Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Azerbaijan Design Award” layihə-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. İslamveirfan.com xəbər verir ki, “İrfan” dərgisinin baş dizayneri Nicat Qəribov da bu müsabiqənin qaliblərindən biri olub. Məlumata görə, 10 dizayn kateqoriyasından ibarət müsabiqədə Nicat Qəribov “Qablaşdırma dizaynı” (Packaging design) kateqoriyası üzrə qalib olub.
Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və istedadlı şəxsləri üzə çıxarmaq məqsədilə həyata keçirilib.
Dünyaca məşhur peşəkarlardan ibarət münsiflər heyəti bütün layihələri onlayn şəkildə anonim olaraq dəyərləndiriblər. Ümumilikdə 18 münsifin olduğu layihədə 6 ölkədən olan peşəkarlar da yer alıb. Müsabiqəyə 400-dən çox dizaynerin 611 əsəri təqdim olunmuşdur.
Bildirilib ki, on dizayn kateqoriyasından olan yaradıcı insanları bir araya toplayan layihəyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də dəstək verib.
Dizaynerlər rəsmi sayt üzərindən 10 kateqoriya üzrə layihələrini təqdim ediblər: brendinq, qablaşdırma dizaynı, illüstrasiya, veb-dizayn, sənaye dizaynı, tətbiqetmə (app) dizaynı, interyer dizaynı, eksteryer dizaynı, çap dizaynı, outdoor dizaynı.
Sonra “Azerbaijan Design Award” layihəsinin qalibləri möhtəşəm final gecəsində elan olunub. Finalçılar “Azerbaijan Design Award” və Mədəniyyət Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar. Qaliblərə isə əsas mükafat “Azerbaijan Design Award” kuboku, diplom və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu, Nivat Qəribovun ilk naliyyəti deyil. Əməkdaşımız daha əvvəl iştirak etdiyi yerli və beynəlxalq müsabiqələrdə müxtəlif nominasiyalar üzrə qalib olaraq kubok, diplom və fəxri fərmana layiq görülüb.
Nicat Qəribovun işlərindən nümunələr