“Haqsızlıq qarşısında susan dilsiz şeytandır” sözü Rəsulullaha (s.ə.s) nisbət edilən sözlərdən biridir. Lakin araşdırmalar nəticəsində bu sözün Allah Rəsuluna aid olmadığı məlum olur. Belə ki, təsbit edə bildiyimiz qədəri ilə bu söz ilk dəfə klassik mənbələrdən Quşeyrinin (465/1072) “Risalə”sində keçməkdədir. Quşeyri əsərində bu sözü Hz. Peyğəmbərə deyil, Əbu Əli əd-Dəqqaqa (406/1015) nisbət etmişdir. Əbu Əlinin miladi təqvimlə 1015-ci ildə vəfat etdiyini nəzərə alsaq bu sözün Hz. Peyğəmbərdən təqribən dörd əsr sonra, onuncu əsrin sonu on birinci əsrin əvvəllərində söyləndiyi anlaşılmaqdadır.
Məna etibarilə bu söz Quran ayələri və hədisi-şəriflərlə üst-üstə düşür. Belə ki, Uca Allah inanc sahibi insanların arasında yaxşılıqları əmr edən, pisliklərdən çəkindirən bir camaatın olmasını əmr etmiş (Ali-İmran, 3/104) və nəfsin arzularına uyaraq haqqı söyləməkdən boyun qaçıranlardan xəbərdar olduğunu (Nisa, 4/135) bəyan etmişdir. Hz. Peyğəmbər (s.ə.s) də: “Sizdən biriniz bir pislik gördüyü zaman onu əli ilə düzəltsin, buna gücü çatmazsa dili ilə düzəltsin, buna da gücü çatmazsa qəlbi ilə onu pis görsün. Bu imanın ən zəif mərtəbəsidir” – buyurmuşdur. (Müslim, İman, 49). Bu ayələr və hədisdən yola çıxaraq haqqın tapdalandığı bir yerdə geri addım atmamağın və yeri gəldiyində haqq və ədaləti müdafiə etməyin nə qədər əhəmiyyətli bir xüsus olduğu ortaya çıxmaqda, haqqı müdafiə etməyib susan insanın isə dilsiz şeytandan bir fərqinin olmadığı anlaşılmaqdadır.
Nəticə olaraq, bu söz hər nə qədər hədis olmasa da məna cəhətdən İslamın əsas prinsipləriylə üst-üstə düşməkdədir. Çünki İslamda yerinə görə susmaq nə qədər üstün bir davranışdırsa, batilin qarşısında sipər olaraq haqqı və ədaləti müdafiə etmək adına danışmaq da o qədər şərəfli bir xüsusiyyətdir.
f.f.d. Səfa Muradov