İNANIRSINIZSA ÜSTÜNSÜNÜZ

0

Uca Allah Qurani-Kərimdə belə buyurur: “Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz!”[1]

Bu ayənin səbəbi-nüzuluna baxdıqda görürük ki, müsəlmanların Ühüd döyüşündəki məğlubiyyətlərindən sonra onların ümidsizliyə düşməmələri üçün bir xəbərdarlıq mahiyyətində olub, güclü bir imanla gələcəkdə çoxlu zəfərlər əldə edə biləcəklərini bildirmək üzrə nazil olmuşdur.

Belə ki, müsəlmanlar Ühüd müharibəsində məğlub olmaları və bir çox şəhid vermələri səbəbilə böyük bir ruh düşkünlüyü və üzüntü içində idilər. Yaşadıqları məğlubiyyət onların cəsarətini qırmış, verdikləri şəhidlər də kədərlərinə kədər qatmışdı. Bu ayədə onların içində düşdükləri bu psixoloji halları vəciz bir şəkildə ifadə olunmuşdur.

Uca Allah üstünlüyü və qalibiyyəti imana bağlamışdır. Buna görə də ayədə “Əgər inanırsınızsa, üstün olan sizsiniz!” – buyurulmuşdur. Yəni, insanın Allaha və özünə inamı kamil şəkildə olarsa o, düşmənə qalib gələ bilər.

Qurani-Kərim ümumbəşər bir kitab olması səbəbilə, eləcə də ayələrin məna və hökmləri sadəcə səbəbi-nüzulla məhdud olmadığı üçün bu ayə hər dövrün müsəlmanına çox önəmli bir mesaj verir.

Bu ayənin verdiyi çox dəyərli mesajı biz bu gün “fərdi inkişaf” proqramlarında və bununla bağlı yazılan bir çox kitab və məqalələrdə görürük. Halbuki on dörd əsr əvvəl Uca Allah inanc-müvəffəqiyyət paralelliyini vəciz bir üslubla bizlərə xəbər vermişdir. Yəni, iman nə qədər gücülüdürsə, qələbə və müvəffəqiyyət də o qədər yaxındır. İnanmadığımız bir şeyi əsla gerçəkləşdirə bilmərik. İnancımız nə qədər güclüdürsə, ruhumuz da o qədər güclənəcək, qarşımıza çıxan çətinlikləri o dərəcədə daha asan keçə bilərik. Həyatda uğur qazanan insanlar super gücə sahib insanlar deyil, gördükləri işə və özlərinə inanan sadə insanlardır.

Yuxarıdakı Quran ayəsinin verdiyi mesajı son əsrlərdə yaşamış qərb filosofları isə fərqli üslublarla belə səsləndirmişlər:

“Nəyə inanırsınızsa, onu yaşayarsınız. Fərqində olsanız da, olmasanız da inanc hər şeyi formalaşdırır”. (Ray Dodd)

“İlk addımınızı inancla atın! Pilləkəni bütövlüklə görmək məcburiyyətində deyilsiniz. Yetər ki, siz ilk addımı atın”. (Martin Luther King)

“Sən qələbəyə inansan, qələbə də sənə inanar”. (Paulo Coelho)

“Müvəffəqiyyətli insanlar mümkün görünməyən şeylərin mümkünlüyünə inanan kimsələrdir!” (Alfred de Vigny)

“Güclü bir inancdan başqa heş bir şey güclü bir iş görə bilməz!” (Honore de Balzac)

“Bir işi bacarmaq üçün onu çox sevməlisiniz. Bir işi çox sevə bilmək üçün də ona dəlicəsinə inanmalısınız”. (Che Guevara)

“Əsil möcüzə özünə inanmaqdır. Ondan sonrası adi bir şeydir”. (Goethe)

f.f.d. Ələddin Sultanov

[1] Ali İmran, 3/139.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-DA İLK DƏFƏ HÜQUQ DƏRGİSİNİN RƏHBƏRLİYİNƏ MÜSƏLMAN TƏYİN EDİLDİ

ABŞ Harvard universiteti Hüquq fakultəsi tərəfindən nəşr edilən ölkənin ən populyar hüquq dərgisi “Law Review”in rəhbərliyinə ilk dəfə müsəlman təyin...

Bağla