İSLAMDA DOSTLUQ

0

Bir möminin dünya və axirət xoşbəxtliyində mühüm rol oynayan faktorlardan biri də yoldaşlıq etdiyi dostlarıdır. Qurani-Kərim insanı cəhənnəmlik edən səbəblərdən birinin də pis dostlarla birlikdə olub onların davranışlarına ortaq olmaq olduğunu belə xəbər verir: “O gün zalım kimsə (peşmançılıqdan) əllərini dişləyərək belə deyəcəkdir: “Kaş mən Peyğəmbərin yolunu tutaydım. Vay halıma! Kaş (batil yolda olan) filankəsi özümə dost tutmayaydım”.[1] Bununla əlaqədar Həzrət Peyğəmbər (s.ə.s) belə buyurur: “İnsan (axirətdə) sevdiyi ilə bərabərdir”.[2]

Bu ayeyi-kərimə və hədisi-şərifdən də aydın olur ki, axirətdə insanı cəhənnəmə aparan yollardan biri də məhz doğru dostu seçməməkdir. Buna görə də Peyğəmbərimiz (s.ə.s): “İnsan dostunun dini üzrədir. Elə isə hər biriniz kiminlə dostluq etdiyinə diqqət eləsin![3] – buyuraraq möminlərin haqq yolun yolçuları ilə yoldaşlıq etmələrini tövsiyə etmişdir. Burada ciddi bir xəbərdarlıq vardır. Digər bir ayədə də Uca Allah: “Zalımlara meyil etməyin, yoxsa sizə də od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Əks təqdirdə, (əzabdan xilas olmağınız üçün) sizə yardım edilməz”.[4] – buyuraraq bizləri pis dost barəsində xəbərdar edir.

Elə isə kimlərlə dostluq etməliyik? Bu sualı da Qurani-Kərim belə cavablandırır: “Möminlər, möminləri qoyub kafirləri dost tutmasınlar![5] Bir mömin yalnız möminlə dost olmalıdır. Peyğəmbərimizi da bununla bağlı belə buyurur: “Yalnız mömin biri ilə dostluq et! Yeməyini də yalnız müttəqi insanlar yesin![6]

İnsanlardan mömin, sadiq və saleh olan kimsələrlə dost olmaq insanı xoşbəxtliyə aparar. Necə ki, Uca Allah: “Ey iman gətirənlər, Allahdan qorxun və sadiqlərlə (doğru insanlarla) birlikdə olun![7] – buyuraraq yaxşı dostlarla yoldaşlıq etməyi əmr edir. Çünki qəlbdən qəlbə yol vardır və insan istər-istəməz dostluq etdiyi kimsənin həyat tərzinə meyil salar.

Son olaraq Peyğəmbərimizin (s.ə.s) yaxşı dost və pis dostu müqayisə etdiyi hədisi-şərifə nəzər salaq: “Yaxşı dost və pis dostun misalı ətir daşıyanla körük çəkən insanlar kimidir. Ətir daşıyan ya sənə qoxusundan verər və ya sən ondan satın alarsan. Körük çəkənə gəlincə, ya paltarını yandırar, yaxud da sən onun naxoş qoxusunu hiss edərsən”.[8]

Nəticə etibarilə, İslam dini bizdən mömin və saleh kimsələrlə dostluq etməyimizi tələb edir. Ancaq onu da qeyd etmək lazımdır ki, dünyəvi işlərin nizamlanmasında etiqad prinsiplərimizdə güzəştə getmədən və İslami həssaslıq diqqətə alınaraq digər insanlarla sosial münasibətlər qurmaq İslama zidd deyildir.

f.f.d. Ələddin Sultanov

[1] Fürqan, 25/27-29.

[2] Buxari, “Ədəb”, 96.

[3] Əbu Davud, “Ədəb”, 16.

[4] Hud, 11/113.

[5] Ali İmran, 3/28.

[6] Tirmizi, “Zühd”, 56.

[7] Tövbə, 9/119.

[8] Buxari, “Büyu”, 38.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“VƏTƏN MÜHARİBƏSINDƏ TÜRKİYƏNİN TAM DƏSTƏYİNİN ŞAHİDİ OLDUQ”

“Azərbaycanla Türkiyə arasında mövcud olan münasibətlər bütün sahələrdə ən yüksək səviyyədə inkişaf edir və etməkdədir. Və dövlət başçılarımızın bilavasitə iştirakı...

Bağla