Hulusi Akar: “Türkiyə olmadan Qafqazda hansısa problemi həll etmək mümkün deyil”

0

“Türkiyə olmadan Orta Şərqdə, Aralıq dənizində, Balkanlarda, Qafqazda hansısa problemi həll etmək mümkün deyil”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Sabah”a müsahibəsində deyib.

O bildirib ki, Türkiyə dünyada və regionda böyük və güclü dövlətdir: “Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə çox ciddi addımlar atmışıq. Beynəlxalq münasibətlər sistemində Ankara artıq ciddi aktordur. Biz 7 iqlim, 3 qitəyə sülhü, sabitliyi gətirmiş atalarımızdan ilham alırıq. İndi Türkiyənin Asiyada, Afrikada çox ciddi təsiri, layihələri var”.

H.Akar həmçinin ölkəsinin təhlükəsizliyi üçün təhdidlərin olduğunu da bəyan edib: “Gizli sanksiyalardan, iqtisadiyyat sahəsində atılan addımlara qədər müxtəlif məqamları sadalamaq olar. Bizə birbaşa təhdid yaradan isə terror qruplaşmaları, o cümlədən PKK-dır. 40 ildir qarşımızı kəsməyə çalışırlar və artıq məsuliyyətimiz də artıb. Öhdəliklərimizi yerinə yetirmək üçün gecə-gündüz çalışırıq. Uzun illərdir başımıza bəla olan terrorçularla mübarizə aparmaqda, onların kökünü kəsməkdə qətiyyətliyik”.

Nazirin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfi terrorçulardır: “Bəziləri terrorçulara qarşı mübarizəmizi etnik, dini mübarizə kimi təqdim etməyə cəhd göstərirlər. Kürdlər bizim qardaşlarımızdır, yüz illər boyu birlikdə yaşadıq, çörəyimizi, suyumuzu paylaşdıq, cümhuriyyəti birlikdə qurduq. Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışır. Biz bütün qonşularımızın sərhədlərinə, ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşırıq. Amma qonşularımızdan da eyni anlayışı, terrorla mübarizəmizə mane olmamalarını gözləyirik. Biz mübarizəmizi davam etdirəcəyik. Terror qruplaşmalarının “rəhbər şəxsləri” artıq 2 gecə ard-arda eyni yerdə yata bilmir. PKK, YPG heç zaman kürdlərin təmsilçisi olmayıb. Necə ki, İŞİD də müsəlmanları təmsil etmir”.

O vurğulayıb ki, Türkiyənin sərhədləri lazımi səviyyədə qorunur: “Sərhədlərimizdə təhlükəsizliyimizi təmin etmək üçün xüsusi cihazlar, o cümlədən sensorlar var. Hətta sərhəddən pişik və ya it belə keçəndə xəbərimiz olur. Sərhəd yollarımız da yaxşı vəziyyətdədir. Lazım gələndə PUA-larla da müdaxilə olunur. Hər kəs bunu görməli, bilməlidir. Türkiyə Silahlı Qüvvələrinin inventarında bütün lazımi silahlar var: “Artıq “TCG Anadolu” gəmimiz, İMECE peykimiz var və bunlar sırf müharibə məqsədli deyil. Onlar sülh vaxtında da fəaliyyət göstərəcək. Həmin texnikaların həm də humanitar funksiyası var. Əvvəl tüfənglərimizi də xaricdən alırdıq. İndi bütün yüngül silahlarımızı özümüz istehsal və ixrac edirik”.

H.Akar Türkiyə və Yunanıstan arasında gərginliyin azaldılması üçün atılan addımlardan da danışıb.

“Yunanıstanlı həmkarımla müzakirəmiz konstruktiv keçdi. Bütün problemləri müzakirə etdik və gördük ki, hər iki tərəf problemlərin həllində maraqlıdır. İnşallah, gələcəkdə də problemlərin həlli üçün çalışacağıq”, – nazir vurğulayıb.

O qeyd edib ki, güclü Türkiyə güclü NATO deməkdir və hər kəs də bunu bilməlidir: “Alyansın Baş katibi Yens Stoltenberq obyektiv insandır, fikirlərimizi təsdiqləyir. Ümumiyyətlə, indi Türkiyə böyük gücdür. Rusiya və Ukraynanı da masa arxasına oturtduq. “Taxıl dəhlizi”nin təşəbbüskarı olduq. İndiyə kimi 28 milyon tondan çox taxıl dünya ölkələrinə ixrac olunub. Bunu biz bacardıq. Biz “Taxıl sazişi”nin müddətinin uzadılmasını istəyirik. Əgər bu olmasa, yəni, müqavilənin müddəti uzanmasa taxıl qiyməti sürətlə artacaq. Həmçinin, Afrikada aclıq olacaq. Sonra siyasi qeyri-sabitlik yaranacaq. Yəni, həm beynəlxalq, həm də regional təhlükəsizlik təhdidləri yaranar. Ona görə bu sazişin müddətinin uzadılmasını istəyirik”.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
LONDONDA BİR MƏSCİDDƏ ÜÇ DƏFƏ BAYRAM NAMAZI QILINDI

İngiltərənin paytaxtı Londondakı məscidlərdən birində yaşanan izdiham səbəbilə 3 dəfə bayram namazı qılınıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, Londonun Stoke...

Bağla