İNSAN OLMA YOLÇULUĞU

0

İnsan olma yolçuluğu yaxud sənəti qədər çətin bir iş yoxdur. İnsanın bütün yönləri ilə tanınması mümkün olmadığına görə adıkeçən “sənəti” həm öyrənmək həm də öyrətmək çox çətindir. Onu hərtərərfli, həm maddi, həm də mənəvi izah edən hər hansı bir bəşəri sistem, elm və yaxud metodologiya yoxdur. Mövzusu insan olan hər bir elm, fərqli cəhətləri ələ alaraq tədqiq edir, amma nəhayətə çatmaq və insan haqqında bütün təfsilatı ortaya çıxarmaq qeyri mümkündür. İnsanın kim olduğunu araşdırmaq üçün onun haqqında deyilmiş müxtəlif söz və tərifləri xatırlamaq lazımdır.

  • İnsan taksonomik adı ilə Homo sapiens-dik duruşa, nisbətən inkişaf etmiş bir beyinə, mücərrəd düşünmə, danışma qabiliyyətinə sahib- məxluqdur.
  • Məməlilərdən, iki əli, iki ayağı olan, iki ayaq üstündə dik bir şəkildə hərəkət edən, ağlı və düşünmə qabiliyyəti olan, dillə, sözlə ünsiyyət quran, ən inkişaf etmiş canlı varlıqdır.

Yuxarıdakı iki cümləyə oxşar insan təriflərini çoxalda bilərik amma bu cür təriflərin insanı yarımçıq anlatdığına diqqət edərək hətta insanı olduğundan çox fərqli anladaraq bəlkə də təhrif etdiyi üçün bu iki təriflə kifayətlənirik. Bu mövzuya daha geniş pəncərədən baxmaq yerində olacaqdır. Bunun üçün insanın, sadəcə, fiziki və texniki bəzi xüsusiyyətlərinə diqqət yetirmək yerinə, onun vəsfləri, güclü və zəif yönləri və başqa mühüm cəhətləri haqda məlumat vermək daha məqsədəuyğundur.

Yunis Əmrə insanın özünü bilməsinin və əsil elimdən məqsədin nə olduğu haqqında nə gözəl demişdir:

Elm elm bilməkdir
Elm özünü bilməkdir
Sən özünü bilməzsən
Bu necə oxumaqdır

Hacı Bəkdaşi Vəli də: “Oxunmağa ən çox möhtac olan kitab məhz insandır” kəlamı ilə insanın öz-özünü oxuması və nəfsini bilməsinin əhəmiyyətini vurğulamışdır.

Cəmil Məriç müasir insan haqqında belə deyir: Günümüzün insanı köklərindən qopmuş bir ağacdır. Həm özünə özgələşmiş, həm də təbiətə yadlaşmış.

“İnsan psixologiyasında onu ən təməldəki aləminə bağlayan cazibə qanunu var” deyən Anatol Fransın bu sözlərindəki “cazibəni” də hər halda insanın ruhunda var olan, ana vətəninə (cənnətə) geri qayıtma “həsrəti” kimi başa düşə bilərik.

Məqaləmizə dövrümüzün filosoflarından Sponvillenin insan haqqındakı sözləriylə xitam verirəm.

“Özünü tanımaq, heyran-heyran özünü seyr etmək demək deyil. İnsanın həm nə olduğunu, həm də nə olmalı olduğunu öyrənməsidir. Necə düşünəcəyini, necə yaşayacağını, necə xoşbəxt olacağını özünə bəxş etməsidir”. Bu sözləri deyərkən o, insanın həyatdakı qayəsinin özünü axtarmaq olmasının vacibliyini vurğulamışdır.

Elm adamlarının insan haqqında əldə etdikləri biliklər və məlumatlar, insan davranışlarını dərk etməyi, anlamağı, şərh etməyi və insanın hansı şərtlərdə necə davranacağını müəyyən etməyi izah edir. İnsanlar və davranışları araşdırılarkən zaman və məkan fərqliliyi pəncərəsindən də məsələyə yanaşıldığı üçün, fərqli mədəniyyətlər içində yaşayan fərdlərin zehniyyətləri, xarakterləri, əxlaq anlayışları, fərdi inkişafları bir-birindən fərqli olaraq önümüzə çıxır. Həqiqətən insan kimi yaşamaq və həqiqi mənada insan olmaq olduqca çətindir.

İnsanın kim olduğunu dərindən öyrənməyimiz üçün onu yaradan, ona surət verən, onun keçmişini və gələcəyini bilən Ulu Allahın kitabına müraciət edilməlidir. Allah insanın kim olduğunu, bu dünyada nə iş görəcəyini, zəif və güclü tərəflərini və buna bənzər bir çox xislətlərini Quranda bizə izah etmişdir. Uca Yaradan insanı bir çox yönü ilə özünə tanıtmışdır. Zəif və güclü tərəflərini, məqsədini, gedəcəyi yolu, arzu və istəklərini geniş şəkildə ortaya qoymuşdur.

Əslində insan kimdir?” sualına belə cavab verə bilərik: İnsan başında daşımalı olan səltənət tacını ayağının altına qoyan, üzərində oturduğu nemətləri onudaraq üsyan edən, əlində güclü bir əsa olduğu halda ona söykənməkdə təkəbbürlük edən, önündəki qaranlığa dalmaq üçün tələsən bir məxluqdur.

Sadalanan mənfi xislətlərdən, cəhalət və nankorluqdan uzaq olan insan başqa sözlə “özünü bilib sonra Rəbbini tanıyan” bir insan dünya və axirətdə səadətə qovuşar.

Rəbbimiz bizi bir-birimizi tanımağımız üçün fərqli qəbilə və soylara bölmüşdür. İnsan ilk öncə özünü sonra da başqalarını tanımaq məcburiyyətindədir. Çünki o başqa insanlarla birgə ic-timaiyyət içərisində yaşayan bir varlıqdır. Odur ki, həm özünü həm də başqalarını tanımaq üçün əlində olan imkanları bilməlidir. Elə bu səbəbə görə də tarix boyunca alimlər insan tanıma metodologiyaları haqqında kitablar yazıb sistemlər ortaya qoymuşdur. İnsanı tanımanın iki əsas yolu vardır. Birinci yol “İnsan deyilən məxluqu” araşdıraraq onun bütün xüsusiyyətlərini ortaya çıxarmaq üçün gedilən elmi araşdırmalar yoludur. İkinci yol isə insanı xəlq edən Uca Yaradanın bəyanına müraciət etməkdir. Bir əşyanı düzəldən usta başqalarından daha çox o əşyanı tanıdığı kimi bizi yaradan Uca Allahın insanlar haqqında peyğəmbərlər vasitəsi ilə xəbər verdiyi məlumatlar insan haqqında danılmaz, qüvvətli və doğru mənbədir. Hər iki yola müraciət edərək biraz da olsa insanı öyrənmək olar. Amma bunu unutmayaq ki, insan olma sənəti hər zaman insan tanıma sənətindən çətindir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ DAHA BİR BEYNƏLXALQ QURUMUN RƏHBƏRLİYİNDƏ TƏMSİL OLUNACAQ

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 27 yanvar tarixində İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi cənab Məhəmməd Əbdül Salamla...

Bağla