HAFİZLİK NƏDİR?

0

“Hafiz / حَافِظٌ” sözü ərəb dilində “əzbərləyən, qoruyan” kimi mənalara gəlir. Termin etibarilə İslam dünyasında Qurani-Kərimi bütövlüklə əzbərləmiş kimsəyə “Hafiz” titulu verilir. Quranın ilk hafizi heş şübhəsiz, Həzrət Peyğəmbərdir (s.ə.s). Bununla bağlı olaraq Uca Allah Quranda: “(Ey Peyğəmbər! Cəbrail sənə vəhy gətirdiyi zaman) onu tələm-tələsik oxumaq üçün dilini tərpətmə!” (Qiyamət,  75/16) – buyuraraq Həzrət Peyğəmbərin (s.ə.s) Quran ayələrini əzbərləməyə səy göstərdiyinə işarə edir, bununla yanaşı Allah-Təalanın Quranı onun qəlbinə həkk etdiyini vurğulayır. Həzrət Peyğəmbərin (s.ə.s) xaricindəki ilk hafizlər isə məhz onun səhabələri idi. Ərəb yazısının tam formalaşmadığı və yayğınlaşmadığı həmin dövrdə Qurani-Kərimin qorunması daha çox əzbərləmək yolu ilə təmin olunurdu. Unutmayaq ki, ilk dəfə Qurani-Kərimin Həzrət Əbu Bəkrin (r.ə.) xilafəti dövründə “müshəf” adı altında bir kitaba cəm edilməsinin əsas səbəbi də məhz “hafiz” səhabələrin müharibələrdə şəhid olmaları idi.

Daha sonrakı illərdə hafizlərin sayı getdikcə çoxalmış və bunun üçün xüsusi mədrəsələr qurulmuşdur. Hafizlik müəssisəsi günümüzə qədər davam etmiş və dünyanın dörd bir yanında müsəlmanlar kiçik yaşlarından övladlarını hafiz olmaları üçün həmin mədrəsələrə göndərirlər.

Hafiz eyni zamanda Quranı qoruyub gələcək nəsillərə ötürən insandır. Uca Allah bir ayədə: “إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ/Şübhəsiz ki, Quranı Biz nazil etdik və əlbəttə, onu Biz qoruyacağıq!” (Hicr, 15/9) – buyuraraq Quranı hər cür təhrifdən qoruyacağını vəd edir və bu ayədə də qorumaqla bağlı olaraq “حافظون/Hafizun” ifadəsinə yer verir.

Bir hədisi-şərifdə hafizliyi fəziləti iə bağlı belə buyurulur: “Quranı əzbərləyərək oxuyan hafiz əs-Səfərətül-kiram (vəhy gətirən) mələklərlə bərabərdir”. (Buxari, Kitabüt-təfsir”, 458) Qurani-Kərimi əzbərləmək və hafiz olmaqla bağlı digər bir hədisində Həzrət Peyğəmbərimiz (s.ə.s): “Kim Quranı oxuyar, onu yaxşıca əzbərləyər, halal etdiyini halal, haram etdiyini haram olaraq qəbul edər və buna riayət edərsə, bu səbəblə Allah onu cənnətinə daxil edər, həmçinin ona ailəsindən cəhənnəmlik olan on nəfərə şəfaət etmə haqqı verər”, (Tirmizi, Fəzailül-Quran, 13) – buyurur. Deməli, Allahın rizasını qazanmaq üçün sadəcə Quranı oxuyub əzbərləmək kifayət etmir, eyni zamanda Quranın buyuruqlarına əməl etmək lazımdır. Həmçinin aydın olur ki, hafizlərə axirətdə öz yaxınlarının günahlarının bağışlanması üçün Allah-Təalaya müraciət etmək haqqı veriləcəkdir ki, qısaca buan “şəfaət” deyilir.

f.f.d Ələddin Sultanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN İSTANBULDA TÜRK ŞURASININ ZİRVƏ TOPLANTISI KEÇİRİLƏCƏK

Bu gün İstanbulda Türk Şurası ölkələrinin VIII Zirvə toplantısı keçiriləcək. İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan,...

Bağla