaşı olan Əbu Sələmə və xanımı ilk müsəlmanlardan və Həbəşistana ilk hicrət edənlərdən idilər.

Məkkədəki zülmdən sıxılaraq hər şeylərini tərk edib Həbəşistana hicrət etmişdilər. Orada rahat yaşayır, Allaha istədikləri kimi qulluq edə bilirdilər. Həbəşistanda bir uşaqları dünyaya gəldi.

Lakin bir gün Həbəşistana Məkkədəki müşriklərin hamısının birdən müsəlman olduqları xəbəri gəldi. Onlar da daha sonra əsassız olduğu məlum olacaq bu xəbərə inanaraq, Məkkəyə yola düşdülər. Halbuki Məkkə dəyişməmişdi, əksinə zülm və təzyiq hər keçən gün artaraq davam etməkdə idi.

Mədinəyə hicrət

Bundan sonra Əbu Sələmə və xanımı Ümmü Sələmə ikinci Əqəbə beyətinin ardınca Rəsulallahdan (s.ə.s.) Mədinəyə hicrət etmək üçün icazə aldılar. Hicrət üçün hazırlıq etdilər. Əşyalarını bir dəvəyə yükləyərək yola düşdülər. Ümmü Sələmə dəvənin üzərində, oğlu Sələmə isə onun yanında idi.

Elə şəhərdən yenicə çıxmışdılar ki, Ümmü Sələmənin qəbiləsi və qohumlarından bir qrup önlərini kəsdi. Əgər istəyirsə, Əbu Sələmənin Mədinəyə gedə biləcəyini, lakin Ümmü Sələmə və uşağını buraxmayacaqlarını söylədilər. Hətta dəvədən endirdikləri uşağı öz aralarında itələməyə başladılar. Uzun münaqişə bir nəticə verməmişdi. Güclə Əbu Sələməni xanımından və uşağından ayırdılar. Əbu Sələmə Mədinəyə tək yola düşdü.

Ümmü Sələmə və uşağı isə bundan sonra qohumu olan Muğirə oğullarının göz həbsində idi. Bu bəs deyilmiş kimi uşağı da anasından ayırmış, başqa bir qəbiləyə (Abduləsəd oğullarına) girov olaraq vermişdilər. Bu hal bir il çəkdi. Bu bir il boyunca Ümmü Sələmə hər səhər Əbtah (Səfa təpəsi) adlanan yerə çıxıb, Kəbəyə tərəf dönür və südəmər uşağının qolunu qırıb yuvasını dağıdan qohumları üçün gözyaşları ilə lənət oxuyurdu.

Bir gün Muğirə oğullarından biri onun bu halına görə pis olmuş və yanına gələrək vəziyyətini soruşmuşdu. Daha sonra Ümmü Sələmənin qohumlarının yanına gedib:

  • Bu yazıq qadını yoldaşından və oğlundan ayırdınız. Nə üçün onu hələ də sərbəst buraxmırsınız? – deyə, narazılığını bildirmişdi.

Bundan sonra qohumları insafa gəlib:

  • İstəyirsənsə yoldaşının yanına gedə bilərsən! – deyə, Ümmü Sələməyə icazə verdilər.

Nəhayət Ümmü Sələmə ilə uşağı bir-birinə qovuşmuş və azad olmuşdular. Amma Məkkədən Mədinəyə tək necə gedə bilərdilər? O dövrdə çətin , əziyyətli və təhlükəli olan belə bir səfərə necə tap gətirəcəkdilər?

Hər cür təhlükəni gözə alan bu cəsur və qorxmaz xanım tək Mədinəyə doğru yola çıxmağa qərar  verdi. Bu əsnada olan hadisələri özü belə danışır:

“Dəvəni hazırladım, oğlumu oturacağa otuzdurdum. Sonra Mədinədə olan yoldaşıma qovuşmaq üçün yola çıxdım. Yanımda heç kim yox idi. Tenim adlandırılan yerə çatdıqda Abduddar oğullarının qardaşlarından Osman ibn Talha ilə qarşılaşdım. Məndən:

  • Ey Ümmü Sələmə, hara gedirsən? – deyə soruşdu. Mən də:
  • Mədinəyə yoldaşımın yanına getmək istəyirəm. – dedim.

Bu cavabım qarşısında:

  • Yanında heç kimsə yoxdurmu? – deyə soruşdu. Mən də:
  • Xeyir, Allah və bu uşağımdan başqa heç kim yoxdur! – deyə cavab verdim.
  • Allaha and olsun ki, sən tək qoyulmazsan – dedi və dəvəmin yüyənindən tutaraq mənimlə yola düşdü. Ərəblərin içində onun qədər xeyirxah olan başqa birini görməmişəm. Yolda fasilə verdiyimiz yerlərdə dəvəni yerə çökdürər, sonra da məndən uzaqlaşardı.

Kubadakı Amr ibn Avf oğullarının kəndini gördükdə mənə:

  • Əbu Sələmə buradadır. Allahın bərəkəti və rəhməti üzərinə olaraq ora get – dedi. Sonra da özü Məkkəyə qayıtdı.”

Beləcə uzun və yorucu bir səfərdən sonra Ümmü Sələmə Mədinəyə həvdəc (dəvənin üzərinə qadınların oturması üçün qoyulan üstü örtülü oturacaq) içərisində hicrət edən səhabə adını da qazandı.

Nəzrin Hüseynova

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YƏMƏNDƏ 18 MİLYON İNSAN TƏHLÜKƏDƏ – BMT-DƏN TƏCİLİ ÇAĞIRIŞ

Son həftədə ikinci dəfə olaraq BMT Yəməndə aclıq barədə həyəcan təbili çalıb.

Bağla