“Dünya Müsəlman Alimlər Şurası” Hindistanda müsəlman etniklərin təzyiq və zorakılıq hallarına məruz qalması barədə bəyanat yayıb. İslamveirfan.com xəbər verir ki, şura Hindistanda müsəlmanların “insanlığa qarşı cinayət”lərə məruz qaldığını bəyan edib.
Bəyanatda, Hindistanda vətəndaşlıq barədə qanunvericiliyin dəyişilməsindən sonra bu ölkədəki müsəlmanların hüquqlarının kobud surətdə pozulduğu bildirilir, etniklərə qarşı dözümlülük və bərabər yaşamaq, habelə müsəlman etniklərin maddi, mənəvi siyasi yöndən dəstəklənməsi üçün Hindistan hökumətinə və cəmiyyətinə çağırış səsləndirilib.
Xatırladaq ki, Hindistanda vətəndaşlıq barədə qanunvericiliyə dəyişiklik edilməsini təklif edən qanun layihəsi 2019-cu il dekabrın 9-da federal parlamentin xalq məclisi “Lok sabha”da, dekabrın 11-də isə əyalətlər şurası “Rajya sabha”da qəbul edilib. Bundan sonra ölkə prezidentinin imzalaması ilə bu qanun qüvvəyə minib.
Bu qanuna görə, passport və ya viza kimi sənədləri olmadığı halda qanunsuz yollarla Hindistana daxil olan, və ya qanuni yolla ölkəyə daxil olub izn verilən müddətdən çox qalan şəxslər “qanunsuz miqrant” hesab edilir. Vətəndaşlıq əldə etməsinə izn verilməyən qanunsuz miqrantlar həbsə məruz qalır və ya ölkədən deportasiya edilir.