HZ. AİŞƏ KİMDİR?

0

Atası Əbu Bəkr b. Əbu Kuhafə əs-Siddiq ləqəbi ilə tanındığından ona Aişə əs-Siddiqə (əs-Sadiqə) deyirdilər. Anası Ümmü Ruman bint Amir b. Üveymirdir. Bisətin 4-cü ilində (614) Məkkədə anadan olmuşdur. (bax: Süleyman Nedvi, V, 12-25; Akkad, s. 39, 59-60). Bu mövzu ilə bağlı Həzrət Aişənin: “Ata-anamı tanıdım və onları müsəlman tapdım” (Buxari, “Kəfalət”, 4) ifadəsindən, Həzrət Aişənin bisət-i nəbəviyyədən sonra dünyaya gəldiyi anlaşılır. Onun uşaqlığı haqqında çox şey məlum deyil.

Həzrət Aişənin Peyğəmbərlə evliliyi hicrətdən əvvəl Məkkədə olmuşdur. Atası daha əvvəl Rəsulullahla birlikdə hicrət etdiyi üçün, eyni ildə (622) anası, böyük qardaşı Abdullah, bacısı Əsma, Həzrət Peyğəmbərin həyat yoldaşı Sevda, qızları Fatimə və Ümmü Gülsümlə birlikdə Mədinəyə hicrət etmişdir. Əvvəlcə, Mədinənin havasına alışa bilmədi və atası kimi xəstələnmiş, ancaq tezliklə sağlamlığına qovuşmuşdur. Hicrətin 2-ci ilinin Şəvval ayında (aprel 624, iki bayram arasında) Həzrət Peyğəmbərlə evlənmişdir (Zəhəbi, II, 141-142). Toy tarixini hicrətin 1-ci ili olan Şəvval ayı (623-cü ilin apreli) kimi qəbul edənlər də vardır.

Həzrət Aişə Allah Rəsulu ilə evləndikdən sonra üstün bir məqama yüksəlmişdir. Peyğəmbərin zövcələrinin möminlərin (ümmətul-möminin) anaları olduğunu qeyd edən və Həzrət Peyğəmbərdən sonra başqa insanların onlarla evlənməsini həmişəlik qadağan edən Quran ayələrinə (bax: Əhzab 33/6, 53) uyğun olaraq o, “ümmü’l-möminin” adlandırılmağa başlanmışdır.

Həzrət Peyğəmbər hicrətin 11-ci ilinin səfər ayının son həftəsində (632-ci il may ayında) xəstələnəndə digər zövcələrindən icazə alan Həzrət Peyğəmbər Həzrət Aişənin otağına getmiş, orada vəfat etmiş və onun otağında dəfn edilmişdir. On səkkiz yaşında dul qalan Həzrət Aişə Peyğəmbərin zövcələrinin başqa insanlarla evlənməsini qadağan edən Quran hökmünə əməl edərək bir daha evlənmədi. Həzrət Aişə Həzrət Peyğəmbərdən sonra qırx yeddi il daha yaşadı və 58 (14 iyul 678) ramazan ayının 17-si, çərşənbə gecəsi vitr namazını qıldıqdan sonra altmış beş (yaxud altmış altı) yaşında Mədinədə vəfat etdi. Onun hicri 56, 57 və ya 59-cu illərdə Ramazan ayının 19 və ya 13-də vəfat etdiyi də bildirilir. Həzrət Aişənin vəfatı Mədinədə böyük hüznlə qarşılanmış, cənazəsi də elə həmin gecə dəfn olunmuşdur. Mədinə və ətraf bölgələrdə yaşayan bütün insanlar, o cümlədən qadınlar gecə saatlarında Cənnətul-baqiyə gəlmişdir. Qardaşlarının övladları (Qasim b. Məhəmməd, Abdullah b. Əbdürrəhman, Abdullah b. Muhəmməd b. Əbdurrəhman, Urvə b. Zübeyr və Abdullah b. Zübeyr) onu qəbrə qoymuşdur.

Həzrət Peyğəmbər zövcələri arasında Həzrət Xədicədən sonra ən çox onu sevirdi. Qaynaqlar Həzrət Peyğəmbərin onunla birlikdə olduğu zaman vəhy aldığını, digər zövcələrindən daha fəzilətli olduğunu və Həzrət Peyğəmbərin ona duyduğu sevginin ilahi bir mənbəyə əsaslandığını qeyd edir (Alamun-nübəla, II, 141-143). Səhabələr hədiyyələri Peyğəmbər otağında olanda ona təqdim edərdilər. Həyat yoldaşları arasında Həzrət Peyğəmbərə ən çox paxıllıq edən və onun sevgisini qazanmaq üçün ən çox səy göstərən o idi. Hətta o, Həzrət Xədicəni qısqanardı və bu məsələ ilə bağlı hisslərini Allah Rəsuluna bildirməkdən çəkinməzdi. Həzrət Peyğəmbər də Həzrət Xədicənin fəzilətlərini sayar və ondan övladları olduğunu deyərdi.

Onun Həzrət Peyğəmbərə olan dərin məhəbbətindən əlavə, ona itaət və əmrlərinə diqqət yetirməklə də fərqlənirdi. Gecələr namaz qılır və günlərinin çoxunu oruc tutmaqla keçirirdi. Kiminsə əleyhinə danışmağı sevmirdi. O, ağıllı, fərasətli, təvazökar, eyni zamanda ləyaqətli və səxavətli idi. Həzrət Aişə yetimləri, kasıb uşaqları himayəsinə götürər, onların tərbiyəsi ilə məşğul olar, sonra evləndirərdi. O, bir çox qullarını və cariyələrini azad etmişdir. Belə ki, bəzi rəvayətlərdə bu sayının altmış iki olduğunu qeyd edilir. Həzrət Aişənin azad etdiyi qullar və cariyələrinin bir çoxu dövrün tanınmış alimlərindən olmuşdur.Həmçinin o, Həzrət Peyğəmbərin digər zövcələri ilə qızı Fatimə, Həzrət Əlinin və digər səhabələrin fəzilətləri haqqında çoxlu hədislər nəql edərək, bu böyük şəxsləri ümmətə tanıtmaqla da lütfkar olduğunu göstərmişdir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İÇKİ (ŞƏRAB) NECƏ VƏ NİYƏ HARAM OLDU?

İnsanların həyatında özünə dərin kök salmış içki bəlasını aradan qaldırmaq üçün İslam dininin izlədiyi yol çox ibrətamizdir. Məkkə dövründə İslamın...

Bağla