Dubayda iş adamı olan qardaşlar Muhamməd və İmran Kərim hər gün 3 min fəhləni qida ilə təmin edir.
Bu haqda “Khaleej Times” nəşri xəbər yayıb.
Afrikanın Malavi ölkəsindən olan xeyirxah qardaşlar hər axşam saat 5-də müxtəlif tikinti sahələrinə gedərək orada çalışanlara isti xörəklər, sərinləşdirici içkilər və s. sovqatlar paylayırlar. İki saat ərzində onlar “Umm Suqeim” məscidinə doğru hərəkət edərək orada da xeyriyyə təşəbbüslərini davam etdirirlər.
“Məsciddə xidmət etdiyimiz miqrantlar 12-dən çox millətə, müxtəlif dinlərə və milli mənşəyə mənsubdur. Biz dinə, irqə və ya dərinin rənginə görə ayrı-seçkilik etmirik”, – deyə Imran bildirib.
Bir ay ərzində qardaşlar 100 mindən çox ehtiyaclı insanı yedizdirirlər. Bu nəcib təşəbbüsə ötən il başlayıblar. Bir il öncə İmran fəhlələrə yemək paylamağa başlayıb və ondan sonra bu, bir ailə ənənəsinə çevrilib. İmran deyir ki, xeyirxahlığa həsr edilən vaxt biz qardaşlara ruhi dinclik verir…
Bütün Kərimlər ailəsi qidaların qablaşdırmasında iştirak edir. 6 könüllü fəal da xörək və hədiyyələri fəhlələrə paylamağa yardım edir. Ayda bir dəfə isə afrikalı müsəlman qardaşlar zəhmətkeş miqrantlara dərman və gigiyenik vasitələr olan bağlamalar paylayır.