1.Bir adam milli manatla borc alsa, sonra borcunu xarici valyuta ilə qaytara bilərmi? Burada faiz təhlükəsi nə qədərdir və hansı incəliklərə diqqət yetirilməlidir?
Bir nəfər ehtiyacını aradan qaldırmaq üçün digər bir şəxsdən məsələn on min borc istəyərsə, müddət qurtardıqda da borcunu aldığı günkü məzənnəyə görə verməyi vəd etmiş sayılır. Belə olan təqdirdə borc verən valyuta ilə vermək istədikdə, ya (hər hansı) valyuta alaraq borc verməlidir. Müddət bitdikdə verdiyi miqdarı verdiyi günkü məzənnəyə görə xarici valyuta və ya manat olaraq geri ala bilər. Yaxud da on min manatı verərək xarici valyutaya çevirərək istifadə etməsi üçün borc alana vəkalət verər. Əgər borcu götürən həmin pulu başqa valyutaya çevirməyib onu manat kimi istifadə etsə belə ödəmə zamanında borcunu danışdıqları valyutaya görə ödəməlidir. Nəticə etibarilə məzənnəyə indeksli borc alıb-vermək mümkün və caizdir, yetər ki, borc alınan məbləğ üçün ayrıca bir faiz ödənməsin. Əks təqdirdə İslamın qəti şəkildə qadağan etdiyi faiz meydana gələr.
2.Bilirik ki, dinimizə görə əri ölən və ya boşanan qadın iddət müddəti gözləməlidir. Bunun əsas səbəbi də əvvəlki ərindən hamilə olub-olmadığını bilməkdir. Müasir dövrümüzdə tibbin inkişafı nəticəsində isə bunu asanlıqla öyrənmək mümkündür. Belə olan təqdirdə yenə iddət müddəti gözlənməlidir, yoxsa zamanın dəyişməsi ilə hökmün də dəyişməsi reallaşır?
Uca Allah Qurani-Kərimdə əri vəfat etmi və ya boşanmış hər bir müsəlman qadının iddət müddəti gözləməli olduğunu əmr etmişdir. Əri vəfat etmiş qadın dörd ay on gün (Bəqərə, 2/234), boşanmış qadın üç heyz (ay başı) və ya üç təmizlik müddəti (Bəqərə, 2/228), hamilə qadın isə, əri vəfat etmiş və ya boşanmışsa, uşağı dünyaya gətirənə qədər (Talaq, 65/1) iddət gözləməlidir. İddət müddəti gözləmənin bir sıra səbəb və hikmətləri vardır. Bunlardan birincisi və ən əsası həmin müddət ərzində qadının hamilə olub-olmadığı aydınlaşır və beləliklə dünyaya gələcək uşağın nəsli, yəni atalığı müəyyən edilmiş olur. Digər səbəbi isə, (boşanma zamanı) ər-arvadın bir-birlərinə yaxınlaşmadan eyni evdə və ya başqa evlərdə bir müddət yaşayıb fikirləşməklə bir-birlərini sevib-sevmədiklərinə, təkrar birləşmək istəyib-istəmədiklərinə qərar vermələri imkanını təmin etməkdir. Ər-arvad bəzi anlaşılmazlıqlar səbəbilə əsəbi halda boşanmış ola bilərlər, sonradan da etdiklərinə görə peşmançılıq çəkə bilərlər. Məhz bu səbəbdən boşanma, yəni bir və ya iki talaqla boşanma ailənin dağılmaması üçün uzun bir müddətə bağlanmış və evlilik bağı tam qopmamaşdır. Odur ki, iddət gözləmənin ən mühüm hikmətlərindən biri də ər-arvadın bir müddət evlilik münasibətlərindən uzaqlaşıb düzgün düşünərək barışmaları üçün zəmin hazırlanması və onlara fürsət verilməsidir. Bundan əlavə əri vəfat etmiş qadının iddət müddəti gözləməsi həyatının yeni bir mərhələsinə psixoloji cəhətdən hazırlanmasına da köməklik edir. Qeyd etmək lazımdır ki, İslamın gətirdiyi əməli hökmlər ibadətlər və müamilələr olmaqla iki qimdir. Bunlardan birincisi olan ibadətlər sırf Allahın razılığını əldə etmək üçün yerinə yetirilən və şəkli Uca Allah tərəfindən müəyyən edilmiş namaz, zəkat, oruc və s. kimi ibadətlərin şüurlu şəkildə edildiyi əməllərdir. Müamilələr isə, insanların həm bir-biriləri ilə, həm də cəmiyyətlə olan münasibətlərini tənzimləyən hökmlərdir. Buna da nikah, boşanma, əqdlər, vərəsəlik, alqı-satqı kimi müamilələr misal verilə bilər. Belə olan təqdirdə hökmü ayə və hədislərdə açıq şəkildə mövcud olmayan məsələlər haqqında qiyas etmək üçün, qiyasın ən mühüm rüknü olan illətin (səbəbin) müəyyən edilməsinə ehtiyac vardır. Məhz bu səbəbdən üsulşünaslar (fiqh üsulu alimləri) İslamda illəti təsbit edilə bilən və ya əqlin illətini dərk edə bilmədiyi nəsləri bir-birindən fərqləndirmişlər. Beləliklə də illəti müəyyən edilən nəslərin hökmü, onlarla eyni hökmü daşıyan digər məsələlərə də tətbiqi mümkün olarkən, təəbbüdi deyilən, yəni təlil edilməyən, illəti təsbit edilə bilməyən hökmlərdə isə qiyas etmək mümkün deyildir və bu kimi qiyas etibarsızdır. Məhz iddət məfhumu da təəbbüdi hökmlərdən olduğu üçün, hərçənd ki, bir sıra hikmətlərini ortaya qoymaq mümkündür, lakin tam şəkildə illəti, yəni hökmün qoyulma səbəbi bilinmədiyi üçün, dövrümüzdə onun əsas səbəblərindən biri ortadan qalxdığı üçün iddət gözləmə hökmünü ləğv etmək caiz deyildir. Nəticə etibarilə, müamilələr sahəsində də təəbbüdi qəbul edilən və sırf Allah əmr etdiyi üçün yerinə yetirilməli olan hökmlər vardır. Məhz iddət də bu hökmlərdəndir. Hərçənd ki, ağıl bu hökmü düşündükdə, yuxarıda qeyd edilən müxtəlif səbəblər və hikmətlər ortaya qoyur, dövrümüzdə tibbin inkişaf etməsi ilə həmin səbəblər ortadan qalxsa belə bunun iddət müddətinə hər hansı təsiri yoxdur. Çünki qadınların gözləmə müddətləri olan iddət və bunun müddəti Uca Allah tərəfindən əmr edilmişdir.
3. Bazara mal gətirən kəndlini yolda qarşılayıb malını almaq caizdirmi?
Hz. Peyğəmbər şəhərə mal gətirən hər hansı bir insanı yolda qarşılayaraq, malının satın alınmasını qadağan etmişdir. Buna “tələqqir-rükban” qadağası deyilir. Hənəfi alimləri bu qadağanı iki cür izah etmişlər:
a. Şəhərə mal gətirəni alverçilərdən birinin yolda qarşılayıb bütün malını satın alması və şəhərdə bu maldan olmadığı üçün istədiyi qiymətə satması.
b. Şəhərdəki qiyməti bilməyən bir adamı yolda qarşılayıb, gətirdiyi malı bazar qiymətindən ucuz almaq.
Bunlardan birincisində şəhər camaatı ziyan görər, ikincisində isə mal gətirənlər bazar qiymətlərini bilmədikləri üçün aldadılmış olarlar. Məhz buna görə də haqqında danışılan hərəkət məkruhdur. Ancaq yuxarıda qeyd etdiyimiz zərərlərdən heç biri olmaz, topdan satış məntəqələrində olduğu kimi camaatın münasib və müntəzəm qida məhsulları əldə etməsinə köməkçi olarsa bu kimi alqı-satqıda heç bir əngəl olmaz.
Malik bin Ənəs isə bu qadağaya alverçi nöqteyi-nəzərindən baxaraq, aralarında birinin beləliklə çox ucuz mal təmin etməsinin haqsız rəqabətə səbəb olduğunu, malın alındığı yer şəhər və ya qəsəbəyə uzaqdırsa, bunda hər hansı bir əngəlin olmadığını söyləmişdir.
Şafeilərə görə isə bu kimi alış-verişlərdə kənardan mal gətirən aldadılmışsa, həmin müqaviləni pozma hüququna malikdir.
DR. ANAR QURBANOV