İƏT-in Nyu-York Qrupu “Qurani-Kərim”in nüsxəsinin yandırılmasını pisləyib

0

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nyu-Yorkdakı Qrupu müqəddəs Qurban bayramının ilk günündə İsveçdə məscidin qarşısında “Qurani-Kərim”in təhqir olunması aktını pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir: “İƏT-in Nyu-Yorkdakı Qrupu müqəddəs Qurban bayramının ilk günündə İsveçdə məscidin qarşısında “Qurani-Kərim”in təhqir olunması kimi alçaq hərəkəti qətiyyətlə pisləyir. Bu mənfur aksiya bütün dünyaya yayılan islamofobiya, irqçilik və ayrı-seçkilik yayan cərəyanların həyəcanverici səviyyəsinin növbəti təzahürüdür. Bu cür mənasız və təxribat xarakterli hərəkətlər 1,5 milyard müsəlman arasında geniş iztirab yaratmaqla yanaşı, onların dini heysiyyətini də təhqir edir. Əslində, hər hansı dini kitaba hörmətsizlik böyük narahatlıq doğurur və Birləşmiş Millətlər Təşkilatının müdafiə etdiyi dini birgəyaşayış və mədəniyyətlərarası dialoqun fundamental dəyərlərinə ziddir. Bu cür təxribat xarakterli hərəkətlər, eyni zamanda, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (MHMM) 19 və 20-ci maddələrinin ruhuna ziddir və beynəlxalq hüquq çərçivəsində məsuliyyət daşıyan ifadə və ya fikir azadlığı hüququ ilə əsaslandırıla bilməz”.

Bəyanatda qeyd olunub ki, təxribatçı qruplar, həmçinin xalqlar arasında qarşılıqlı hörmət və harmoniyaya xələl gətirir, sülh, tolerantlıq və qarşılıqlı hörmət mədəniyyətinə nail olmaq üçün beynəlxalq səyləri boşa çıxarmaq məqsədi daşıyır. İƏT-in Nyu-York Qrupu, həmçinin dini dözümsüzlük, nifrət və neqativ stereotiplər səbəbindən məscidlərə qarşı iyrənc hücumlar və müsəlmanlara qarşı təqiblər də daxil olmaqla, son zamanlar digər islamofobiya aktlarını da narahatlıqla qeyd edir. Beynəlxalq hüquqa əsasən, dövlətlər zorakılığın təhrik edilməsinə səbəb olan dini nifrətin hər hansı təbliğatını qadağan etməyə borcludur. Son bir neçə ayda bəzi Avropa və digər ölkələrdə İslama qarşı bu cür hadisələrin sayının artması, qlobal qınaqlara baxmayaraq, bu cür nifrətə əsaslanan hərəkətlərə icazə verən hüquqi çərçivəni ciddi sual altına alır. Dinlərarası harmoniya və dinc birgə yaşayışı təşviq etmək üçün kollektiv qərara ehtiyac var ki, bunun ruhu bu ilin əvvəlində tarixdə ilk dəfə İslamofobiya ilə Mübarizə Gününün qeyd edilməsində öz əksini tapıb.

Sonda vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər ksenofobiya, islamofobiya və müsəlmanlara qarşı nifrətin artmasının qarşısını almaq üçün etibarlı və konkret tədbirlər görməlidir. Müvafiq maraqlı tərəflər bu cür əməlləri törədən şəxslərin məsuliyyətə cəlb edilməsini və gələcəkdə belə halların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsini təmin etməlidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyədə kursları bitirən azərbaycanlı 42 hərbçiyə diplomlar təqdim edilib

Türkiyə Milli Müdafiə Universitetinin növbəti buraxılışına həsr olunan mərasim keçirilib. Bu barədə “Report”a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Türkiyə Respublikası...

Bağla