Qurani-Kərim Allah Təala tərəfindən iki qapaq arasında toplanan müstəqil bir kitab olaraq deyil, 23 il ərzində hissə-hissə Həzrət Məhmmədə (s.) nazil olmuşdur. İlahi kitabımızı digər ilahi mənbəli kitablardan fərqləndirən bəzi xüsusiyyətlər vardır. Əvvəla, Əhdi-ətiqin (qədim əhd) üslubu fərqlidir. Əhti-ətiq sadəcə Həzrət Musaya nazil olan Tövrat və onun beş hissəsindən ibarət deyildir. Yəhudi düşüncəsinə görə Əhdi-ətiq Tövratla birlikdə digər İsrail peyğəmbərlərinə nazil olan ilahi vəhyləri də əhatə edir. Yəhudi kalssik qaynaqlarını tədqiq etdiyimiz zaman Tövratın dəyişdirildiyini görə bilərik. Eyni zamanda Əhdi-ətiqin xronologiyaya əsaslanan bir üslubu vardır. Burada hadisələr dünyanın yaradılması ilə başlayır və son ilahi vəhy alan İsrail peyğəmbərinə qədər davam edir. Bunun qarşılıq Əhdi-cədidinin (yeni əhd) üslubu Əhdi-ətiqdən çox fərqlənir. Həzrət İsanın təbliği sözlü idi. O, söylədiklərini həvarilərinə yazdırmırdı. Həzrət İsanın vəfatından uzun illər sonra onun mesajı yox olma təhlükəsi ilə qarşılaşıldıqda bir çox yazar tərəfindən İncillər qələmə alınmışdır. Qələmə alınan İncillərin sayı 60-dan çoxdur. Daha sonra Xristian dünyası tərəfindən sadəcə dörd İncil əsas qəbul edilmiş, digərləri rədd edilmişdir. Bu bağlamda apokrif İncillər arasında yer alan Barnabas İncili böyük maraq obyektinə çevrilmişdir. İncillər Həzrət İsanın biblioqrafiyasından ibarətdir. Qurani-Kərim isə belə deyil. O, nə tarix kitabıdır, nə də bibiliografiya. Eyni zamanda Quran məkkəli müşriklərin iddia etdikləri kimi şeir kitabı da deyildir. Hər nə qədər Qurani-Kərim Həzrət Məhəmmədə (s.) VII əsrdə nazil edilsə də onu oxuyan hər kəs ayələrin bu günün aktual məsələlərinə təmas etdiyini görəcəkir. Qurani-Kərimin özünəməxsus üslublarından biri də elm və yaş səviyyəsinə uyğun olaraq hər kəsə xitab etməsidir.
İlk vəhy Həzrət Məhəmmədə (s.) 610-cu ildə Hira mağarasında nazil olmuşdur. Hədis qaynaqlarında keçən məlumata görə Həzrət Peyğəmbər (s.) Hira mağarasında etikafda ikən Cəbrayıl onun yanına gəlmişdir. Cəbrayıl Həzrət Məhəmmədə (s.) “Oxu!” deyə əmr etmişdir. Həzrət Məhəmməd (s.) “Mən oxuya bilmirəm” cavabını vermişdir. Bu cavabı eşidən Cəbrayıl Həzrət Məhəmmədi var gücü ilə sıxmışdır. Bu hadisə üç dəfə təkrarlanmışdır. Cəbrayıl Həzrət Məhəmmədi (s.) üçüncü dəfə sıxıb buraxdıqdan sonra əl-Ələq surəsinin ilk beş ayəsini nazil etmişdir. Əl-Ələq surəsi 19 ayədən ibarətdir. Surə bütün olaraq deyil, sadəcə ilk beş ayəsi ilk nazil olmuşdur. Surə adını ikinci ayədə keçən “ələq” kəlməsindən almışdır. Əl-Ələq surəsi həm ilk nazil olan Quran vəhyi baxımından, həm də ilk vəyhin möhtəvası baxımından böyük əhəmiyyət kəsb edir. Allah Təala ilk ayədə belə buyurur: “Yaradan Rəbbinin adı ilə oxu!” (əl-Ələq 96/1). Uca yaradan ilk ayədə əhəmiyyət kəsb edən bir məsələyə təmas edir. Belə ki, ayədə insanı Allahın yaratdığı bəyan edilir. Deməli, Allah insanı yaratmağa qadirsə, bizi əhatə edən hər şeyi də yaratmağa qadirdir. Ağıl sahibləri bu həqiqəti araşdırar və yaradılışın həqiqətən Allah tərəfindən olduğunu təsiqləyər. Elə isə hər şeydən uca və ulu olan Allah Təalanın adı ilə hər bir işə başlamaq təfəkkür etməyimizə qapı aralayacaqdır. Araşdırmadan əldə ediləcək nəticə həm ağlımızı, həm də qəlbimizi Uca Allahın nuru ilə şərəfləndirəcəkdir.
Qurani-Kərimin ayələri arasında siyaq-sibaq (öncəki və sonrakı ayələr arasındakı əlaqə) əlaqəsi vardır. Bu əlaqəyə istinadən mövcud ayədən əvvəlki və ya sonrakı ayələr həmin ayəni təfsir etməyə qadirdir. Bu qaydaya əl-Ələq surəsində də rastlayırıq. Belə ki, ilk ayədə insanın yaradılışına toxunulur. Sonrakı ayələr birinci ayəni təfsir edərək yaradılışın sirləri haqqında məlumat verir. Allah əl-Ələq surəsinin sonrakı ayələrində belə buyurur: “O, insanı ələqdən[1] yaratdı. Oxu! Sənin Rəbbin ən səxavətli olandır. O, (insana) qələmlə yazmağı öyrədəndir. İnsana bilmədiyini öyrədəndir”. (əl-Ələq 96/2-5). Məalları qeyd edilən ayələrdə insanın ilk yaradılışının ana bətnində ələq və ya ələqə formasında olduğuna diqqət çəkilir. Daha sonra nazil olan əl-Həcc surəsinin 5-ci və Muminun surəsinin 14-cü ayələrində rüşeymin ana bətnində keçirdiyi inkişaf mərhələlərindən bəhs edilir. Həmçinin Allah Təala insana qələm ilə yazmağı öyrətmişdir. İslam mədəniyyətinə və sufi-mistik fəlsəfəsində qələm müqəddəs qəbul edilir. Çünki qələm və yazı olmadan insanlığın inkişafı mümkünsüzdür. Eyni zamanda Allah insana bilmədiklərini öyrədəndir. Bu ayə üzərində biraz düşünək: İnsan dünyaya qədəm basdığında heç nəyi bilmir. Daha sonra zamanla bilmədiklərini öyrənir. Təbii, insan bunu öz çabası nisbətində öyrənir. İnsanın öyrəndiklərini yaradan, onları nizam-intizam içərisində yerləşdirən, oxumağı və öyrənməyi insanın yaradılış qayəsinə kodlayan Allahdır. Deməli, insana bilmədiklərini Allah öyrətmişdir. Hal belə olduqda, bütün bunlar, yaradılan bənzərsiz gözəlliklər və əsla əksilməyən nizam-intizam Allah Təalanın səxavətindən xəbər verir.
Burada qeyd edilməyə dəyər önəmli nüanslardan biri də budur: İlk ayələr nə vaxt nazil olmuşdur? Bəqərə surəsinin 185-ci ayəsində Qurani-Kərimin müqəddəs Ramazan ayında nazil olduğu bəyan edilir. Duxan surəsinin ilk ayəsindən məlum olur ki, Qurani-Kərim mübarək bir gecədə nazil olub. Qədr surəsində isə bütün qapalılıqlar açıqlanır; Qurani-Kərim ilk dəfə müqəddəs Ramazan ayında şərəfli Qərd gecəsində nazil olmuşdur.
[1] Ələq və ya ələqə kişinin sperası ilə mayalanmış dişi yumurtadan bir həftə ərzində yaranan hüceyrə topasının rəhmin divarından asılıb yapışmış şəklinə deyilir. Qurani-Kərim və məalı, tərcüməçi Dr. Kövsər Tağıyev, Ankara: 2020, səh. 597.
Murad Ağayev