İslam dininə görə Cəbrayıl Həzrət Peyğəmbərə (s.) ilahi əmrlərdən xəbər verən vəhy mələyidir. Cəbrayıl dörd böyük mələkdən biridir. Vəhy mələyi ərəbcə müxtəlif sözlərlə ifadə edilsə də, ən məşhurları “Cəbrail” və “Cibril”dir. Müsəlman dilçilərin əksəriyyəti, hədis məcmuələrində yer alan (Müsnəd, V, 15-16; Buxari, “Təfsir”, 2/6, 16/1) bəzi rəvayətlərə əsaslanaraq, “Cəbrayıl” kəlməsinin “Allahın qulu” mənasına gələn ibrani mənşəli bir söz olduğuna inanırlar. Bəzi dilçilər isə “Cəbrayıl”ın “Allahın qüdrəti” mənasına gələn ərəbcə “Cəbərutullah” ifadəsindən gəldiyini iddia edir.
Cəbrail Quranda beş fərqli adla ifadə edilmişdir: “Cəbrail”, “Ruhü’l-qudüs”, “Ruhuləmin”, “Ruh” və “Rəsul”. Cəbrayıl sözünün keçdiyi ayələrə nəzər yetirdikdə, Cəbrayılın qarşısıalınmaz bir gücə, üstün ağıl və dəqiq biliyə malik bir mələk olduğu anlaşılır. O, Allahın nəzərində çox hörmətlidir və mələklərin mütləq itaət etdikləri şərəfli bir elçidir (ən-Nəcm 53/5-6; ət-Təkvir 81/19-21). Həzrət Peyğəmbər (s.) Cəbrayılı bir dəfə “açıq üfüq”də, bir dəfə də “sidrətül-müntəha”da öz orijinal şəxsiyyəti ilə görmüşdür. Kafirlərə qarşı Həzrət Peyğəmbərin (s.) dostu və möminlərin himayədarıdır (bax: M. F. Əbdülbaqi, əl-Mu’cəm, səh. 163, 326).
Cəbrayılın hədislərdə Həzrət Peyğəmbərə (s.) vəhy gətirən, Quranı öyrədən və müxtəlif mövzularda hökm verən, Allah Rəsuluna (s.) bəzən də səhabələrə insan surətində görünən mələk olaraq keçir. Mövzu ilə əlaqədar hədislərə görə, Cəbrayıl dünyada və axirətdə Allah ilə qulları arasında bir elçidir; İlahi əmrləri həm mələklərə, həm də peyğəmbərlərə çatdırır (Müsnəd, II, 267; III, 230; Buxari, “Tövhid”, 33). Həmçinin Cəbrayıl ilk dəfə Hira dağında Həzrət Peyğəmbərə (s.) öz siması ilə görünmüş, onu bərk sıxaraq oxumasını istəmiş və beləliklə, ilk vəhyi gətirmişdir (Buxari, “Tə’bir”, 1, “Bədʾu’l-xəlq”, 7; Müslim, “İman”, 257, 258).
Təfsir, siyər, mistisizm (sufizm), kəlam, fəlsəfə kitabları və s. İslam qaynaqlarında Cəbrayılın adları, xüsusiyyətləri, vəzifələri, zahiri görünüşü və insan şəklindəki üstünlüyü kimi mövzularda geniş məlumatlar yer alır. Bu mənbələrdə Qurandakı Cəbrayılın adları ilə yanaşı, “Ruhullah”, “Hadimullah”, “ər-Ruhu’l-əzəm”, “əl-əqlu’l-əkrəm”, “ən-Namusu’l-əkbər”, “əl-Əqlu’l –fəal” və “Vahibu’s-suvər” kimi adlarla da tanınır. Eyni mənbələrdə onların adlarının Qurandakı mənaları da açıqlanır. Həzrət Peyğəmbərə (s.) çatdırdığı ilahi vəhylə insanların ruhən paklanmasına kömək etdiyi üçün və ya heç bir günah işləməyən pak bir bəndə olduğu üçün “Ruhü’l-qudüs” kimi səciyyələndirilmişdir (Rağıb əl-İsfahani, səh. 411; Fəxrəddin ər-Razi, XXIV/166; Alusi, I/317.