İNSANLAR YUXUDADIRLAR

0

Dünya insanın əbədiyyət yurdu deyil. Allah dünyanın fani olmasına qərar vermişdir. Dünyada olan hər kəs bir gün ondan ayrılacaq. Neçə neçə binalar vardır ki, indi xarabaya çevrilib, neçə neçə insanlar vardır ki, indi torpağın altındadırlar. İnsanlar üçün ən qorxulu şey onlara faydası olmayan arzu və istəklərinə uymalarıdır. Çünki boş arzulara uymaq insanı haqdan uzaqlaşdırar və ona axirəti unutdurar.

İnsanın arzuları çoxaldıqca qəlbi dünyaya daha çox bağlanar. Ağlı həqiqətləri idrak edə bilməz. Dünyanın bər-bəzəyi və naz-nemətləri onun həqiqəti görməsinə mane olar. İnsan, əcəli yaxınlaşana qədər bu qəflət içərisində həyatına davam edər. Ölüm çatdığı zaman sanki yuxudan ayılar. Çünki insanlar yuxudadırlar, öldükləri zaman ayılarlar. Belə olduqda ömrünü qəflətdə keçirtdiyini və Allahın hüzuruna əliboş çıxdığını görüncə peşmanlıq içərisində yüksək səslə Rəbbinə belə səslənər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə tərk etdiyim yaxşı əməlləri indi edərəm“. (Muminun, 23/100).

İnsan ölmədən öncə ölümün həqiqətini idrak etməli, qəflətə düşməməli və axirəti üçün çalışmalıdır. Çünki bu gün əməl vardır hesab yoxdur, sabah isə hesab vardır əməl yoxdur. Bu duyğu və düşüncələrlə yaşayan insan üçün ölüm öz vəhamətini itirər və insan dünyanın fani olduğunu idrak edərək əbədiyyəti qazanmaq üçün cəhd edər. Bir insanın Allahın vəd etdiyi saysız-hesabsız nemətlər qarşısında dünyanın keçici həzzlərinə aldanmasından daha pis bir şey ola bilməz. Elə isə aldanmamaq üçün Rəbbə layiq olduğu şəkildə təzim etmək, onun buyurduğu əmrlərə itaət etmək və qadağan etdikləri şeylərdən də uzaq durmaq şərtdir. Şübhəsiz ki Ona itaət edənləri Allah yüksəldər, qəflət içərisində qalıb Onun əmirlərini yerinə yetirməyənləri isə Allah alçaldar.

Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!” (Ali-İmran, 3/194).

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAŞ NAZİR HİCABLI MÜƏLLİMİN İŞDƏN ÇIXARILMASINI TƏNQİD EDİB

Kanadanın baş naziri Castin Trüdo bir müddət əvvəl Kvebek əyalətində hicablı müəllimin işdən çıxarılmasını tənqid edib. Yerli CTV kanalına e-mail...

Bağla