İMANSIZ ƏMƏL OLARMI?

0

   İman etməyən insanların, yəni müsəlman olmayan insanların elədikləri yaxşılıqlar qəbul olurmu, qəbul olursa, necə qəbul olur, kimi sualların cəvabını Qurandan və Sünnədən öyrənirik. Allahla qarşılaşacaqlarını güman etməyənlər cənnətə girə bilməyəcəklər və onlar haqqında belə buyrulacaq:  “Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik” (Furqan 23). Əməllərin qəbulu üçün “iman etmək” şərtdir. Nisa surəsi 124-cü ayədə, “Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz”. Bu ayədə keçən, “وَهُوَ مُؤْمِنٌ”- “mömin olaraq” ifadəsi açıq bir şəkildə ifadə edir ki, cənnətə girmək üçün “mömin olmaq” şərtdir. Cənnətə girmək üçün Qurandakı “mömin olmaq” şərti üç yerdə (Nisa 124, Nəhl, 97, Ğafir 40) təkid edilərək şübhəyə məhəl buraxmamışdır. Bəzi hədislər də bu ayətləri açıqlayır. Məsələn, Aişə anamız, Allah ondan razı olsun, Allahın Elçisindən, ibn Cüda adında bir adamın elədiyi yaxşılıqların (əqrəbaları ziyarət etmək, sədəqə vermək..) səvabını alıb almayacağını soruşur. Peyğəmbərimiz də belə cəvab verir: “Xeyr, çünki o, həyatında bir dəfə belə olsa, Allahdan bağışlanma diləməmişdir” (Müslim, İman 365). Belə çıxır ki, axirətdə cənnətə girmək istəyən insanlar ilk öncə Allahı və axırəti qəbul edərək iman etməlidirlər.

   Bəs o zaman, insanların “yaxşı əməlləri” əvəzsizmi qalır? Təbii ki, xeyr. Heç bir insanın əmələ əvəzsiz qalmır. Allah Quranda belə buyurur: “Biz axirət savabını istəyənlər üçün onların savabını artırar, dünya qazancını istəyənə də ondan (dünyadan) verərik. Lakin onun axirətdə heç bir payı olmaz” (Şura 20). Axirətdə səvab istəyən, cənnətə girmək istəyən hər kəs ilk öncə axirətin olduğunu, ölümdən sonra dirilişin, hesab gününün, cənnət və cəhənnəmin olduğuna inanmalıdır. Allahı və axirəti inkar edənlərin etdiyi “yaxşı əməllər” qarşılığında onlara bu dünyada kifayət qədər, adil şəkildə “əvəz” veriləcək. Küfr edən və şirk qoşan insanların əməlləri puç olacaq (Zümər 65) və İslam dini xaricində din seçənlərin sonu peşmançılıqla bitəcək (Ali imran 85). Allaha və axirət gününə iman etməyənlərin “yaxşı əməlləri” əvəzində bu dünyada onlara bolluca dünya neməti veriləcək (Hud 109), onlara zərrə qədər olsun zülm edilməyəcək (Kəhf 49) və onların axirətdə səvab olaraq heç bir nəsibi olmayacaq (Şura 20). Bir hədisi şərifdə Peyğəmbər aleyhissalam əfəndimiz belə buyurur: “Kafir, bu dünyada etdiyi yaxşılıqlara görə o qədər nemətlənir və yedirilir ki, axirət gününə onun heç bir əvəzsiz (qarşılığı verilməmiş) mükafatı qalmaz” (Müslim, Sıfatul-Münafiqin 56).     

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏKKƏDƏ AZƏRBAYCAN MƏHSULLARI SƏRGİLƏNİB

Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerli Ticarət Palatasının təşkilatçılığı ilə fevralın 22-26-da keçirilmiş beynəlxalq sərgidə 20-dən çox ölkə, o cümlədən Azərbaycan...

Bağla