İSLAM MEMARLIĞI VƏ MƏBƏDLƏR

0

Təbiidir ki, VII əsrdə müsəlmanların gəlişindən sonra Azərbaycanda İslam dininin yayılması ilə bağlı olaraq memarlığın da inkişaf yönü dəyişdi.

Memarlıqda yeni tipli binaların – məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt oldu. Məhz həmin dövrdən başlayaraq Azərbaycanda İslam memarlığı və İslam sənəti sürətlə inkişaf edir, bir-birindən gözəl və bənzərsiz sənət nümunələri yaradılırdı. İslam memarlığı İslamın əsas məqsədlərinə, hər şeydən əvvəl isə insanın nəzərlərini öz Xaliqi olan Allaha cəlb etmək məqsədinə yönəlmişdir.

Xüsusilə X-XII əsrlərdə Azərbaycan memarları zamanla ayaqlaşmağa çalışır, yerli tikinti materiallarını təkmilləşdirir, yeni dekor növləri tətbiq edir, yeni üsul və konstruksiyalar ixtira edirdilər. Azərbaycanın Bakı, Şamaxı, Beyləqan, Gəncə, Marağa, Təbriz kimi iri şəhərləri istedadlı memarların tükənmək bilməyən əməyi sayəsində çiçəklənir, məscid, minarə, mədrəsə kimi möhtəşəm abidələr ucaldılır, onların ətrafında müdafiə divarları və istehkamlar inşa edilirdi. Əslində isə dini memarlıqdakı bu fövqəladə yüksəliş Səlcuqlu imperatorluğu torpaqlarında İslamın yeni qızıl çağının nəticəsi olaraq meydana çıxırdı. Fəthlər zamanı Səlcuqlular ard-arda Xorasan, İran, İraq, Anadolu və Orta Şərqin digər ölkələrini, Alparslan və Məlik şah dövründə isə Azərbaycanı fəth etdi. Siyasi sabitlik, iqtisadi həyatın yaxşılaşması və mədəni fəaliyyətin davam etdirilməsi üçün ortaya çıxan şərtlər ölkədə memarlıq və bədii yaradıcılığın inkişaf etdirilməsinə təkan oldu. Səlcuqlular dövründəki ictimai və ideoloji inkişaf Azərbaycanın ortaq arxitektura xəttində ortaya çıxan bədii meyllərlə əks olunmuşdur. Bu dövrün əlverişli mədəni mühiti, əvvəlki əsrlərdən davam edən bədii və texniki təcrübə ənənələri yerli memarlıq və sənət məktəblərinin formalaşmasını təmin etdi. Aran, Təbriz, Naxçıvan, Şirvan və Abşeron memarlıq məktəbləri yarandı. Azərbaycan memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Müxtəlif nəbati ornamentlər və həndəsi fiqurlarla bəzədilmiş əzəmətli məscidləri, xanəgahları, türbə və məqbərələri görəndə İslam cəmiyyətlərində din ilə mədəniyyətin ecazkar sintezi, ayrılmaz vəhdətini duyur, dərk edirsən. Bu gün də Azərbaycanda İslam memarlığının təsviri və tətbiqi incəsənət abidələri öz etik və estetik əhəmiyyətini qoruyub saxlamaqdadır.

İslam cəmiyyətinin mədəni cəhətdən inkişaf etməsində mühüm rolu olan müəssisələrdən biri də məsciddir. Məscidlər İslam memarlığının ən mühüm abidəsi, müsəlman şəhərlərinin ən möhtəşəm nişanəsi və əvəzolunmaz simvolu olaraq bilinməkdədir. Tamamən vəqf əsəri olan məscidlər ibadət, təlim-tərbiyə, məhkəmə, toplantı və bu kimi çox geniş funksiyalı fəaliyyətlərin icrası üçün istifadə edilirdi. Ümumi mənada isə İslam dinində müsəlmanların Allaha kütləvi və fərdi ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi olaraq namaz qılınan məkanı ifadə edir. Məscidlər xüsusi ərazilərdə  dördbucaq kvadrat və ya düzbucaqlı, dairəvi ya da çoxbucaqlı,  günbəzli və minarəli bina üslubunda tikilirdi. Bir çox hallarda eninə və uzununa bərabər bölünmüş və tağlar vasitəsilə bir-birinə bağlanmış sütunlar üzərində inşa edilirdi. Adətən məscidlərin inşasında daha çox yerli inşaat materiallarından – bişmiş qırmızı kərpicdən, kubik və mərmərdən istifadə olunurdu. Sadə məscidlərdə  ibadət zalı, imam otağı və dəstəmazxana nəzərdə tutulurdu, külliyələrdə (kompleks məscidlərdə) isə ibadət zalı ilə bərabər dəstəmazxana, hamam, mürdəşirxana, yolçuların istirahəti üçün müsafirxana, yeməkxana, mədrəsə, kitabxana, qiraət zalları, idarə otağı və s. bölmələr inşa edilirdi. Məscidlərin daxili interyeri müxtəlif çini və boya növlərindən istifadə edilməklə daha çox nəbati ornamentlərlə və həndəsi fiqurlarla bəzədilir, yazılarda Quran ayələrindən istifadə olunurdu.

Kəbə istiqamətində tikilən məscidlərin ibadət zalının qiblə yönünə doğru olan divarında mehrab adlanan boşluq qoyulurdu. Mehrabdan sağda, bir qədər yüksəkdə minbər qurulur, oradan vaiz dindarlara xütbə oxuyur, yaxud müraciət edirdi. Bəzi hallarda isə minbərdən solda vaiz üçün xüsusi kürsü quraşdırılırdı. Azərbaycan ərazisi orta əsrlərdən dövrümüzə qədər gəlib çatmış memarlıq nümunələri və mənəvi ruhumuzu bəzəyə biləcək bir sıra dini-tarixi abidələr ilə zəngindir. Naxçıvandakı Mömünə Xatun və Yusif ibn Quseyr türbələri, Şamaxı Cümə məscidi, Şirvanşahlar saray kompleksi, Bərdə və Gəncə İmamzadə memarlıq abidələri, Qarabağ abidələri və bu kimi bir çox əsər müxtəlif dövrlərdə ortaya çıxmış Azərbaycan İslam memarlığının sənət nümunələridir.

Xalqımızın tarixi varlığının bir hissəsi kimi Azərbaycan İslam memarlığı nümunələri əsrlər boyu şüurlarda əhatəli dünyagörüşü formalaşdıran, həyat tərzinə və davranış qaydalarına təsir edən əsas amil olmaqla bərabər, bu gün də bütün həmvətənlərimiz üçün əzəmətli mənəviyyat abidələri  olaraq qalmaqdadır. Onsuz xalqın mədəniyyətini, mədəniyyət tarixini tam dolğunluğu ilə dərk etmək mümkün deyildir. Əsrlərdən bəri davam edən bu mənəvi ənənə sayəsində Azərbaycan İslam memarlığı daha da inkişaf edərək özünün yeni dövrünü yaşayır, tarixdən gələn bu misilsiz təcrübə ilə yeni-yeni əsərlər inşa edərək müasir və gələcək nəsillərə ərməğan edir.

MUSTAFA MAYİS ABBAS

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNKİŞAFIN AÇARI: OXUMAQ!

Son illərdə xüsusi bir elm sahəsi olaraq qəbul olunmasa da çox populyar olan şəsxiyyət və xarakter inkişafı insanın yenilənməsinə, fərdi...

Bağla