İnsanların həyatında özünə dərin kök salmış içki bəlasını aradan qaldırmaq üçün İslam dininin izlədiyi yol çox ibrətamizdir. Məkkə dövründə İslamın Qurandan başqa nə dövləti nə də ordusu var idi. Bu dövrdə nazil olan ayələr arasında içkiyə dair çox incə bir işarədən başqa bir şey gözə dəymir. Nəhl surəsinin 67-ci ayəsində Allah Təala belə buyurur: “Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab və gözəl ruzi düzəldirsiniz. Şübhəsiz ki, bunda ağılla düşünənlər üçün bir ibrət vardır.” (Nəhl 16/67) Bu ayədə Allah-Təala incə bir üslubla içkini gözəl ruzidən ayıraraq sonrasını möminlərin öz ixtiyarına buraxdı. Ancaq Mədinə dövründə İslam dövləti quruldu və İslam dini müəyyən gücə sahib oldu. Buna baxmayaraq İslam dini içkini cəmiyyət həyatından silmək üçün nə dövlət qüvvəsinə sığındı nə də hakimiyyət qılıncına əl atdı. İlahi nizam xoşluq və yumuşaqlıqla insanların ruhi ehtiyaclarını düşünərək işə başladı. Bəqərə surəsinin 219-cu ayəsi içki və qumar haqqında Allah Rəsuluna (s.ə.s) sual verən möminlərin suallarına belə cavab verdi. “Ya Rəsulum! Səndən içki və qumar haqqında sual edənlərə söylə. Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür.” (Bəqərə 2/219) Bu ayədə Allah Təala içki və qumarın günahlarının faydalarından daha çox olduğuna diqqət çəkərək bu yoldan ayrılmağın ilk işarələrini verdi. Hadisələr bir-birini təqib etdi. Nəhayət içkili halda camaat namazı qıldıran bir səhabə “De ki, ey kafirlər mən sizin ibadət etdiyinizə ibadət etmirəm” (Kafirun 109/1-2) ayəsini “Biz sizin ibadət etdiyinizə ibadət edirik” kimi oxudu. (Tirimiz, Təfsir, 5). Bu hadisədən sonra “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza durmayın” (Nisa 4/43) ayəsi nazil oldu. Bu ayə içki vərdişindən insanları ayırmaq üçün müstəsna əhəmiyyətə malik idi. Çünki namaz vaxtları gün boyunca elə yerləşib ki, namaz aralarında içənlərin rahat içə bilmələri və namaza qədər söylədiklərini dərk edəcək qədər ayılmaları üçün kifayət qədər vaxt yoxdur. Burda da seçim möminin vicdanına həvalə edilirdi. Mömin öz vicdanı ilə namazın mənəvi zövqünü, içkinin sərxoşluğu ilə müqayisə edərək öz qərarını verəcəkdi.
Bir qədər də vaxt keçdi və içki ilə bağlı bir sıra mənfi hadisələr baş verdi. Nəhayət içki məsələsində son nöqtəni qoymağın vaxtı çatdı və ardıcıl iki ayə nazil oldu. “Ey iman gətirənlər! İçki də, qumar da, bütlər də, fal oxları da şeytanın əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasız. Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı zikr etməkdən, namaz qılmaqdan ayırmaq istər. Artıq bu işdən əl çəkəcəksinizmi?!” (Maidə 5/90-91) Bu ayəni eşidən Həzrət Ömər (r.a): “Əl çəkdik, əl çəkdik, tamamilə əl çəkdik ya Rəbbi” (Əbu Davud, Əşribə, 17) – dedi və bütün müsəlmanlar da əl çəkdilər. İçki tuluqları boşaldıldı, qədəhlər sındırıldı. Onlar ilahi kəlamı eşidən kimi ağızlarındakı içkini belə udmayaraq geri qaytardılar. Bəli möcüzə gerçəkləşdi heç bir zaman və məkanda heç bir rəsmi qanunla əldə edilməyən bir nəticə hasil oldu. İnsan ruhuna xüsusi bir metodla təsir edən Quranın möcüzəsi idi bu. Bu qələbə islami cəmiyyətin ilahi tərbiyə silsiləsinin bir halqası idi. O cəmiyyət ki, İslam onu cahiliyyə bataqlığından çıxararaq insanlıq tarixi üçün əxlaq nümunəsinə çevirdi.
f.f.d Səfa Muradov