Hollandiyada Hz. Muhammədi (ﷺ) təhqir edilməsinin cinayət hesab edilməsi və bu şəxsin cəzalandırılması üçün 124 170 imza toplanıb.
Hollandiyada müsəlmanların qurduğu NIDA partiyasının bir qrup üzvü 124 min imzalı ərizəni təmsil edən paneli, ölkə parlamentinin “Süvari” zalının qapısından asıb.
NIDA partiyasından millət vəkilliyinə namizəd olan Nurullah Gerdan, 124 min imzanı təmsil edən panel ilə salavat oxuyaraq yürüş etdiklərini və martın 17-də keçiriləcək seçkidən sonra qurulacaq yeni hökumətə müraciət etdiklərini bildirib.
“Ümumiyyətlə bir mövzu barədə 40 min imzalı ərizə ilə məclisə müraciət edildiyi zaman, həmin mövzu müzakirəyə çıxarılır. Amma biz 125 minə yaxın imza topladığımız halda bunu etmədilər. Hətta ərizəmiz məclis tərəfindən qəbul edilmədi də. Bu ərizənin söz azadlığına zid olduğunu deyən millət vəkilləri və hökumət rəsmiləri, imza atanları da “terrorçuları dəstəkləyirsiniz” deyərək təhqir etdilər.” – deyə Gerdan bildirib.
İndiki hökumətdən heç nə gözləmədiklərini deyən Nurullah Gerdan, yeni hökumətə müraciət etmək və ictimaiyyətin diqqətini cəlb etmək üçün bu yürüşü təşkil etdiklərini vurğulayıb.