İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyəti, Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm Prezident.
Doğum gününüz münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar diləməkdən böyük şərəf hissi duyuruq.
Zati-alinizin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gənclərinin inkişafı ilə bağlı qəti mövqeyinin ifadəsi olaraq 2004-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Baş Assambleyasının təsis iclasının keçirilməsi, onun İƏT-in qurumu olaraq beynəlxalq təsisat kimi formalaşmasına və inkişafına güclü dəstəyin davam etdirilməsi, eləcə də İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə Azərbaycan hökuməti tərəfindən Bakıda ev sahibliyi edilməsi regionun digər liderləri üçün nümunədir. Gənclər Forumunun təsis olunmasını Azərbaycan Respublikasının İƏT-ə verdiyi mühüm töhfə kimi qiymətləndirməyiniz bizi çox qürurlandırır. İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyəti olaraq bizə göstərdiyiniz etimadla, dəstəklə fəxr edir, bu etimadı doğrultmaq üçün səylərimizi əsirgəməməyə çalışırıq.
Prezident və Ali Baş Komandan kimi Zati-alinizin Azərbaycanın inkişafına yönəlmiş müdrik siyasətiniz sayəsində ölkənin işğal altındakı torpaqları azad edilmişdir. Zati-alinizin cari ili “Şuşa İli” elan etmək barədə Sərəncamınız bu Zəfəri və dirçəlişi yaddaşımıza həkk etdi və bunun bütün dünyada daha geniş tanınmasına səbəb oldu. Bu istiqamətdə bizim təşəbbüsümüzlə yaradılmış “Mənə Azərbaycanı göstər” – Beynəlxalq bloqerlərin Şuşa düşərgəsi də fəal iştirak etmiş və 10-dan çox beynəlxalq səyahətçi-bloqer işğaldan azad edilmiş ərazilərə səfər edərək Qarabağın dirçəlişi haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasına töhfə vermişdir.
Bu xoş gününüzdə İƏT ölkələrinin həmrəyliyinə göstərdiyiniz dəstəyə, eləcə də qardaş Azərbaycan xalqının inkişafı naminə yorulmaz fəaliyyətinizə görə Sizə bir daha səmimi arzularımızı bildirməkdən şərəf hissi duyuruq.
Möhtərəm cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, müvəffəqiyyətlər və firavanlıq arzulayırıq. Sizə olan ən yüksək ehtiramımızı və xoş arzularımızı qəbul etməyinizi xahiş edirik.
Dərin hörmətlə,
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyəti