İslam, Həzrət Adəmdən Həzrət Muhəmmədə (s.ə.v.) qədər davam edən dinin adıdır. Son haqq din Həzrət Muhəmməd (s.ə.v.) tərəfindən insanlara çatdırılmışdır. Bəs İslamın mənası nədir? İslam, kəlimeyi-şəhadətin özüdür. Yəni, Allahdan başqa ilahın olmadığını, Muhəmmədin (s.ə.v.) onun qulu və elçisi olduğunu təsdiq etməkdir. Kəlimeyi-şəhadəti deyən hər insan (və ya təslim olan) həm Qurani-Kərimdə, həm də hədislərdə “müsəlman” olaraq adlandırılmışdır. İslamın 5 əmri vardır və hər bir müsəlman bu əmrləri yerinə yetirməlidir. Əmrlərdən ilki yuxarıda bəhs edilən kəlimeyi-şəhadətdir. Gündən beş vaxt namaz qılmaq, ildə bir dəfə ramazan orucu tutmaq, zəkat vermək və şəriətdə bildirilən şərtlər yerinə gətirildiyi vaxt həccə getməkdir (Nasr, 2020: 20).
Müslimin nəql etdiyi və Cəbrayılın Həzrət Muhəmmədə (s.ə.v.) göründüyü məşhur hədisdə iman sözünün mənasından da bəhs edilir. Cəbrayıl Həzrət Muhəmməddən (s.ə.v.) “iman nədir?” deyə soruşmuş, Həzrət Muhəmməd (s.ə.v.) də; “iman, Allaha, peyğəmbərlərinə, mələklərinə, kitablarına, axirət gününə, xeyir və şəri ilə birlikdə qəza və qədərə inanmaqdır” deyə cavab vermişdir (Müslim, “İman”, 1). İslam, digər ilahi dinlərdən fərqli olaraq bütün peyğəmbərləri və müqəddəs kitabları təsdiq edir. Heç vaxt bir peyğəmbəri digərindən ayırmır. Məhz buna görə İslam özündə birləşdirici və cəmiyyət içindəki dinamiklərin möhkəm bir zəmində inkişafı üçün şərait yaradan tək dindir.
Müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən ihsan sözü də həmin hədisdə açıqlanır. İhsan, qulun sanki Allahı görürmüş kimi ibadət etməsidir. Başqa sözlə, insanın Allahın onu gördüyünün şüurunda olaraq bütün mövcudiyyəti ilə ona yönələrək ibadət etməsidir (Müslim, “İman”, 1). Unutmayaq ki, insanın iki böyük düşməni vardır. Bunlar unutmaq və qəflətdir. İnsan Allahın onu gördüyünü və bir gün onun hüzuruna gedəcəyini unudaraq həyatına davam edir. İhsan isə insanı qəflətdən quratarır, Allah ilə qul arasındakı əlaqəni gücləndirir və insanın axirəti üçün azuqə yığmasına kömək edir. Nəticə etibarilə İslam, iman və ihsan geniş mənalar ehtiva edən sözlərdir. Hər bir müsəlman bu sözlərin mənasını dərk edərsə cəmiyyətdə baş verən konfliklər həll olacaq, insanlar dürüst, səmimi və digər insanlara qarşı daha mərhəmətli olacaqlar.
Murad Ağayev